Ermənistanda gözlənilən parlament seçkiləri 10 noyabr razılaşmasına mane ola bilməz - ŞƏRH Siyasət

Ermənistanda gözlənilən parlament seçkiləri 10 noyabr razılaşmasına mane ola bilməz - ŞƏRH

Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri arasında imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları qarşılıqlı öhdəlikləri nəzərdə tutur. Bu bəyanatlara əsasən, zəmanətçi ölkə olan Rusiya da öhdəliklərin yerinə yetirilməsində məsuliyyət daşıyır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, yəni Rusiyanın öhdəlikləri bəyanatın müddəalarının nəzərdə tutulan zaman kəsiyində yerinə yetirilməsidir:

“Eyni zamanda Ermənistanda baş verə biləcək hakimiyyət dəyişikliyi də bəyanatların icrasına hər hansı bir formada təsir göstərə bilməz. Burada zəmanətçi ölkənin məsuliyyəti ilə yanaşı, bəyanatların Ermənistan dövləti adından imzalanması və təbii ki, öhdəliklərin də dövlət adından götürülməsi faktoru da var ki, hakimiyyət dəyişiklikləri, seçkilər və digər bu kimi məsələlər dövlətlərin öhdəliklərinə hər hansı bir formada təsir göstərməməlidir.

10 noyabr 2020-ci bəyanatında sənədi imzalayan dövlətlərin birtərəfli qaydada öhdəliklərindən imtinası barədə heç bir müddəa yoxdur. Bu isə öhdəliklərin yerinə yetirilməsindən imtina edilməsinin mümkünsüzlüyü anlamına gəlir”.

E.Mirzəbəyli qeyd edib ki, iki və daha çox ölkə arasında imzalanan bəyannamə və yaxud sazişlər beynəlxalq müqavilə statusu daşıyırlar: “Beynəlxalq müqavilələr (bəyanatlar, bəyannamələr, sazişlər və s.) beynəlxalq hüququn ən vacib elementləridir. Beynəlxalq müqavilələr hüququ haqqında Vyana Konvensiyasına əsasən, dövlətlər arasında imzalanmış bütün yazılı sənədlər beynəlxalq hüququn tərkib hissəsi sayılır və beynəlxalq hüquqi qüvvəyə malik olurlar. Konvensiyanın 7-ci bəndində qeyd olunur ki, dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin imzaladığı sənədlər onların təmsil etdikləri dövlətlərin adından imzalanır və bunun üçün onlara əlavə səlahiyyətlərin verilməsinə ehtiyac duyulmur.

Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan 10 noyabr 2020-ci il bəyanatını Ermənistan dövləti adından imzalayıb və gələcəkdə onun belə bir səlahiyyətə malik olmadığı ilə bağlı hər hansı bir bəhanə gətirilə bilməz. Həmçinin onu da xatırladım ki, 10 noyabr bəyanatı Vyana Konvensiyasına əsasən, ratifikasiyasına ehtiyac duyulmayan sənədlər siyahısına daxildir. Çünki bəyanatda sənədin ratifikasiya olunduqdan sonra qüvvəyə minməsi barədə heç bir müddəa yer almayıb. Başqa bir amil isə, şübhəsiz ki, Azərbaycanın öhdəlikləri, daha doğrusu rəsmi Bakının Ermənistanın kapitulyasiyasına mövcud şərtlər daxilində razılıq verməsidir. Əgər Ermənistan öhdəliklərini yerinə yetirməzsə, o zaman Azərbaycan prosesin davamını gətirəcək və ölkəmizin etnik ermənilər yaşayan ərazisində suveren hüquqlarının tam təmin olunması prosesini dərhal, həm də təxirəsalınmaz tədbirlərlə yekunlaşdıracaq”.