“Şuşa Bəyannəməsində Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkilinin qeyd olunması...” Siyasət

“Şuşa Bəyannəməsində Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkilinin qeyd olunması...”

İlyas Hüseynov: “Bölgənin təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm rola malikdir”

“Bütün dünyanı yaxından maraqlandıran, beynəlxalq platformalarda önəmli və gərgin görüşlərin keçirildiyi bir dönəmdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın dost və qardaş Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşada imzalanan Bəyannamədə iki dövlət arasında əlaqələri yeni geosiyasi reallıqlarından çıxış edərək uyğunlaşdırılması və onların perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində bir sıra vacib məqamlar var”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti xüsusilə diqqət çəkir: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoyması dostlarımızı sevindirməklə yanaşı, bizi istəməyən qüvvələrə də çox ciddi mesajdır. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artırır. Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruridir. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirilir”.
Onun fikrincə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti mühüm rola malikdir: “Müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan və öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının nəticəsi kimi siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi inkişaf və tərəqqi üçün əlverişli zəmin formalaşdırır: “Aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bundan sonra artırılacaq və hər iki dövlət bir-birinin yanında daha da möhkəm duracaqdır. Müştərək milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyət daha geniş məna kəsb edəcəkdir. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkilinin Şuşa Bəyannəməsində qeyd olunması düşünürəm ki, bölgənin təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm rola malik olmaqla yanaşı, Azərbaycan və Türkiyə arasında strateji münasibətləri daha da dərinləşdirir”.
Politoloq əlavə edib ki, iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi müasir standartlara cavab verən ordu quruculuğunun həyata keçirilməsi istiqamətində mühüm addımdır: “ Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi bundan sonra daha intensiv xarakater alacaq.
Ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin keçirilməsi və bu sahədə sistematik məsləhətləşmələrin aparılması müşahidə olunacaq.
Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi ilə yanaşı, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı tez bir zamanda bölgədəki sülhün dayanıqlığını artıracaq.
Azərbaycan və Türkiyə diasporu arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi, milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsi, eyni zamanda Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə vurduğu ziyanla əlaqədar 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərinin qətiyyətlə dəstəklənəcək.
Vətən müharibəsində informasiya seqmentində səmərəliliyi ilə seçilən Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq bundan sonra daha da gücləndiriləcəkdir. Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlər, zənn edirəm ki, bundan sonra daha da sıx müşahidə olunacaq.
Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyət daşıması və bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələri ilə bağlı atılan addımlar Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq tellərinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın dost və qardaş Azərbaycana tarixi səfərin bir cümləyə sığan yekunu var: “Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq!”.

Əli Zülfüqaroğlu