Azərbaycan maarifçilərinin yaradıcılığında Azərbaycançılıq ideyası Layihə

Azərbaycan maarifçilərinin yaradıcılığında Azərbaycançılıq ideyası

2-ci yazı

Azərbaycançılıq – xalqımızın vahid fikir ətrafında mənəvi birliyini nəzərdə tutan milli ideyadır, Azərbaycançılıq haqqında düşüncələr, Azərbaycançılıq amalıdır. A.Məmmədlinin fikrincə, Mirzə Fətəli Axundovdan tutmuş mollanəsrəddinçilərədək dahi sənətkarların hər hansı biri "Mən Azərbaycançılıq ideologiyasını özümə əsas mövzu seçmişəm" iddiasında olmayıb və hətta bu anlayışın özünü belə çox nadir hallarda işlədiblər. Azərbaycançılıq anlayışı bu ziyalıların əsərlərində birbaşa görünməsə də, onların ən böyük sənət nümunələrinin mayası Azərbaycançılıqdan yoğrulub. Odur ki, Azərbaycan xalqının müstəqillik uğrunda ən yeni mübarizə tarixində Azərbaycançılıq ideologiyasının klassik bədii nəsrdə, poeziya və dramaturgiyada ifadəsi yenidən və bu dəfə daha güclü yada düşdü. Bir tərəfdən bu mövzunu qələmə almış klassiklərin məktəbləri yeni sənətkarlara örnək rolu oynadı, digər tərəfdən həmin məktəblərin Azərbaycançılıq ideologiyasına münasibəti elmi-tədqiqat sahəsinə çıxarıldı. Görkəmli ədəbiyyatşünaslar - İsa Həbibbəyli, Bəkir Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Əflatun Saraclı, Şamil Vəliyev, Ofelya Bayramlı və başqa alimlər bu sahədəki tədqiqatlarını ortaya qoydular. Məşhur tədqiqatçı Yaşar Qarayev "Milli "mən" yaddaşı"nın bu unudulmaz səhifələrini canlandırır, Azərbaycançılıq ideologiyasının əlimizdən alınmasının səbəblərini bir alim təfəkkürü, publisist-improvizator bacarığı ilə aşkarlayır.
Yaşar Qarayevin "Axundovla başlayan yaddaş - Azərbaycan türk intibahı", "Nəsrin və səhnənin ağrı yaddaşı - Cəlil Məmmədquluzadə", "Yaddaş özünü satirada dərk edir - Sabir" və başqa əsərləri klassik ədəbi məktəb sahiblərimizin Azərbaycançılıq ideologiyasının ifadəsinə çevrilmiş əsərlərinə məhz bu rakursdan yeni baxış, yeni qiymət kimi dəyərləndirilir. Müstəqillik də Azərbaycançılığın tərkib hissəsidir. Müstəqillik - insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət deməkdir. Öncə öz xalqının taleyi qarşısında məsuliyyətdir. Hər bir xalqın və hər bir vətəndaşın arzusudur və haqqıdır ki, Vətənin sərhədləri daxilində, ərazi bütövlüyü və toxunulmazlığı şəraitində öz müstəqil suveren dövlətini qursun, yaşatsın və inkişaf etdirsin. Məhz bu səbəbdən milli müstəqillik uğrunda mübarizə Azərbaycançılıq ideologiyasının əsas prinsipləri sırasındadır. Azərbaycançılıq məfkurəsi birləşdirici, vəhdətyaradıcı bir amala xidmət edir. Etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar bərabərlik şəraitində, qardaşlıq və dostluq münasibətləri ilə yaşayırlar. Həmin yaşayışın əsasında hamının Azərbaycançılığa xidmət və qulluq etməsi dayanır. Ona görə ki, bu ideya ətrafında birləşən insanlar özlərini sərbəst hiss edir, inkişaflarını ona xidmətdə görürlər. Xalq yazıçısı Anar Azərbaycançılıq amalını həm də bərabərlik, qardaşlıq, dostluq sözləri ilə ifadə edir. Həqiqətən sözdə deyil, işdə, gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi demokratik cəmiyyətin, elə Azərbaycançılığın da təməl prinsiplərindəndir".
Araşdırmada vurğulanır, Azərbaycançılığın mühüm milli birlik rəmzi, dövlətçiliyin, müstəqilliyin bel sütunu kimi qəbul edilməsi bugünümüzün ədəbi, fəlsəfi, ictimai və hətta siyasi faktına çevrilib. Azərbaycan maarifçilərinin, demokratik hərəkat iştirakçılarının klassik məktəbləri və bu sıradan Molla Nəsrəddin ədəbi məktəbi yaradıcılıq sənətində - bədii sözdə, publisistikada və digər növlərdə Azərbaycançılığın yeni istiqamətdə, yeni estetik dəyərlər səviyyəsində qavranılmasında önəmli məktəb rolunu oynamaqdadır. Azərbaycanda milli azadlıq məfkurəsi 1917-ci ilin fevralında çar istibdad rejiminin yıxılmasından sonra yeni bir mərhələyə qədəm qoyur. Bu hadisə ədəbi hərəkata yeni bir nəfəs gətirir. Belə bir təlatümlü dövrdə Bakıda siyasi hakimiyyət uğrunda gedən çarpışmalar kəskinləşdikcə müxtəlif ideoloji cərəyanlara məxsus qəzet və jurnalların nəşri çoxalır. Həmin illərdə bədii ədəbiyyatın operativ janrları və satirik publisistika bir aktuallıq kəsb edir. Məhz belə bir zərurətin nəticəsidir ki, xalqın azadlıq ideallarının böyük ifadəçisi olan satirik "Molla Nəsrəddin" jurnalı Tiflisdə yenidən nəşrə başlayır. Milli azadlıq məsələsi bu dövrdə "Molla Nəsrəddin"in əsas mövzusu olur. Cəlil Məmmədquluzadə 1917-ci ilin belə qarışıq məqamında xalqa milli nicatın harada olduğunu bu cür başa salırdı: "Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!"
Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ərəfəsində milli özünüdərk məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı, Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu, Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və publisistlərin əsərlərində böyük inamla ifadə olunurdu. Milli-azadlıq, onun başlıca xətti olan Azərbaycançılıq bədii-ictimai fikirdə öz tematik zənginliyi, ideya istiqaməti ilə diqqəti cəlb edir. Bu ideyaların gerçəkləşməsində və bədii-estetik fakta çevrilməsində mövzu ilə bağlı taktiki gedişlər mühüm əhəmiyyət kəsb edib. Azərbaycançılıq bu ideyaların zirvəsində dayanan vacib bir fakt kimi təkcə sənət adamlarını deyil, bütövlükdə ziyalı qüvvələrimizi həmişə düşündürüb. Hətta bu sahədə fəlsəfi, ictimai və bədii fikir zaman-zaman o qədər güclü olub ki, onun ətrafında "Azərbaycanşünaslıq" kimi ciddi bir elm sahəsi meydana çıxıb. İstər Azərbaycançılıq dünyagörüşü, istərsə də Azərbaycanşünaslıq elmi son bir əsrdə xeyli inkişaf edib. Lakin Azərbaycançılıq dünyagörüşü özünün formalaşmaya canatma prosesi tarixini çoxdan başlayıb. Bu prosesi xeyli sonradan izləyən və onun elmi əsaslarını işləyib hazırlamaqda olan Azərbaycanşünaslıq bu gün özünün mühüm və vacib mərhələsini yaşayır. Xalqın, ölkənin müstəqilliyi Azərbaycançılıqdan, milli birlikdən keçir. Bunun üçün xalq özünün bütün potensial imkanlarından istifadə etməlidir. Ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi buna lazımi şərait yaradır. Bu amil bu gün Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və dövlətçilik mənafeyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycanın milli maraqlarının qorunması uğrunda mübarizə indi daha ciddi və daha elmi əsaslarla aparılmalıdır".
S.Vəliyevanın fikrincə, Azərbaycançılıq ideologiyasının ardıcıl və məqsədyönlü formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül və inkişaf tapan maariıçilik hərəkatına aid edilir: О dövrdə Çar Rusiyası Azərbaycanı öz inzibati idarəetmə sisteminə daxil edərək, "Azərbaycan" sözünü ümumən xalqın yaddaşından silməyə çalışırdı. Ayrı-ayrı quberniyalara, canişinliklərə, qəzalara bölünmüş Azərbaycan bütövlükdə Qaıqaz, Zaqaıqaziya məfhumları içində əridilmişdi. Maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə müqavimət reaksiyası kimi meydana gələrək, tarixi yaddaşın itməməsi, ana dilinin, adət-ənənələrin qorunub-saxlanması, inkişafı, mənəviyyatın, milli dəyərlərin yaşadılması, bütövlükdə milli şüurun oyanışı və milli özünüdərk prosesinin güçlənməsi üçün mühüm təkanverici rol oynamışdı.
Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan xalqının mütərəqqi ideallara inteqrasiyası baxımından əsl tarixi və müstəsna əhəmiyyətli xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın dram, bədii nəsr, ədəbi tənqid, publisistika kimi janrlarını anadilli ədəbiyyatımıza daxil etməklə xalqla canlı ünsiyyətin yeni metodlarını tapır və xalqını zamanın ruhunda düşünməyə, fəaliyyət göstərməyə səsləyirdi. Axundov öz komediyalarında milli həyatımızın gerçəkliklərini, adət-ənələrini, ictimai davranış normalarını güzgü kimi əks etdirir, bu həyatın gerilikçi tərəflərini tənqid etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə, əsl maarifləndirmə - acı gerçəkləri göstərmək yolunu tuturdu. Xalqın milli mənlik şüurunun yüksəlişi və mütərəqqi ideallara qovuşması tarixində Mirzə Fətəli Axundovun yaradıcılığı və ictimai fəaliyyəti bütöv bir mərhələ təşkil edib. Axundov istər "Təmsilat" adı ilə tanınan komediyalarında, istər "Kəmalüddövlə məktublarr`nda, istər "Aldanmış kəvakib"də, istərsə də ictimai fəaliyyətində hadisə və predmetlərə xalqın milli tarixi və sosial taleyi prizmasından yanaşıb, bu aktual məsələni qlobal miqyasda araşdırıb. Bu nöqteyi-nəzərdən M.F.Axundov mərhələsinin uzun bir zaman kəsimində ardıcıl davam etməsi və Azərbaycan xalqının ən müxtəlif təbəqələrinin fikir və düşüncəsində öz inqilabi işini görməsi tamamilə əsaslı sayılmalıdır. Axundovdan sonra ictimai fikir tariximiz üçün az-çox əhəmiyyət kəsb edən elə bir əsər və müəllif tapmaq mümkün deyil ki, onda Mirzə Fətəli təsiri bu və digər dərəcədə hiss olunmasın. Hətta ötən əsrin sonlarına doğru Cənubi Azərbaycanda demokratik ruhlu, milliyyətçi nəsrin Əbdürrahman Talıbov və Hacı Zeynalabdin Marağayi kimi yenilikçilərin şəxsində yüksəliş tapması belə dediklərimizi sübut edən faktlardır.
Hər növ mövhumatdan, köhnəlikdən sürətlə təmizlənmək, yeniliyə qətiyyətlə can atmaq və yiyələnmək ideyası, texniki tərəqqi va ona laqeydlik meyli, xüsusən, məktəb və maarif baxımından geriliyə, elmdə, təhsildə sxolastika və ətalət əleyhinə kəskin etiraz motivləri bir şair və müəllim kimi Seyid Əzim Şirvaninin əsərlərində çox güclüdür. Cəmaləddin Əfqani öz əsərlərində "milli vəhdət" təliminin banisi kimi çıxış edirdi, "Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti" adlı məşhur traktatında о göstərirdi ki, hər bir insan öz varlığını bir qəbilə vəhdəti içərisində tapır. İctimai varlığın, kollektivin həyat ruhu mütləq yaxınlıqdadır. Həmin mütləq yaxınlıq müxtəlif insanların toplusundan ibarət olan qəbiləni (tayfanı) vadar edir ki, hamı bir nəfər kimi öz mənafeyini təmin etmək üçün bacarığını əsirgəməsin, ümumi təhlükəni hamı ilə birlikdə əl-ələ verərək aradan götürsün. Göründüyü kimi, burada milləti təşkil edən faktorlar arasında din və dil amilinə deyil, daha çox ictimai-mənəvi birlik amilinə önəm verilir.

Uğur