
Ölkəmiz Şərq ilə Qərb arasında körpüdür
(əvvəli ötən sayımızda)
Lakin doğrudanmı Qoca Şərq müasir Qərb dünyasını ancaq tarixi ilə, keçmişi ilə, ekzotikliyi ilə cəlb edir? Və doğrudanmı daha Şərqin deməyə yeni sözü qalmayıb? Bəli, son əsrlərdə məhz belə bir tendensiya hiss olunmaqda idi. Çoxları elə düşünürdü ki, indi daha qədim ticarət yollarını turist yolları əvəz edə bilər. Təyyarələr, çarter reysləri həqiqətən daha çox dərəcədə turistlərə xidmət edir. Onların yükləri də çox vaxt məhz keçmişə söykənən suvenirlərdən ibarət olur.
Qərbin Şərqə marağı daha çox dərəcədə gəncliyin ağsaqqalla görüşü, keçmişdən ibrət dərsi almaq xarakteri daşıyır. Təsadüfi deyildir ki, Şərqlə Qərb arasındakı dialoqun başlıca istiqamətlərindən birini indi mədəniyyətlər arasındakı mübadilə təşkil edir. Lakin son illərdə başqa meyl də getdikcə güclənməkdədir. Qədimdə ipək gedən yollarla indi neft və qaz nəql olunmağa başlayıb.
Yolların da rolu yenidən artmağa başlayıb. Düzdür, Böyük imperiyalar dövrü artıq çoxdan keçib. Amma böyük siyasətlər dövrü hələ keçməmişdir. Əksinə, indi siyasətin rolu daha çox artmağa başlayıb. Əvvəllər qılıncın dediyi sözləri də indi iqtisadi mənafelərə əsaslanan siyasət deyir. Tarixdən yaxşı məlumdur ki, müharibələr siyasətə müdaxilə edəndə siyasət gözəlliyini də itirir. Siyasi münasibətlərin öz labirintləri var və bu labirintdən ancaq böyük siyasətçi, bələdçinin köməyi ilə çıxmaq mümkündür. Lakin çox təəssüf ki, qaba qüvvət, müharibə taktikası ölkələr arasında incə siyasət körpüsünü dağıtmış, qarşılıqlı iddialar, hərbi və siyasi qarşıdurmalar yaradıb.
Əgər müxtəlif ölkələr sərvətlərinə görə eyni olsa idilər, bəlkə də bu qədər müharibələr olmazdı. Əgər dünyanın bu başından o biri başına qədər yol keçən müxtəlif yüklü dəvə karvanları rahatca gedib-gələ bilsəydilər beynəlxalq münasibətlər tarixində də hərb və siyasət deyil, ticarət ön yerdə durardı.
Ancaq tarixdə ipək yüklü dəvə karvanları ilə yanaşı həmişə əliqılınclı süvari dəstələri də olub. Qitələri, diyarları birləşdirən sülh məramlı tacirlərlə, karvanbaşılarla yanaşı, ölkələr arasında sərhədlər çəkən, ticarət əlaqələrindən bac-xərac tələb edən sərkərdələr, xanlar, xaqanlar da olub. İqtisadiyyat, ticarət dünyanı birliyə, vəhdətə sövq etdiyi halda, rəyasət və siyasət dünyanı parçalanmağa və hərənin öz ağalıq zonasını yaratmasına yönəlidir.
Neçə-neçə imperiyaların ərazisindən və nüfuz dairəsindən keçən qanlı-qadalı Böyük İpək Yolu isə bütün çətinliklərə baxmayaraq, min illər ərzində yaşamağa davam edib. Ancaq XVI əsrdə nisbətən az xətərli olan okean yolları kəşf olunduqdan sonra, Böyük İpək Yolu da nəfəsini dərmək üçün bir qədər arxa plana keçib, karvanları okean gəmiləri əvəz edib.
Azərbaycanın müstəqil dövlət kimi yeritdiyi beynəlxalq iqtisadi siyasət imkan verdi ki, daha kəsə və iqtisadi cəhətdən əlverişli ticarət yolu – ümumiyyətlə beynəlxalq əlaqələrin bütün sahələrini əhatə edən yeni yollar salınsın. Məlum oldu ki, bu, vaxtilə min illər boyunca fəaliyyət göstərmiş İpək Yolunun yeni variantı ola bilər. Hələ o vaxt ən optimal yol İpək Yolu idi. Qədim İpək Yolunun prioritetliyi b.e.ə. III-II əsrlərdən başlayaraq XVI əsrə qədər davam edib.
XV-XVI əsrlərdə, bir tərəfdən imperiyalar arasında münasibətlərin kəskinləşəməsilə əlaqədar olaraq, digər tərəfdən Şərq ölkələrindən – Çindən, Hindistandan, Orta Asiyadan quru yolla aparılan məhsulların istehsal texnologiyasının artıq neçə illər, əsrlər ərzində Qərb ölkələrində mənimsənilməsi sayəsində ticarətdə prioritetlər xeyli dərəcədə dəyişildi. Bəzən məhsulların ixracı ilə paralel olaraq ixtisaslı kadrlar və texnologiyalar ixrac olunurdu və ticarəti yerli istehsal əvəz edirdi. Ona görə də XVI əsrdən sonra müxtəlif səbəblər nəticəsində bir neçə əsr ərzində İpək Yolu fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmışdır. O vaxt bu yol daha çox dərəcədə Cənubi Azərbaycan ərazisindən keçirdi və XVI əsrdən sonra Çindən gedən ipəyin məhdudlaşması nəticəsində Azərbaycan ipəyinin Qərbə ixracı daha da genişləndi. XVII-XIX əsrlərdə Azərbaycanda ipəkçilik, həm də Şərq ölkələri üçün ənənəvi olan bir sıra digər məhsulların ixracı genişlənirdi. Yeni dövrdə Azərbaycan daha çox rol oynamağa başladı.
Amma məhz Azərbaycanın müstəqillik əldə etməsi, bütün dünya ölkələrinə münasibətdə açıq iqtisadi siyasət yeritmək strategiyasını seçməsi, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, Azərbaycanın iqtisadi cəhətdən ciddi partnyor kimi qiymətləndirilməsi və təsdiq olunması – bütün bunlar elə bir perspektiv açdı ki, yenidən bərpa olunacaq ticarət yolunda Azərbaycan mərkəzi yerlərdən birini tutdu. Düzdür, analoji statusa Orta Asiya ölkələri də malikdir, onlar da müstəqil ölkələrdir, böyük xammal ehtiyatları var. Lakin Azərbaycan Asiya ilə Avropa arasında xüsusi strateji mövqe tutur. Azərbaycan həm Xəzər dənizi ilə birbaşa əlaqəsi olduğuna, Orta Asiya ölkələrilə əlaqələr yaratmaq imkanlarına, həm də son illərdə vaqonların, böyük avtomobillərin, yük maşınlarının bərə ilə keçirilməsi asanlaşdığına görə müəyyən üstünlüklərə malikdir. Ən başlıcası isə Azərbaycanın və ona rəhbərlik edən şəxsiyyətin dünya nüfuzuna malik olması və onun simasında iqtisadi əlaqələrin, bağlanan müqavilələrin etibarlılığı Qərb dünyasında bu yolun bərpa olunmasına həvəsi artırır və onu təminatlı edir. Eyni zamanda, Uzaq Şərq ölkələri və ilk növbədə Yaponiya yeni açılan imkanı görür və ona görə də qədim İpək Yolu-nun bərpası ideyasından çıxış edirlər. Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfransın respublikamızda keçirilməsi Azərbaycanın yeni yaradılan beynəlxalq magistralda aparıcı rol oynamasını daha da möhkəmləndirəcəkdir. Yeni bağlanan müqavilələrdə Azərbaycanın strateji mövqeyi təsbit olunur və çəkilən yeni yolların – avtomobil, dəniz, dəmiryolu – hamısında Azərbaycanın xüsusi çəkisi yüksəkdir. Dəmir yollarının və yüksək keyfiyyətli avtomobil yollarının salınması XX əsrdə quru yolunu yenidən aktuallaşdırıb. Bu qayıdış sadəcə nəqliyyat növünün inkişafında tsiklikliyə, dövriliyə dəlalət etmir. Bu qayıdış ənənəvi vasitələrin yeni intellektual və texnoloji imkanlar sayəsində ikinci nəfəs əldə etməsindən xəbər verir.
Bundan əlavə, bu gün Avropa ölkələrinin Şərq dünyasına marağı artmaqdadır. Bunu bir neçə səbəbdən izah etmək olar. Birincisi, SSRİ imperiyasının dağılması ilə ideoloji baryerin və maneələrin aradan götürülməsi; ikincisi, Orta Asiya respublikalarının müstəqil dövlətlərə çevrilməsi; üçüncüsü, Çinlə münasibətlərin yumşaldılması. Çünki ideoloji baryer olanda nə SSRİ daxilində olan Şərq ölkələri ilə, nə də Çinlə sərbəst ticarət əlaqələri yaratmaq mümkün deyildi.
S.Xəlilov daha sonra vurğulayıb: "Sözsüz ki, bu kimi iri həcmli layihələrin reallaşması və böyük kapital qoyuluşu bu istiqamətdə region dövlətlərindən cəsarətli addımlar atılmasını tələb edirdi. Çoxları gözləmə mövqei tutduğu halda bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, məqsədyönlü siyasət nəticəsində uzun müddətə nəzərdə tutulmuş neft strategiyasının ilk mühüm addımı atıldı. "Əsrin kontraktı" adını almış və Xəzərdə iri miqyaslı neft hasilatını nəzərdə tutan bu müqavilə Azərbaycanın təkcə iqtisadiyyatının yox, həm də Azərbaycanın beynəlxalq siyasətinin əsl təntənəsi idi. Zaman keçdikcə o vaxt atılmış bu müdrik addımın əhəmiyyəti daha çox hiss olunur. Bu kontrakt həm də regionda bütün sonrakı neft layihələrinin reallaşmasına rəvac vermiş oldu.
XXI əsrdə dünyanın bir çox dövlətlərini vahid iqtisadi məkanda birləşdirmək bu proqramın baş xəttini təşkil edir. 70 il xarici dünyadan təcrid olunmuş Xəzər hövzəsi ölkələrinin milli iqtisadiyyatlarının qlobal təsərrüfat sisteminə qoşulmasında dəmir və dəniz yolları, boru xətləri və avtomobil magistralları müstəsna əhəmiyyətə malikdir. Müasir dövrdə TRASEKA-nın Qərb-Şərq nəqliyyat inteqrasiyasında rolu danılmazdır. Bu, milli nəqliyyat sistemlərinin Avropa və dünya nəqliyyat şəbəkələrinə qoşulması deməkdir. Şərq-Qərb, Şimal-Cənub yollarının kəsişməsində yerləşən Bakı şəhəri vahid Avropa-Asiya nəqliyyat sistemində iri nəqliyyat qovşağı rolunu oynayır.
Beləliklə, qısa müddət ərzində Azərbaycan Avropa və Asiya arasında sadəcə körpü rolu ilə kifayətlənməyərək, mühüm iqtisadi mərkəzə çevrilib. Ümid etmək olar ki, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində əldə edilmiş uğurlar həm də bölgədə siyasi sabitliyin və mədəni inkişafın rəhni ola bilər.
Lakin dünyanın vəhdəti deyil, bölüşdürülməsi ideyası hələ də üstünlük təşkil etdiyindən, hələ də bir sıra bölgələrdə hərb və siyasət iqtisadi əlaqələrin, ticarətin, mədəniyyətlərin dialoqunu üstələyir. Ona görə də iqtisadi və mədəni-mənəvi əlaqələr diapazonunun daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Bu baxımdan, "Əsrin kontraktı", TRASEKA proqramı və İpək Yolunun bərpası üçün göstərdiyi böyük səylər estafetin iqtisadiyyata və mədəniyyətə verilməsi naminə atılan ən ciddi addımlar hesab oluna bilər.
İndi planetimiz yeni böyük bir eranın başlanğıcındadır. Bəşəriyyət imperiyalarsız və müharibələrsiz yaşamaq praktikasını öyrənir. Elə bir praktikanı ki, yolları idarə edən ancaq iqtisadi prinsiplər olsun. İndi konkret coğrafi ərazilərlə sərhədlənmiş imperiyaları iqtisadi nüfuz dairələri əvəz edir. Və dünyada gedən proseslərin mərkəzində vahid iqtisadi məkan yaratmaq uğrunda mübarizə dayanır. Şərq və Qərbin vəhdəti kontekstində siyasiləşmiş qloballaşma prosesinin əvəzinə, qlobal sivilizasiya ideyasının inkişaf etdirilməsi daha çox elmi əsaslara malikdir.
Cavid