Ermənistan panika içində Siyasət

Ermənistan panika içində

"Müdafiə naziri" Qırmızı Xaç Komitəsindən kömək istədi

Cavid

Ötən gün qoşunların təmas xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus helikopteri vurması Ermənistan və onun havadarlarının narahatlığına səbəb olub. Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ötən gün qoşunların təmas xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus helikopteri vurmasına münasibət bildirib. Daha doğrusu Rusiyanın az qala Ermənistandaki hərbi canişini funksiyasını icra edən Nikolay Bordyuja hadisə ilə bağlı açıqlama verib.
Bordyija iddia edib ki, baş vermiş hadisə regionda vəziyyətin gərginləşməsinə təhrik edir: "Bu təhlükəli hadisə regionda vəziyyətin sonrakı gərginləşməsinə təhrikdir və bizim narahatlığımızı gücləndirir. Atəşkəsin dayandırılmasına dair razılıqlara ciddi əməl etmədən belə hadisələrin qarşısını almaq olmaz. Dağlıq Qarabağ probleminin nizama salınması üzrə aparılan danışıqlar prosesinin davamını təmin etmək əhəmiyyətlidir".
Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə naziri" Movses Akopyan isə ötən gün Azərbaycan Ordusunun məhv etdiyi hərbi vertolyotun qalıqlarını və ölən 3 pilotun cəsədini ərazidən götürmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə vasitəçi olması üçün müraciət edib.
Ermənistan mətbuatı xəbər verir ki, Akopyan vertolyotun cəhbə xəttinin neytral ərazisinə düşməsi səbəbindən meyitləri ərazidən çıxara bilmədiklərini və buna görə adıçəkilən komitədən Azərbaycana müraciət etmələrini istədiklərini bildirib.
Xatırladaq ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusu Ermənistana məxsus "Mİ-24" vertolyotunu məhv edib. Hadisə nəticəsində Ermənistana məxsus vertolyotdakı 3 erməni pilot ölüb.
Onu da bildirək ki, erməni mətbuatı Azərbaycan Ordusu tərəfindən dünən məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi vertolyotun ekipajında olan pilotların hər 3-nün adını açıqlayıb. Məlumata görə ekipaj komandiri 38 yaşlı mayor Sergey Saakyan İrəvandan olub və 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
Digər hərbi qulluqçu 25 yaşlı baş leytnant Sarkis Nazaryan da İrəvandan olub və 2006-cı ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
24 yaşlı Azad Saakyan isə Ermənistanın Çarentsavan şəhərindən olub və 2009-cu ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
Beləliklə, bu məlumatla erməni tərəfi yenidən özünü ifşa edib. Çünki Ermənistan tərəfi bundan öncə iddia edirdi ki, vurulan hərbi vertolyot guya, separatçı "Dağlıq Qarabağ Respublikası"na məxsusdur. Amma hər 3 pilotun Ermənistan Silahlı Qüvvələrinin hərbçisi olması barədə məlumatın açıqlanması əslində helikopterin Ermənistan Ordusunun olduğunu bir daha təqdiqləyir.
"İrəvan Qarabağda vurulmuş helikopterinə görə cavab zərbəsi endirməyəcək". Bu barədə isə tanınmış erməni jurnalist, "Regnum" agentliyinin İrəvan bürosunun redaktoru Ruben Qrdzelyan ötən gün yazdığı məqaləsində bildirib.
"Dağlıq Qarabağda son 20 il ərzində bərqərar olmuş atəşkəs dövründə baş vermiş çoxsaylı insidentlərin nəticəsinə görə qeyd etmək olar ki, Ermənistan tərəfi heç zaman kəskin və cəld əməliyyatlar apara bilməyib",- deyə jurnalist vurğulayıb.
O, Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı kəskin açıqlama verməsini də şərh edib və bunun yalnız daxili siyasətə ünvanlandığına işarə vurub: "Ancaq erməni tərəfindən güc reaksiyasını gözləməyə dəyməz. Rəsmi İrəvanın ilk reaksiyası da bunu göstərir. Hadisədən 10 saat sonra Xarici İşlər Nazirliyi qısam bir bəyanat verdi. Belə görünür ki, baş verənləri İrəvan döyüş meydanında deyil, tamamilə başqa müstəvidə istifadə etməyə çalışacaq", - deyə Ruben Qrdzelyan vurğulayıb.
Qeyd edək ki, hadisədən dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan isə qoşunların təmas xəttində helikopterinin vurulmasının cavabsız qalmayacağını demişdi. Təbii ki, bu cür boşboğaz bəyanatlar Ermənistanın Müdafiə Nazirliyi üçün xarakterikdir və rəsmi İrəvan hadisənin ölkədə xaosa yol aça biləcəyindən narahatdır.
Azərbaycan cəmiyyəti isə düşmənin təxribatına operativ və tutarlı cavab verilməsini haqlı addım sayır. Həm də hər kəs bu qənaətindədir ki, ermənilərin təxribatçı hərəkətlərinə daha əvvəldən sərt cavab vermək lazım idi.
"Məni bu gün ermənilərin Mi-24 helikopterinin vurulmasi ilə bağlı yaratdığı hay-küy deyil, əksinə ATƏT Baş katibi, Avropa İttifaqı və ABŞ-ın məsələyə bu qədər tez reaksiya verməsi narahat edir". Bunu açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, beynəlxalq aləmin, xüsusən də ATƏT və ABŞ-ın hadisəyə bu qədər tez reaksiya verəcəyini gözləmirdi: "Bildiyiniz kimi Azərbaycan vətəndaşları öz doğma torpaqlarında valideynlərinin məzarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən girov götürülür və üzərlərində saxta məhkəmə prosesi qurulur, ancaq yuxarıda adı çəkilən təşkilatlar bu günədək buna reaksiya verməyiblər. Hətta ABŞ Dövlət Departamentinin sözçüsü deyir ki, məsələ ilə bağlı kifayət qədər məlumatlı deyilik. Deyir ki, ATƏT MQ həmsədrləri məsələ ilə məşğuldur. Amma ermənilərin bir hərbi helikopteri özü də hava məkanını pozaraq təxribatçı manevrlər edərkən vurulur, ona həmən reaksiya verirlər".
Millət vəkili əlavə etdi ki, bir yandan da müxalifət hakimiyyətdən güc yolu ilə topaqları işğaldan azad etməməkdə qınayırlar: "Düzdür, prezident sərəncam verilən kimi itki bahasına olsa da torpaqlarımızı işğaldan azad edəcəyik. Amma mənim dediyim başqadır. Beynəlxalq təşkilatlar və güclü dövlətlər Azərbaycana işğal altında olan torpaqlarını azad etməyə imkan vermir. Yuxarıda söylədiyim faktlar bunu təsdiqləyir."
Ç.Qənizadə onu da əlavə etdi ki, hərbi helikopterin vurulması bütün beynəlxalq hüquq normalarına uyğundur: "Çünki vurulan mülki deyil, hərbi helikopterdir. Əgər mülki olsaydı, o zaman düşünmək olardı ki, onda mülki şəxslər ola bilər. Azərbaycan ordusu öz təhlükəsizliyini təmin etmək baxımından belə bir addım atıb və bu da tamamilə qanunauyğundur. Digər tərəfdən də artıq ermənilərə belə sərt reaksiya verməyin vaxtı çoxdan çatmışdı. Belə ki, iyul ayında etibarən ermənilər mütəmadi olaraq belə təxribatlar həyata keçirir və bunun layiqli cavab olmalı idi və bu da baş verdi".
Millət vəkili Fazil Mustafa da Ermənistanın ünvanına kəskin ittihamlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı davamlı təxribatçılıq cəhdində ittiham edən millət vəkili düşmənə xəbərdarlıq edib: "Ordumuz düşmən təxribatlarına layiqli cavab verməyə, bu təxribatların qarşısını qətiyyətlə almağa qadirdir. Son hadisələr bunu bir daha təsdiq etdi. Düşmən tərəfi də bilməlidir ki, bu cür təxribatları davam etdirəcəyi təqdirdə sərt cavabla rastlaşacaq".