Müharibənin dönüş nöqtəsi – Hadrutun fəthi Siyasət

Müharibənin dönüş nöqtəsi – Hadrutun fəthi

Prezident İlham Əliyevin Füzuli və Xocavəndə səfəri zamanı Hadrutun alınmasının əhəmiyyəti barədə səsləndirdiyi fikirlərdən sonra, həmin dövrdə sosial şəbəkələrin erməni, rus və ingilisdilli seqmentində, eləcə da sözügedən dillərdə yayımlanan informasiya vasitələrində yayımlanan rəy və şərhlərə yenidən nəzər salmaq qərarına gəldim. Maraqlıdır, həmin dövrdə nəinki ermənilərin, hətta Rusiya və Qərb mediasının, həmçinin ekspertlərinin bütün açıqlama, şərh və rəylərində israrla Hadrutun alınmasının mümkünsüzlüyü barədə iddialar irəli sürülür və Azərbaycanın sadəcə informasiya müharibəsi apardığı bildirilir. İndi həmin dövrdə yayımlanan məlumatlara və digər materillara nəzər salanda, acı təbəssümünü gizlədə bilmirsən. Sentyabrın 27-dən oktyabrın 4-dək olan müddətdə, yəni Cəbrayılın alınmasına qədər olan dövrdə əksər məlumatlarda və ekspert rəylərində Azərbaycanın bəzi yüksəkliklərə sahiblənməsindən sonra müharibənin tezliklə dayanacağından bəhs edilir. Müharibənin gedişində rəylər dəyişir, şübhəsiz. Təbii ki, Hadrutun işğaldan azad edildiyi zaman kəsiyinədək… Ermənilər və Azərbaycanın haq savaşında qalib gəlməsini istəməyənlər “Hadrut ermənilərdədir” deyə daş atıb başlarını tuturlar. Nə üçün? Hansı səbəbdən? Çünki Hadrutun azad edilməsi Azərbaycan ordusunun yolunu Şuşaya və digər ərazilərə açmaqla yanaşı, Ermənistan cəmiyyətinə, separatçılara və Azərbaycan torpaqlarında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə çox ciddi və sarsıdıcı bir mesaj verirdi. Məlum olduğu kimi, Hadrut ermənilər tərəfindən ən çox məskunlaşdırılan, infrastrukturu dağıdılmayan azsaylı ərazlərdən biri kimi diqqət mərkəzində idi və düşmənin bütün potensialı Xankəndi və Şuşa ilə yanaşı, həm də Hadruta yönəlmişdi. Hadrutun işğaldan azad edilməsi isə, o anlama gəlirdi ki, işğalçı ordu mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu isə öz növbəsində, Ermənistanda, həmçinin qanunsuz məskunlaşdırma və digər səbəblərdən Azərbaycan ərazilərində yaşayan ermənilərin Ermənistan ordusu ilə bağlı “məğlubedilməzlik” iddialarını sıradan çıxaracaq, mifləri məhv edəcək və Azərbaycanın bu müharibədə qalib gələcəyi mesajını verəcəkdi.
Digər tərəfdən, Hadrutun azad edilməsi prosesində Azərbaycan ordusunun beynəlxalq humanitar hüququn norma və prinsiplərinə sonunadək əməl etdiyi, mülki əhalini qoruduğu faktlarını ortaya çıxaracaqdı ki, bu da əsgər və zabitlərimizi, bütövlükdə isə xalqımızı dünyaya “qaniçən” kimi təqdim etməklə informasiya müharibəsində önə cıxmağa çalışan Ermənistanı və himayədarlarını pis vəziyyətə qoyacaqdı. Məhz bu səbəblərdən Hadrutun alınmadığı barədə iddialar və saxta məlumatlar, ekspert rəyləri fasiləsiz olaraq körüklənir, Azərbaycan ərazilərində qanunsuz şəkildə məskunlaşdıprılan ermənilərin Ermənistana qaçmaması, erməni ordusundakı fərariliyin daha da genişlənməməsi, məğlubiyyətin qaçılmaz olduğu barədə reallığın dərk edilməməsi üçün düşmənin bütün resursları işə salınırdı..
Bu, şübhəsiz ki, məsələnin siyasi və psixoloji tərəfidir. Hərbi aspektlərə gəldikdə isə, Azərbaycanın qələbəsinin labüdlüyünü əsaslandıran rəylərə diqqət yetirək:

Rusiyalı hərbi ekspert Vasili Kaşinin qənaətinə görə, Azərbaycanın qələbəsini şərtləndirən əsas səbəblərdən biri, silahlanmanın düşünülmüş, ciddi şəkildə planlaşdırılmış şəkildə aparılmasıdır: “Azərbaycan hakimiyyəti pulu havaya sovurmur, hərbi sahədə yeni tendensiyaları diqqətlə izləyir, Yaxın Şərqdəki müharibənin təcrübəsini öyrənirdi. Azərbaycan müharibəyə nümunəvi şəkildə hazırlaşmışdı.Həm də bu, təkcə hərbi deyil, siyasi, iqtisadi və təbliğat aspektlərini də əhatə edirdi”.
Hərbi ekspert, Rusiyanın “Arsenal Oteçestva” jurnalının redaktoru Viktor Muraxovski isə Hadrutun azad edilməsində və müharibənin davamında Azərbaycan ordusunun ehtiyatlı davrandığını, ciddi kəşfiyyat məlumatlarına əsaslanaraq hərəkət etdiyini bildirir.
Hadrutun azad edilməsinin təkzib olunmasının mümkünsüzlüyündən sonra, Azərbaycan ordusunun gücünü etiraf edənlərin sayı kifayət qədər çoxdur. Əlbətdə, qalib gələcəyi şübhə doğurmayan ölkənin yanında kim olmaq istəməz ki...

Elçin Mirzəbəyli