Azərbaycan Ordusunun gücü erməniləri qorxuya salıb Layihə

Azərbaycan Ordusunun gücü erməniləri qorxuya salıb

Azərbaycan ordusunun geclənməsi və hərbi potensialını artırması, ordunun döyüş bacarığının yüksəlməsi, eyni zamanda müasir hərbi texnika ilə təchiz edilməsi və reytinq cədvəllərində irəlidə olması işğalçı Ermənistan hakimiyyətini hələ də təşvişdə saxlamaqdadır. Elə bu təşviş bir sıra etiraflara səbəb olub.
Ötən gün işğal altında olan Dağlıq Qarabağda yerləşən qondarma rejimin qanunsuz "silahlı birləşməsi"nin əməliyyat şöbəsinin rəisi polkovnik Viktor Arustamyan bir daha Azərbaycanın Ermənistanla müqayisədə daha güclü silahlara malik olduğunu deyib.
Erməni polkovnik "Hraparak" qəzetinə müsahibəsinə Azərbaycan ordusunun Ermənistandan üstün olduğunu etiraf edib. O, vəziyyətin 1992-ci ildən indiyədək davam etdiyini qeyd edib.
Arustamyan vurğulayıb ki, Azərbaycanın tankları istər keyfiyyət, istərsə də say baxımından üstünlük təşkil edir. Polkovnik etiraf edib ki, aprel döyüşlərində 1992-94-cü illərdə olduğu qədər mərmi atılıb.
Jurnalist müsahibə zamanı ondan qondarma rejimin "hərbi siyasi rəhbərliyi"nin Madrid psinsiplərinə uyğun olaraq, ərazilərin güzəşt edilməsi yolu ilə münaqişənin həllinə dair mövqeyini öyrənmək istəyib.
Polkovnik "Gəlin, belə razılaşaq ki, siyasi sualları cavablandırmıram" - deyə sualdan yayınmağa çalışıb.
Azərbaycan ordusunun gücünü hələ 2015-ci ilin iyulunda Rusiyanın "Eksport voorujeniy" jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan da təsdiqləyib. Nazir müavini deyib ki, Yerevanı, Bakının əsas etibarilə hücum hərbi texnikası və silahları, xüsusən də "Smerç" zenit-raket qurğuları, TOS-1A "Solntsepek" ağır raket sistemləri, T-90 tankları və MTU-90 körpüsalanları alması narahat edir.
Ermənilərə məlumdur ki, son illərdə Azərbaycanın hərbi büdcəsi 20 dəfədən çox artıb və hətta Ermənistanın dövlət büdcəsinin bütün xərclərini bir xeyli üstələyir. Azərbaycanın müdafiə qüdrətinin artması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmayıb. Davos İqtisadi Forumu zamanı açıqlanan Amerika nəşri "U.S.News and World Report"un "Dünyanın ən güclü orduları: güc amili" reytinq cədvəlində Azərbaycan ordusu 60 ən güclü ordu sırasında 38-ci yer tutub.
Ermənistanı qorxuda saxlayan amillərdən biri də Azərbaycan ordusunun xaricdən müasir hərbi texnika alması faktıdır.
Rusiya federal hərbi-texniki əməkdaşlıq xidmətin direktoru Dmitri Şuvalov bildirib ki, bir neçə ölkə Rusiyaya sifariş verərək məşhur "İsgəndər" raketlərini almaq istəldiklərini bildirib.
Yada salaq ki, bu qorxulu silah hələ ki, yalnız Rusiya ordusunda var. Amma bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan öyünmüşdü ki, nə vaxt lazım gələrsə, əmr verib "İskəndər"ləri döyüşə daxil edicək. Bu da erməni yalanı çıxdı.
Bu komplekslər doğrudan Ermənistanda da var. Amma onlar Gümrüdəki 102-ci Rusiya hərbi bazasındadırlar və Ermənistana heç bir dəxlləri yoxdur.
Federal xidmətin direktorunun çıxışından sonra Ermənistanda az qala qışqırmağa başlayıblar ki, Azərbaycan "İsgəndər" raketləri almaq istəyir. "Haykakan jamanak" qəzeti dərhal yazdı ki, Rusiyanın Azərbaycana bu qorxulu silahı satmasını istisna etmək mümkün deyil. Çünki bu, Moskvada həll olunur, o isə heç də həmişə ermənilərin maraqlarını nəzərə almır. Bəzi erməni ekspertlər hətta hesab edir ki, federal xidmətin direktoru bəyanatı bilərəkdən verib ki, yeni silahları ilə öyünən isti erməni başlarını ayıltmaq üçün edilib.
İrəvana Rusiya silahının göndərilməsinə gəldikdə isə, bu respublikanın müdafiə nazirinin verdiyi məlumata görə, Moskva Ermənistana silah alınması üçün 200 milyon dollar kredit verib.
Globalpower.org saytı Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir dəfə yarım çox olaraq qiymətləndirib.
Bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları da daxil, siyasi və iqtisadi faktorlar da nəzərə alınıb.
Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib. Burada ümumi daxili məhsulda hərbi xərclərin faizi də nəzərə alınır.
Mərkəzi Kəşfiyyat İdarəsinin saytında 2014-cü ildə Azərbaycanın hərbi ehtiyaclara ÜDM-in 5,1 faizini, Ermənistanın isə 4,29 faizini xərclədiyi göstərilib. Hər iki ölkə üçün bundan əvvəlki illərdə bu rəqəmlər artsa da, nisbətdə Bakı Yerevandan həmişə daha fəal olub.
Hərbi ekspertlərin fikrincə, məhz bunun nəticəsində Azərbaycan ordusu Ermənistan ordusundan daha yaxşı silahlanıb.
Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyan erməni mətbuatına açıqlamasında Rusiyanın silah satışı ilə bağlı fikirlərini bildirərkən deyib ki, Azərbaycan özünün neft gəlirləri hesabına ən müasir silahları almağa nail olub. Bu barədə "lragir.am" saytının siyasi şərhçisi Akop Badalyan yazıb. Belə ki, həmin şərhdə İsaqulyanın fikirləri yer alıb. SİTAT: "Onların (Azərbaycan tərəfinin-red.) Rusiyadan silah almasını biz ürək ağrısı ilə izləyirik və bunu Serj Sarkisyan da deyib. Lakin o bütün mötərizələri aça bilməzdi".
Erməni analitiki yazır ki, pis vəziyyət onda ola bilərdi ki, Azərbaycan texnoloji cəhətdən daha təkmilləşdirilmiş silahlar əldə etsin. Azərbaycan silahlanmada Ermənistandan fərqli olaraq kifayət qədər çox pul xərcləyir, halbuki Serj Sarkisyan 2006-cı ildə bəyan etmişdi ki, bu məsələdə paritet ciddi şəkildə qorunur. Bəs Serj Sarkisyan həmin bəyanatının üzərindən 10 il keçməsinə rəğmən, eyni bəyanatını səsləndirə bilərmi? Yaxud, Ermənistan texnoloji cəhətdən daha təkmilləşdirilmiş silahları Rusiyadan deyil, başqa ölkədən ala bilərmi?"
Bu arada Ermənistanın maliyyə nazirinin də bəyanatını xatırladan analitik yazar onun sözlərinə əsaslanaraq qeyd edib ki, Ermənistan silahlanma istiqamətində Rusiya ilə yeni kredit danışıqlarına başlayıb. "Yəni Ermənistan silahı borca alır. Ancaq bu o demək deyil ki, silahı mütləq Rusiyadan almaq lazımdır. Və əsas sual – Ermənistan silahlanma məsələsində digər subyektlərlə danışıqlar aparmağa cəhdlər göstəribmi?"
Ekspert Mirsamir Məmmədovun fikrincə, Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun qüdrətli, eləcə də dünyanın yüksək döyüş qabiliyyətli silahlı qüvvələrindən sayılır. Ordunun kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-cı il dövlət büdcəsi xərclərinin də prioritet istiqamətlərindən oldu. Bu məqsədlə müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait ayrılıb ki, bu da ötən illə müqayisədə 2,9 faiz çoxdur".
Ekspert onu da bildirib ki, Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində milli istehsalımız olan hərbi təyinatlı məhsullar mühüm rol oynadı: "Azərbaycan həm daxildə silah istehsal edir, həm də xaricdən ən müasir silah növləri alır. Bu həm müharibəyə hazırlıq, həm də ölkəmizi n təhlükəsizliyinə hesablanan bir addımdır. Azərbaycan iqtisadiyyatı inkişaf edir ki, bu silahlara vəsait xərcləyir. Azərbaycan ordusu Cənubi Qafqazda liderdir, dünyanın ən güclü orduları sırasındadır. Təbii ki, bu faktor işğalçı Ermənistan və onun havadarlarını narahat edir. Ermənistan Rusiyadan kreditlə aldığı silahlarla öyünür. Amma bu silahlar sovet dövründə qalmalardır. Rusiya heç bir zaman öz müasir silahlarını Ermənistana satmaz. Ona görə ki. Işğalçı ölkənin bu silahları almağa gücü yoxdur. Ölkə iqtisadi böhran vəziyyətindədir. İqtisadiyyatı inkişaf etməyən ölkələr hər zaman müharibələrdə məğlub olublar. Ermənistan da Qarabağ müharibəsində Azərbaycana məğlub olub. Sadəcə, Rusiyaya söykənməklə güclə ayaq üstədir. İşğalçı ölkə yaxşı anlayır ki, ikinci Qarabağ savaşı başlayarsa Azərbaycan bir aya işğal edilən torpaqlarını qaytarmağa qadirdir".

Cavid