Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq Layihə

Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq

(əvvəli ötən sayımızda, III yazı)

Azərbaycan-Rusiya münasibətləri tarixində qarşılıqlı humanitar və mədəni əlaqələrin araşdırılmasına gəldikdə qeyd etmək lazımdır ki, bu əlaqələr geniş bir tarixi dövrü əhatə edir. Azərbaycanın Rusiya ilə mədəni-humanitar əlaqələrinin uzun bir tarixi dövrü əhatə etməsini tanınmış elm adamlarımız da qeyd ediblər. S.Hüseynov onu da qeyd edib ki, Azərbaycan və Rusiya xalqları arasında qarşılıqlı sosial-humanitar və mədəni əlaqələr müstəqillik dövründə də davam etmiş və genişlənib. Məsələn, 2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi A.S.Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı əməkdaşlığımızın tamamilə yeni müstəviyə keçməsinin əlaməti olub. Bu əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının başlanğıcı idi. Buradan göründüyü kimi, müstəqillik dövründə hər iki xalq arasında mədəni əməkdaşlıq sahəsində geniş əlaqələr qurulmuş və mədəniyyət sahəsində hər iki xalqın qarşılıqlı şəkildə bir-birindən faydalanması genişlənib.
Müasir qloballaşma şəraitində dünya prosesində mühüm rol oynayan amillərdən biri mədəniyyətlərarası dialoqun genişlənməsi məsələsidir. Başqa sahələrdə olduğu kimi, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində də beynəlxalq tədbirlərdə fəal iştirak edir və bu baxımdan Azərbaycan artıq mədəniyyətlərarası dialoq məkanı kimi tanınıb. Son illərdə dinlərarası və mədəniyyətlərarası dialoqa həsr edilmiş böyük beynəlxalq tədbirlərin Bakıda keçirilməsi dediklərimizə sübutdur. Məlumdur ki, bu sahədə geniş beynəlxalq tədbir sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 7-9 aprel 2011-ci il tarixində Bakı şəhərində keçirilib.
Qeyd edək ki, "Mədəniyyətlərin dialoqu" Dünya Forumu çərçivəsində "Müasir Dünyada Mədəniyyətlərin Müxtəlifliyi və Dialoq Fəlsəfəsi" mövzusunda 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş konfrasın iştirakçıları Memorandum imzalayıblar. Memorandumda deyilir: "Avropa, Asiya və Afrikanın tanınmış filisoflarının iştirak etdiyi "Müasir dünyada Mədəniyyətlərin Müxtəlifliyi və Dialoq Fəlsəfəsi" mövzusunda küçirilmiş Beynəlxalq Konfrans qeyd etdi ki, qloballaşma şəraitində dünya mədəniyyətlərinin özgürlüyü və müxtəlifliyinin mühafizəsi üzrə ciddi səylərin göstərilməsi ilə yanaşı, mədəniyyətlərin qarşılıqlı əlaqələri genişlənir. Əminliklə bildirildi ki, bu şəraitdə mədəniyyətlərin dialoqunun məntiqi və konstruktiv alternativi yoxdur... Konfrans qeyd etməyi lazım bilir ki, Dünya Forumu və "Müasir dünyada Mədəniyyətlərin Müxtəlifliyi və Dialoq Fəlsəfəsi" Beynəlxalq Konfransının Bakıda keçirilməsi Azərbaycanın dünyada əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı etimad mühitinin bərqərar edilməsi, dialoq fəlsəfəsinin dərinləşdirilməsi üzrə səylərin tamamilə düzgün və tədqirəlayiq olduğunu bir daha təsdiq edir. Konfrans yalnız fəlsəfənin, tərbiyə işində dialektik təfəkkür və müxtəliflik mədəniyyətinin (multikulturalizmin) üstünlüyünü təmin edərək, mədəniyyətlərin dialoqunun ümumi anlayışları, forma və məzmununu işləyib meydana çıxardığını qeyd edərək:
– Çıxış və müzakirələrdə səsləndirilmiş fikirlərin elmi-nəzəri və praktiki əhəmiyyətini nəzərə alaraq konfrans materiallarının dərc olunmasını lazım bilir;
– Fəlsəfə təşkilatları arasında əməkdaşlıq və qarşılıqlı etimadın yaradılmasına çalışan bir təşkilat kimi Avropa və Asiya Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyasının fəaliyyətini dəstəkləyir;
– Filosofları mədəniyyətlərin dialoqu problemlərinin tədqiqində əməkdaşlığa kömək etməyə və bununla da dünyada mədəniyyətlərin qarşılıqlı əlaqəsi və özgürlüyünün qorunub saxlanması işinə töhvə verməyə çağırır."
Alim bildirir ki, dinlərin və mədəniyyətlərin dialoqu sahəsində beynəlxalq konfransların Azərbaycanda tez-tez keçirilməsi respublikamızı bu sahədə müəyyən tədbirləri həyata keçirməyə vadar etmişdir. Bu tədbirlərdən biri Azərbaycan Respiblikasının Prezidentinin "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunun təşkili barədə" 27 may 2011 tarixli fərmanıdır. Prezidentin bu fərmanında deyilir: "Azərbaycan Respublikası Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təmsil edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə qərara alıram: Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilsin.
Prezidentin bu fərmanından göründüyü kimi, mədəniyyətlərin dialoqu, müxtəlif bölgələrin kulturoloji nəzəriyyələrinin bir-birinə dialektik təsiri sahəsində Azərbaycan Respublikası son illərdə mədəniyyətlərin dialoqu məkanına və ölkəmizdə davamlı inkişafın həyata keçirilməsinə təkan verən bir dövlətə çevrilməkdədir. Son illər ərzində respublikamızda elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafı, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iri sənaye müəssisələrində istehsal proseslərinin bərpası, yeni istehsal sahələrinin yaradılması, minlərlə iş yerlərinin açılması, maddi-mənəvi abidələrimizin, müqəddəs ocaqlarımızın bərpa edilməsi istiqamətində böyük nailiyyətlər əldə edilib. Müxtəlif mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri, mədəniyyətlərarası dialoqun ən uğurlu vasitə kimi qəbul olunduğu müasir qloballaşma şəraitində beynəlxalq mədəni proseslərdə ölkəmizin nüfuzunun artması ilə yanaşı, Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun məkanı kimi tanınıb. Ötən illər ərzində Azərbaycan mədəniyyətinin tətbiqi, təşviqi, qorunması və elmi tədqiqatların inkişafı, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Məsələn buna misal olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi yaradılmış, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Kulturoloqların Milli Forumları, "Turizm-mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" kimi adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı, "Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu" adlı beynəlxalq təlim, Moskva şəhərində Rusiya Kulturologiya İnstitutu ilə birgə "Müasir kulturologiya: nəzəriyyədən təcrübəyə" mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Eyni zamanda "Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər" adlı ümumrespublika elmi məqalələr müsabiqəsi keçirilmiş, respublikanın tanınmış alimlərinin iştirakı ilə kulturologiya üzrə açıq mühazirələr, respublikanın şəhər və rayonlarında "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda açıq seminarlar təşkil edilmiş, elmi məqalələr toplusu nəşr olunmuşdur.
Son illər ərzində uşaq musiqi məktəbi, incəsənət və rəssamlıq məktəblərinin, Bakı Xoreoqrafiya Məktəbinin şagird və tələbələri Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, Fransa, Gürcüstan, Qazağıstan, Qırğızıstan, Litva, Mərakeş, Misir, Niderland, Özbəkistan, Polşa, Rusiya, Suriya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə – festival, müsabiqə və sərgilərdə uğurla iştirak edibşlər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə" 20 aprel 2007-ci il tarixli, "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 6 oktyabr 2008-ci il tarixli sərəncamlar imzalanıb. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində həyata keçirilən islahatların davamı olaraq, nazirlik tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı təsdiq edilib. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folkor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edilmiş və 2010-cu il üçün Gəncə – Azərbaycanın Əfsanələr Paytaxtı, Şəki – Azərbaycanın Sənətkarlıq Paytaxtı və Qazax – Azərbaycanın Folkor Paytaxtı elan olunub. Hazırda "2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı", "Azərbaycanın qeyri-maddi-mədəni irs konsepsiyası" və s. sahələrə həsr olunmuş veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər davam etdirilir.
Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası beynəlxalq səviyyədə böyük uğurlar qazanıb. Məsələn, Avropa Şurasının Mədəni Marşurutlar Proqramı çərçivəsində "Aleksandr Düma Qafqazda" və "Şərab Yolu" ("Vine Roots") layihələri həyata keçirilir. "Avropada mədəniyyət siyasəti: əsas təmayüllər və faktların Kompendiumu" beynəlxalq layihəsi çərçivəsində Avropa Şurasının və Mədəniyyət siyasəti üzrə Müqayisəli Tədqiqatlar İnstitutunun (Bonn) birgə veb-saytında yerləşdirmək məqsədilə Azərbaycanın mədəniyyət siyasəti üzrə məruzə hazırlanıb. 2009-cu ilin noyabr ayında Azərbaycan YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası"na qoşulub və o, 2010-cu il 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minib.

Cavid