“Multikulturalizmin müasir dünyada alternativi yoxdur” Layihə

“Multikulturalizmin müasir dünyada alternativi yoxdur”

İsaxan Vəliyev: "Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir"

"…Hazırda ölkəmiz tolerantlıq ənənələrini yaşadan və beynəlxalq səviyyədə təbliğ edən nümunəvi örnək modelini özündə birləşdirir və bu mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi edir". Bunu AMEA Fəlsəfə və Hüquq İnstitutunun cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev öz yazısında qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində müzakirə olunan məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq qeyd edib ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərib: "Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilib. Eyni zamanda, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır. Yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoyub. Cənab Prezident ümidvar olduğunu bildirmişdir ki, bu mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaq.
Fikir verirsinizmi, biz tolerantlıqdan söhbət açdığımız bir zamanda dövriyyəyə multikulturalizm anlamının da daxil olduğunun şahidi oluruq. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, multikulturalizm tolerantlılığın əsas tərkib hissəsini təşkil edir. Nədir multikulturalizm? Multikulturalizm dedikdə, ayrıca ölkədə və bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunması və inkişafına yönələn, bu nəzəriyyəni və ideologiyanı əsaslandıran siyasət nəzərdə tutulur. Multikulturalizmin siyasi liberalizmdən mühüm fərqi kollektiv subyektlərin - etnik və mədəni qrupların hüquqlarının tanınmasında ifadə olunur. Bu hüquq etnik və mədəni icmalara maarifçiliklə məşğul olmaq, öz təhsil proqramlarına malik olmaq, məktəblər tikmək, kitabxanalar və mədəni əhəmiyyətli obyektlər açmaq, seçki zamanı birgə siyasi mövqe ifadə etmək və s. ola bilər".
O diqqətə çatdırıb ki, multikulturalizm kütləvi mədəniyyətin ümumbəşəri məcrada qarşılıqlı əlaqəsi, zənginləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə mədəniyyətlərin paralel mövcudluğunda ifadə olunan tolerantlılığın aspektlərindən biri sayılır: "Əslində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, dünyada söhbət sivilizasiyalararası dialoqdan gedir. Lakin multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur kimi bəyanatlar bizi məyus edir. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Biz bu təhlükəli meyillərə qarşı öz səsimizi ucaltmalıyıq. Bizim keçmişimiz, imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşayıb. Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İstəyirik ki, millətlər arasında daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük.
Beynəlxalq Humanitar Forumdakı iclasların birində çıxış edən Azərbaycan Respublikası Prezidentinin müşaviri, akademik Kamal Abdullayev məhz Prezidentin bu çıxışına istinad edərək multikultural təhlükəsizlik konsepsiyasını ortaya atmış və inandırıcı şəkildə sübut etmişdir ki, multikultural təhlükəsizlik təmin edilmədən millətlərarası dayanıqlı mədəni tolerantlıqdan söhbət gedə bilməz. Bunun üçün bütün dünya dövlətləri UNESCO-nun tolerantlıq prinsipləri Bəyannaməsinin tələblərinə sözsüz əməl etməli, şəxsi nümunə göstərməlidirlər".
O əlavə edib ki, Azərbaycanda tolerantlıq şəraitinə dünya siyasətçilərinin və alimlərinin gözü ilə baxmaq respublikamızda bu sahədəki vəziyyətin qiymətləndirilməsinin əsas meyarı kimi çıxış edə bilər: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın təbirincə desək "Azərbaycanda dini tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik".
İsraildəki "İC Public Research" İnstitutunun direktoru, "İsrail -Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş diretoru Lev Spivakın fikrincə isə, "Tolerantlıq- Azərbaycan xalqının səciyyəvi cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi imic yaratmağa çalışsalar da, Azərbaycan Yer üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt belə qeydə alınmamışdır. Əsrlər boyu etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz qalmamışdır, onların hər biri öz dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamışdır".
Multikulturalizm bu gün də Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində deyildiyi kimi, "Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik".
Mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Birinci dərəcəli "Şərəf və şöhrət" ordeni ilə, Vatikan dövlətinin ən yüksək mükafatlarından sayılan "Medalla Sede Vacante" medalı ilə təltif edilib".
O qeyde edib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülüb: "2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş" imzalanıb. Bu ilin iyunun 2-də Mehriban xanım Əliyeva Roma Papası Fransis ilə görüşü zamanı, o, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirib.
Düşünürəm ki, sosial və ictimai elmlər sahəsində araşdırmaların aparılması, dözümlülük, insan hüquqları və zor işlətməmək ruhunda tərbiyə proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, başqa mədəniyyətləri qavramaq üçün açıq, azadlığı qiymətləndirməyə, insan ləyaqətinə və fərdiyyətinə hörmət etməyə, münaqişələrin qarşısını almağa və ya onları qeyri-zorakı vasitələrlə həll etməyə qabil olan həssas və məsuliyyətli vətəndaşlar yetişdirmək məqsədilə pedaqoji hazırlığın, tədris planlarının səviyyəsinin artırılması, dərsliklərin və tədris məşğələlərinin, digər tədris materiallarının, o cümlədən yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi tolerantlıqla bağlı müasir dövrdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsinə xidmət etmiş olardı".
Əli