QHT-lərin problemləri və sosial təsəvvürlər Layihə

QHT-lərin problemləri və sosial təsəvvürlər

"Üçüncü sektor"dakı problemlər bütün post-sovet məkanında mövcuddur

Azərbaycanda Qeyri-Hökümət Təşkilatları (QHT) və vətəndaş cəmiyyəti barədə tez-tez müzakirələr aparılır. Əgər indiyə qədər gedən müxtəlif müzakirələrin məzmununa ümumi olaraq baxılsa, bu müzakirələrin ilk növbədə QHT-lər və vətəndaş cəmiyyəti haqqında ilkin məlumatlardan aparıldığını müşahidə etmək olar. Təəsüf ki, bir çox insanlar aşağıda şərh ediləcək səbəblərdən bu mövzuya daxil olanda yanlış təsəvvür əsasında düşüncələr ortaya qoyurlar. Bu baxımdan ölkədə şərh edilən sahəyə aid sosial təsəvvürləri nəzərdən keçirməyə ehtiyacı var.
Onu da qeyd edək ki, Azərbaycanda QHT-lərin fəaliyyəti heç də tam şəkildə rəvan getmir. Əlbəttə, faktiki fəaliyyət olan yerdə inkişaf və problemlərin olması da adi məsələdir. Qeydiyyata alınmayan QHT-lər fəaliyyət göstərə bilmədiklərindən şikayətlənirlər və bu məsələdə müvafiq orqanları ittiham edirlər. Qeydiyyata alınan və hətta QHT-lərə Dövlət Dəstəyi Şurasından qarnt alan vətəndaş cəmiyyəti qurumları isə əksər hallarda qrantın azlığından şikayətlənirlər. Qrant almayan QHT-lərin də öz problemləri mövcuddur. Bundan başqa regionda fəaliyyət göstərən QHT-lərdə kadr çatışmazlığı da həllinə tapmayan problemlər sırasındadır. Bir çox QHT-nin kadr hazırlığı potensialının zəifliyi və beynəlxalq əməkdaşlıq məsələlərində yaranan problemləri də qeyd etmək olar. Bütün hallarda Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti artır.
Ədəbiyyatda vətəndaş cəmiyyətinə müxtəlif anlayışlar verilir. Hətta bu söz birləşməsinin dilimizə tərcüməsinin necə olması da müzakirə mövzusudur. Vətəndaş cəmiyyəti "açıq, könüllü, özü-özünü formalaşdıran, ən azından qismən özü-özünü dəstəkləyən, dövlətdən muxtar və hüquqi qaydalarla və ya bölüşülən normalar toplusu ilə bağlı olan təşkilatlanmış sosial həyat sferasıdır… O vətəndaşların publik sferada kollektiv şəkildə özlərinin maraqlarını, aruzlarını, seçimlərini və ideyalarını ifadə etməyini, informasiya mübadilə etməsini, kollektiv məqsədlərə çatmasını, dövlətdən tələblər etməyini, dövlətin struktur və fəaliyətini inkişaf etdirməyini və dövlət rəsmilərini hesabatlı saxlamağını əhatə edir".
İstinad edilən anlayış paralel xarakterli anlayışlar kimi universal sayılmaqla bərabər daha çox Qərb tipi liberal demokratiyalarda olan anlayışı əhatə edir. Post-sovet məkanına gəldikdə mövcud anlayışdan kənara çıxmalar meydana gəldi
QHT nə hökümətin bir parçası, nə də gəlir əldə etmək məqsədi daşıyan bizneslə əlaqədar olmayan təşkilatdır.
Göstərilən fərqləndirmə əsasında müəyyən etmək olar ki, vətəndaş cəmiyyəti bəlli sahəvi QHT-dən geniş anlayışdır. Baxmayaraq ki, vətəndaş cəmiyyəti əsasən QHT formasında təzahür edir; lakin bu kateqoriyalar arasında bərabərlik işarəsi qoymaq üçün yetərli deyil. QHT heç də vətəndaş cəmiyyətini özündə ehtiva etmir. Vətəndaş cəmiyyətinin əsas xarakterik xüsusiyyətləri onun dövlətdən avtonom olması, təşkilatlanmış olması (QHT formasında olmasa da olar), birbaşa iqtisadi gəlir əldə etmək fəaliyyəti ilə əlaqədar olmamasıdır.
Ekspert Səməd Rəhimlinin sözlərinə görə, 2014-cü ildə vətəndaş cəmiyyətinin zəifliyi məsələsi müzakirə oldundu. Vətəndaş cəmiyyəti sadəcə Azərbaycanda müşahidə edilən sosial fenomen deyil. Bu hal hardasa post-sovet ölkələrinin hamısında müşahidə edilir. Hətta demokratik dəyişiklikləri yaşayan və azad seçki təsisatlarını əsasən formalaşdırmış post-sovet Avropa ölkələrində belə vətəndaş cəmiyyətinin zəifliyinə dair ədəbiyyatda müvafiq yayımlar olmuşdur. Post-kommunist sferada vətəndaş cəmiyyəti Qərb ictimaiyyətinin və 1989-1991-ci il tarixlərində olan gözləntiləri doğrultmayıb (məsələn, Marc Howard, Georgetown Universitetinin əsas tədqiqatlarından birinin predmeti post-kommunist Avropasında vətəndaş cəmiyyətinin zəifliyidir). Eləcə də 1990-cı illərin sonundan başlayaraq müxtəlif müəlliflər bu mövzuya müraciət ediblər.
Beləliklə, post-kommunist məkanında vətəndaş cəmiyyətinin zəifliyi mövzusu Qərb ictimaiyyət və akademik dairələrində Azərbaycanda bu mövzunun fərqli qoyulmasından daha əvvəl xəbərdar idilər. Burada artıq digər sual çıxır: niyə post-kommunist ölkələrində vətəndaş cəmiyyəti güclənə bilmir?
Əslində, burda iki qrup səbəbləri göstərmək lazımdır. Əsas da nəzərə alsaq ki, vətəndaş cəmiyyətinin xüsusiyyətlərindən birini təşkil edən iştirakçılığı – üzvlük bazasını yarada bilmədən QHT-lərin davamlılığını təmin etmək mümkün deyildi.
Post-kommunist ölkələrdə vətəndaş cəmiyyətinin vəziyyətinin ikinci başlıca səbəbi dostluq (şəxsi) şəbəkələrin davamlılığıdır. Belə ki, kommunizm quruluşu altında canlı şəxsi şəbəkələr inkişaf etdi. İctimai sferanın yüksək politizasiyası nəticəsində bir çox insanlar özlərini açıq şəkildə etibar edilmiş yaxın dostlar dairəsi və ailə vasitəsilə ifadə edirdilər. Bundan əlavə, iqtisadiyyatın tənəzzülü ilə bərabər mallara çatımlılıq azaldıqda bu tipli əlaqələr insanların bazarda tapılmayan məhsulları tapmaqda həyati rol oynadı.
Hazırda da şəxsi sfera, yaxın dostlar şəbəkəsi və ailə hələ də post-kommunist ölkələrində vacib rol oynayır. Bu baxımdan Qərb ölkələrində könüllülük əsasında təşkilatlar əhəmiyyətli rol oynasa da, pos-kommunist məkanında hələ də şəxsi dairələr üzrə şəbəkələşmə ənənəsi ciddiliyini qoruyur.
Vətəndaş cəmiyyətinin zəifliyinin üçüncü səbəbi isə sosialist sistemin çökməsindən sonra siyasi və iqtisadi inkişafın "uğursuz" axarı ilə birlikdə yaranan geniş məyusluq hissləridir. Təəssüf ki, sovet dövlətinin çökməsindən sonra bir çox ölkələrdə uğurlu tranzit alınmadığına görə bu 1989-1991-ci illərdə mövcud olan ruh yüksəkliyinə mənfi təsir göstərib.
Yuxarıda da vurğulandığı kimi Azərbaycan və ümumiyyətlə post-kommunist məkanı kontekstində vətəndaş cəmiyyəti Qərb ölkələrindən fərqli anlam qazanıb. Məsələn, Qərb ölkələrində vətəndaş cəmiyyəti institutları deyərkən kilsə və ya dini təşkilatlar, idman və ya rekreasiya klubları, təhsil, mədəni, incəsənət təşkilatları, əmək birlikləri, xeyriyyə təşkilatları nəzərdə tutularkən, Azərbaycanda bu daha çox insan hüquqları ilə məşğul olan QHT-ləri əhatə edirdi. Sovet hakimiyyətinin çökməsindən sonra Qərb institutları vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün bu ölkələrdə QHT-lərə maddi və texniki dəstək göstərməyə başladılar. Belə olduqda yerli QHT-lər de-facto vətəndaş cəmiyyəti kursunu əhatə etdilər. Halbuki vətəndaşların qeyri-institusional birlikləri də vətəndaş cəmiyyətinin bir parçasıdır. Amma Azərbaycanda vətəndaş cəmiyyəti diskrusu onlara aid edilmir.
Azərbaycanda yuxarıda qeyd edilən səbəblərdən QHT-lər üzvlük institutu əsasında fəaliyyət göstərə bilmirlər, bu halda özləri özlərini qismən də olsa bu yolla maliyyələşdirə bilmirlər. Eləcə də kütləviləşə bilmirlər.
Qeyd etdik ki, Azərbaycanda QHT-lər haqqında sosial təsəvvürlər mənfidir. Bunun əsas izahı sovet mirasıdır. Azərbaycanda müstəqil QHT-lər əgər qeydiyyata alınmışdırsa, Ədliyyə, Vergilər və Maliyyə Nazirlikləri vasitəsilə ciddi nəzarət olunur. Qeydiyyata alınmayan QHT-lərin isə bank əməliyyatları çox rahatlıqla dövlətin nəzarətindədir.
Yaxşı bəs QHT-lərə nə qədər pul daxil olurdu və nəyə xərclənirdi? QHT-lərə daxil olan pulları çox rahatlıqla internet vasitəsilə donorların internet saytlarında tapmaq olar. Bir də qeydiyyata alınmış QHT-lərlə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baza yaradılıb. QHT-lərin xərcləri bu civarda deyildi. İşçilərinə də beynəlxalq təşkilatlar qədər pul ödəmirdilər. Büdcələri də bundan azdır. Eləcə də QHT-lər öz təşkilatlarının üzvlük haqqı və digər maliyə mənbələri ilə formalaşmış büdcəsi ilə deyil, qrant layihələri hesabına mövcud ola bilirdilər. Bu baxımdan yerli müstəqil QHT-lərin problemi qrant vəsaitlərinin nəzərdə tutulmayan məqsədlər üçün xərclənməsi deyil. Problem daha çox xərclərin necə rəsmiləşdirilməsidir. Çünki beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda QHT-lər ölkə reallığında fəaliyyət göstərirlər. Azərbaycanda isə rəsmiləşdirmə məsələlərində ciddi problemlər var və QHT-lərin problemi deyil. Bu Azərbaycanda informal iqtisadiyyatın problemidir. Ölkədə bütün qurumlar informal iqtisadiyyata görə rəsmiləşdirmə problemləri ilə qarşı-qarşıya qalırlar. Müstəqil QHT-lər beynəlxalq təşkilatlarla daha çox təmasda olduqlarına görə ölkədə olan digər qurumlara nisbətdə daha dolğun rəsmiləşdirmə apara bilirdilər. Bu səbəblərdən ölkədə rəsmiləşdirmə problemlərinə görə bu sahədə ən az məsuliyyəti olan çevrəni təqsirləndirmək düzgündürmü?
Bu yazı çərçivəsində Azərbaycanda post-kommunist məkanını nəzərə almaqla, QHT-lərin qarşılaşdıqları problemlər, vətəndaş cəmiyyətinin zəifliyinin səbəbləri və QHT-lər haqqında sosial təsəvvürlər nəzərdən keçirildi. Mövzu üzrə o hasil oldu ki, post-kommunist məkanında sovet mirası, şəxsi münasibətlərin davamlılığına görə vətəndaş cəmiyyəti struktural olaraq zəifdir, QHT-lərin problemləri də var. Buna baxmayaraq, vətəndaş cəmiyyəti institutları demokratik tranziti yaşayan dövlətlərlə eyni xarakterli dövlətlər müqayisə oldunduqda QHT-lərin tamamilə qeyri-funksional və heç bir işə yaramayan vasitələr olmadığı aydın olur və sübutlarla təsdiqlənir. Eləcə də yazı çərçivəsində QHT-lər haqqında sosial təsəvvürlərin bəzən miflərdən ibarət olması göstərilir. Amma bunlarla yanaşı ölkəmizdə QHT sektoru özünəməxsus şəkildə formalaşıb və inkişaf edir.


Cavid