Şərqdə ilk demokratik-hüquqi dövlət Layihə

Şərqdə ilk demokratik-hüquqi dövlət

Əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi

II yazı

Şərqdə ilk demokratik-hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçilik tariximizin şərəfli səhifələrindən biridir. 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq səviyyədə tanındı. Bu tarixdən sonra Azərbaycanın müstəqil bir dövlət olaraq dünya miqyasında bərabər hüquqlu yaşaması üçün geniş imkanlar yarandı. Ancaq bir neçə ay sonra ölkəmiz Rusiya imperiyasının təməli üzərində qurulmuş bolşevik Rusiyası tərəfindən amansızcasına işğal olundu.
1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də Azərbaycanda bu hadisə parlamentdə qeyd edildi. Yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü.
I Dünya Müharibəsinin sonuna yaxın Avropada, habelə dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Birinci Dünya müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, daxilində vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin gərəkliyini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Professor Qüdrət Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolu ilə bağlı bunları bildirir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır". Q.Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əməllərinin ürəklərdə daha dərindən kök salması üçün millli yaddaş tərbiyəsinin, ənənəsinin gücləndirilməsini arzulayır: "Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı - sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində reallaşması zəruriliyini nəzərə alaq".
Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir".
Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin bir şəraitdə qurulmuşdu. Gerçək mənada Cümhuriyyətin qurulması, yaşaması üçün heç bir imkan yox idi. Cümhuriyyət qurucuları sözün əsil mənasında hünər göstərdilər. Professor Qüdrət Əbdülsəlimzadə qeyd edir ki, belə bir çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasətinin cari və perspektiv konturları, onun lideri Məhəmməd Əmin Rəsulzadənin "Fikri, milli və siyasi istiqlalın kökü - İstiqlaldır" ideyası əsasında formalaşmışdı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin cəmiyyətdə iqtisadi əsasını təşkil edən mülkiyyət-əmlak münasibətlərinin dəyişdirilməsi prosesindəki təmkinli mövqeyi, aqrar-torpaq islahatlarına dair müxtəlif variantların hazırlanaraq parlamentdə geniş müzakirəsi, sənaye sahələrinin inkişafına dair xətti, maliyyə-pul-valyuta siyasəti, inflyasiya prosesləri ilə bağlı tədbirləri, ölkənin xarici iqtisadi-ticarət əlaqələrini genişləndirməsi səyləri, iqisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki addımları, əhalinn güzəranını yaxşılaşdırmaq, təhsil, səhiyyə, habelə digər sahələrdəki fədakar və düşünülmüş fəaliyyəti əsil Milli Hökumət qayğılarının danılmaz ifadəsi idi.
Milli Hökumətin dünya təsərrüfat həyatının acılı-şirinli təcrübəsinə əsaslanaraq konkret Azərbaycan reallıqlarını, eyni zamanda daxili-xarici təsir qüvvələrini nəzərə almağa çalışan iqtisadi tədbirlərinin həyata keçirilməsi gedişində təkamül yolunun seçilməsi, şübhəsiz, uzaqgörənlik və müdriklik kimi qiymətləndirilməlidir. Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi: "Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı... Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi. Torpaq və ondan istifadə məsələlərinə gəlincə, M.Ə.Rəsulzadə bu qənaətdə idi ki, hər bir əkinçi özü əkib-becərdiyi torpağa sahibliyini qəbul etməklə yanaşı "Azərbaycan islahatları geniş torpaqları "ölü halında" (istifadəsiz) saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi". Belə bir yol, konkret reallıqları nəzərə alan uzaqgörən iqtisadi siyasətin nəticəsi idi".
Mürəkkəb daxili və ziddiyyətli xarici vəziyyət şəraitində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ölkənin təsərrüfat həyatının müxtəlif sahələrinin bərpa olunub canlanması, habelə bu təməldə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, onun sosial qayğılarının həlinə çalışmışdı. Bütün çətinliklərə baxmayaraq ilk növbədə milli iqtisadiyyatın aparıcı sahəsi sayılan neft sənayesi böhran vəziyyətindən çıxarılaraq onun məhsullarının qonşu ölkələrə və dünya bazarına ixacına nail olunmuşdu. Azərbaycan parlamentində neft istehsalı, satışı, onun üzərində nəzarətlə bağlı dəfələrlə hökumətin məlumatları dinlənilmiş, bu sahənin işinin yaxşılaşdırımasına dair bir sıra qanunverici sənədlər qəbul edilmişdi. 1918-ci ilin sonlarında Bakı-Batum neft kəmərinin bərpa olunub işə salınması Milli Hökumətin daxili vəziyyətinin sabitləşməsi və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük rol oynamışdı. Təşkil olunub fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından sayılan milli pul vahidini tədavülə buraxmış, Azərbaycan Dövlət Bankı yaradılmış, maliyyə-kredit və vergi-gömrük sistemi formalaşdırılmış, Xəzər gəmiçiliyinin inkişafına ciddi qayğı göstərilmiş, Bakı-Culfa dəmir yolu xəttinin inşası başa çatdırılmış, Kür çayı üzərindən yeni körpü salınmış, ölkə ərazisində nəqliyyat rabitə, poçt-teleqraf, telefon əlaqələri nizama salınmış, xarici dövlətlərdə yüksək ixtisaslı milli kadrların hazırlanması işlərinə başlanmış, yeni məktəblər açılmış, yaşlı əhalinin savadsızlığını aradan qaldırmaq üçün xüsusi gecə kursları təşkil olunmuş, ilk ali təhsil ocağı sayılan Bakı Dövlət Universiteti fəaliyyətə başlamışdı".
Q.Əbdülsəlimzadə daha sonra deyir: "Şərqin astanasında müstəqillik, demokratik dəyişikliklər, Azərbaycançılıq, müasirləşmə ideyalarının carçısı və onun əməli nümunəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti öz gərgin, səmərəli fəaliyyəti ilə əsil Milli Hökumət olduğunu sübut etdi. İllər keçəcək, qərinələr dolanacaq, yüzillər ötəcək, o unudulmaz günlərin, onun iştirakçılarının liderlərinin parlaq şöhrəti solmayacaq. Tarixi hadisələrin və siyasi xadimlərin, habelə əsil şəxsiyyətlərin dəyəri, onların ümumiyyətlə, nə etdikləri ilə deyil, ilk növbədə əvvəlki nəsillərə, öz sələflərinə nisbətən yeni nələr etdikləri, qurduqları, yaratdıqları ilə müqayisədə ölçülüb qiymətləndirilir. Bu mənada Azərbaycan cəmiyyətinin milli-azadlıq hərəkatını canlandıran, proseslərə yeni nəfəs gətirən, onun önündə gedən, idarə edən, millətinin istiqlalı yolunda çalışan, "İstiqlal Bəyannaməsi"ni elan edən, Hökumət quran, parlament yaradan, müstəqilliyini beynəlxalq aləmdə tanıdan Vətən övladlarının adları, xidmətləri unudulmazdır".

Uğur