Azərbaycanın milli maraqları baxımından din-dövlət münasibətləri Layihə

Azərbaycanın milli maraqları baxımından din-dövlət münasibətləri

(əvvəli ötən sayımızda, II yazı)

Maarifçilik təkcə dini sahəni deyil, həm də tarix, fəlsəfə, kulturologiya, incəsənət və tətbiqi elmlər sahəsində aparılmalıdır. Millətin dünyagörüşü artmalıdır, yalnız bundan sonra insanlar sağlam düşüncəyə malik ola bilib, birtərəfli propaqandanın təsiri altına düşməzlər. İntellektual səviyyə nə qədər aşağı olsa, bir o qədər də mövhumat, təriqətçilik ideyalar üçün zəmin yaradılır. Maariflənmə işi getməsə müxtəlif ideologiyalarla mübarizə aparmaq mümkün olmayacaq, çünki yalnız hüquq-mühafizə və milli təhlükəsizlik orqanlarının gücü ilə daim bu problemi həll etmək mümkün olmayacaq.
Dünyavi təhsil sistemində humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin dünyagörüşünün formalaşmasında həlledici rol oynayır. Ali məktəblərin humanitar fakültələrində isə dinə aid olan fənlərin keçilməsi zəruridir, çünki bu sahədə dünyavi dünyagörüşünə malik peşəkar kadrlar yetişdirilməlidir. Tədris metodu və fənlər isə dünyavi olmalıdır. Yəni dinlər dünyavilik nöqteyi-nəzərdən öyrənilməlidir və bu ruhda dərsliklər yazılmalıdır. Orada dinlərin fəlsəfəsi, dinşünaslıq, mədəniyyətşünaslıq, etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin keçilməsi olduqca vacib məsələdir. Bununla cəmiyyətdə dinlərə münasibətdə müxtəlif fikirlər yaranır, polemika aparılır və heç bir dini cərəyanın ehkamları düşünülməmiş, əhalinin çoxu tərəfindən qəbul edilməmişdir. Lakin təəssüflər olsun ki, ali məktəblərdə humanitar fənlərin və xüsusilə fəlsəfi fənlərin tədrisi son vaxtlar məhdudlaşdırılmışdır. Bu proses davam etsə, gələcəkdə müəyyən problemlərin yaranması istisna edilə bilməz. Dünyagörüşü özü-özündən yarana bilməz, onu qidalandırmaq və inkişaf etdirmək lazımdır. Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması bu inkişafın qabağını alır. Bu cur gəncliyi isə radikal təriqət nümayəndələri asanlıqla öz təsiri altına ala bilər.
Maarifçiliklə bərabər cəmiyyətdə sosial problemlər effektiv həll edilməli və əhalinin güzəranını yaxşılaşdırılmalıdır. Maddi cəhətdən çətinlik çəkən, sosial problemləri həll edilməyən insanların arasında radikal ideyaların yayılması üçün əlverişli zəmin yaranır. Cəmiyyətdə olan qanunsuzluqlar, məmur özbaşınalığı, kütləvi rüşvətxorluq, korrupsiya halları da xalq arasında narazılığa səbəb olur. Belə olan halda sadə xalqın böyük bir hissəsi radikal dini ideyalara cəlb oluna bilər.
Beləliklə, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleksli tədbirlər həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və bu sahəyə respublikanın elmi potensialı cəlb olunmalıdır.
Siyasi şərhçi Azər Rəşidoğlu isə öz növbəsində din-dövlət münasibətlərinin milli maraqlar zəminində tənzimlənməsi üçün maariflənmənin rolunu önə çəkir. O hesab edir ki, ayrı-ayrılıqda nə dini, nə də milli maraqlar təmin oluna bilməz: "Odur ki, məsələyə kompleks yanaşmaq lazım gəlir. Dini müstəvidə radikallığın qarşısını almaqdan ötrü dövlət maarifçiliyə geniş yer verməlidir. Ölkədə dövlət-din müstəvisində yaranan problemin kökündə dini maarifin aşağı səviyyədə olması durur".
Azərbaycan dindarının başqa dini cərəyanlara qarşı tolerant olduğunu xatırladan şərhçi eyni zamanda inanclı vətəndaşlarımızın ateizmi yad saymasına da diqqət yönəldir: "Dünyada islamofobiyanin inkişaf etdiyi zamanda Azərbaycanda ateist-dindar qarşıdurması olduqca zəif təsir bağışlayır ki, bu da insanımızın tolerantlığının göstəricisidir".
Son vaxtlar yaşanan mənfi proseslərə isə Azər Rəşidoğlunun yanaşması belədir: "Bu proseslər dövlət-din qarşıdurması kimi təqdim oluna bilməz. Bu, bir marjinal prosesin tərkib hissəsidir. Digər tərəfdən, ölkənin orta statistik insanı eyni düşüncə tərzinə malikdir. Ən böyük problem isə Dağlıq Qarabağın hələ də işğalda olmasıdır. Bu hal hamımızı aqressiv edib. Bunun qıcığını bir-birimizdən almaq istəyirik. İşğal edilmiş torpaqlarımız azad olunduqdan, demokratik vətəndaş cəmiyyəti prosesi başa çatdıqdan sonra dini və milli maraqlar yalnız dövlət maraqları ilə uzlaşdırılacaq".
Analitik həmçinin inanclı insanın dini ayinləri sərbəst şəkildə həyata keçirmək istəyini ciddiyə almağın tərəfdarıdır. Onun qənaətincə, Azərbaycan dindarının siyasi iddiası mövcud deyil: "Yetər ki, vətəndaşımız öz dini həyatını istədiyi kimi yaşaya bilsin - heç kəsin şəxsi həyatına müdaxilə etməməklə özünü toplumun normal üzvü saysın. Heç kəs, o cümlədən dünyəvi həyat tərzi keçirənlər ona "ikinci növ" insan kimi yanaşmasın. Bu haqqı əlindən alındıqda inanclı insanımız radikallaşmağa meylli olur".
Rəşidoğlu dini müstəvidə maarifçiliyin aparılmasının dövlətin maraqlarına xidmət etdiyinə əmindir. Əks təqdirdə, onun fikrincə, radikal və az bilikli insanlar inanclı kəsimi öz siyasətlərinə qurban edə bilərlər...
Onu da qeyd edək ki, Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə özlərinə ömürlük sığınacaq tapıblar. Hazırda paytaxt Bakıda bütün dinlərin nümayəndələri üçün lazımi şərait yaradılıb və bu prosesə dövlətin dəstəyi hər yerdə hiss edilməkdədir. Məsələn, sayca çox az olan katolik xristianların Bakının mərkəzi hissələrindən birində əzəmətli məbədi vardır. Bundan əlavə, yəhudilər üçün sinaqoqlar, provaslavlar üçün kilsə, müsəlmanlar üçün məscidlər fəaliyyət göstərir. Xalqımızda aqressiya, dözümsüzlük kimi xüsusiyyətlərə genetik olaraq yer yoxdur. Tarixən də bu müsbət keyfiyyətlər Azərbaycan xalqının tolerant xarakterini ortaya qoymub və onun saf imicini müəyyənləşdirib.
Bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, Cənub-Şərqi Asiyada, hətta bəzi Qərb ölkələrində anti-islam, antisemitizm, ksenofobiya hallarının baş verdiyi hər kəsə məlumdur. Dünyada insan haqlarının qorunduğu əsas yer kimi tanınan ABŞ-da belə qaradərili vətəndaşlara qarşı ötən əsrin əvvəllərində olan münasibət hələ də qalmaqdadır. Qəribədir ki, bu hallara dəstək verən bəzi konqresmenlər, politoloqlar da var. ABŞ-ın 45-ci prezidenti Donald Trampın seçikdən öncə məlum müsahibəsi dünyada geniş rezonans doğurdu. Bu amerikalı siyasətçi müsəlmanların ölkəyə girişinə qadağa qoyulması fikrini irəli sürdü və əslində tək özünün deyil, bəzi ultranasist ABŞ siyasətçilərinin iç üzünü açdı.
Şübhəsiz ki, ABŞ-ın tərəqqipərvər ziyalıları və dövlət adamları bu çıxışı pislədilər. Çünki müsəlmanlar Trampın bu çıxışına qəzəbləniblər. Bu, hələ də dünyanın super dövləti iddiasında olan ölkədə baş verən arzuolunmaz hadisələrdən biri kimi yadda qaldı. Ötən illərdə müqəddəs Quranın iki keşiş tərəfindən yandırılması və onların heç birinin məsuliyyətə cəlb edilməməsi Liviyada ABŞ səfirliyinə hücum və səfirin qətlə yetirilməsi ilə nəticələnmişdi. Bütün bunların hər biri dövlət və din münasibətlərinə zərbə vuran amillərdir. Belə məqamda ABŞ məhkəmə sistemi 1 milyarddan çox insanın mənəvi inancını təhqir etmiş keşişi mütləq cəzalandırmalıydı. Çünki dövlət və din münasibətləri qarşılıqlı hörmətə əsaslanmalı və bir-birinin sərhədlərini yaxşı tanımalıdır. Din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına və digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.
Azərbaycanda beynəlxalq hüquqa əsaslanan dünyəvi dövlətin qurulması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə gerçəkləşib. Bu hadisə Şərqdə ilk demokratik prinsiplərə söykənən və respublika üsul-idarəli üzərində ilk dövlətin qurulması ilə tarixə keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində ölkənin bütün vətəndaşları irqindən, dinindən, sosial mənşəyindən, silkindən, cinsindən asılı olmayaraq bərabərhüquqlu olaraq göstərilirdi. Dövlət parlamentli respublika idi. Dövlətin qurucuları xalqımızın böyük tərəqqipərvər ziyalıları və hüquqşünasları idi. Azərbaycanda bütün dinlərə, o cümlədən əhalinin mütləq əksəriyyətinin etiqad bəslədiyi İslam dininə hörmət və ehtiram ən yüksək səviyyədə idi. Çar Rusiyası dövründə "Parçala, hökm sür !" siyasətini asanlaşdırmaq üçün yaradılmış və ayrı-ayrılıqda fəaliyyət göstərən şiə və sünni müsəlmanları ruhani qurumları birləşdirilərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi - "Məşixəti–İslamiyyə" yaradıldı. "Məşixət"in yaranması, "İttihadi-İslam" firqəsinin siyasi fəaliyyəti və Dini Etiqad Nazirliyinin yaradılması, nazir müavinlərinin ruhanilərdən təşkil olunması, digər məsələlər Azərbaycan Cümhuriyyətinin, dünyəvi dövlət olsa da, İslam dininə və din xadimlərinə yüksək imtiyazlar verdiyini göstərir və hətta siyasi fəaliyyətlə də məşğul olmaları üçün geniş imkanlar yaradırdı. Din xadimləri də öz növbəsində xalqımızın o illərdə düşdüyü çətin siyasi və iqtisadi böhrandan qalib ayrılması üçün mənəvi maarifləndirmə və dəstək işləri ilə məşğul olur, müharibədə zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş uşaqlara qayğı göstərmək üçün xeyriyyə missiyasını üzərlərinə götürür, Milli Ordumuzun mənəvi qüdrətinin artırılmasında, ermənilərə qarşı mübarizənin ümummilli mücadiləyə çevrilməsində əvəzolunmaz təbliğat işləri görürdülər.
Cavid