BAXCP-dən Xocalı soyqırımı ilə bağlı müraciət Siyasət

BAXCP-dən Xocalı soyqırımı ilə bağlı müraciət

Partiya Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan siyasi təşkilatları öz ölkələrinin parlamentlərinə və hökumətlərinə Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etməyə çağırıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan siyasi təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə deyilir: “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Yuxarı Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırım aktı törədilib. 29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilib, yerli əhali, silahsız dinc sakinlər, o cümlədən uşqalar, qadınlar, yaşlı insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər. Yandırılan, ağır artilleriya atəşi ilə viran qoyulan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, Xocalı sakinlərinə yollarda, meşələrdə pusqu qurulurub və heç bir günahı olmayan insanlar xüsusi amansızlıqla öldürülüblər. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin ən amansız nümunələrindən biridir. Ermənistanən yürütdüyü bu siyasətin digər təzahürləri özünü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində büruzə verib və bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri ilə müşaiyət olunan etnik təmizləmə həyata keçirilib. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək xüsusi qəddarlıqla qətlə yetiriliblər. Bu cinayətlər nəticəsində onlarla mülki şəxs girov götürülüb və itkin düşüb. Qeyd edək ki, Ermənistanın insanlıq əleyhinə törətdiyi bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan bütün beynəlxalq sənədlərin, Beynəlxalq Humanitar Hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub. Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 2-ci maddəsinə əsasən, soyqırımı cinayəti kimi tövsif edilməlidir. Xatırladaq ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri, məhz bu məqamları nəzərə alaraq, Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı tanıyıblar. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. XX əsrin sonlarında bəşəriyyətin gözü qarşısında baş verən Xocalı soyqırımı Azərbaycan xalqı ilə yanaşı büyün insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir. Soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq birlik Xocalı soyqırımına lazımi siyasi və hüquqi qiymət verməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyiblər. Xocalı soyqırımının əsas təşəbbüskarları, təşkilatçıları və ən amansız icraçıları olan, törətdikləri bu dəhşətli müharibə cinayətlərindən məmnun olduqlarını dəfələrlə etiraf edən Ermənistanın sabiq prezidentləri, vaxtilə çevriliş və dinc insanların insanların qətlə yetirilməsi yolu ilə hakimiyyətə gələn Robert Köçəryan və Serj Sarqsyan isə bu gün də Ermənistanda hakimiyyətə can atır, Azərbaycan xalqına qarşı soyqırım cinayətlərini davam etdirmək üçün fürsət axtarırlar. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Xocalı soyqırımı kimi dəhşətli insan faciələrinə yol açan cinayətlərin yenidən təkrarlanmaması, günahsız insanların qətlə yetirilməməsi naminə Avropada Mühafizəkarlar və İslahatçılar Partiyasının üzvü və tərəfdaşı olan bütün siyasi təşkilatları Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması məqsədilə, onun soyqırımı və insanlıq əleyhinə törədilmiş cinayət aktı kimi tanınması üçün öz ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət etməyə çağırır".