“O, Vətənə həmişəlik qayıtdı” Layihə

“O, Vətənə həmişəlik qayıtdı”

Maarif Teymur: "Ceyhun Hacıbəyli Azərbaycana tükənməz sevgisi, böyük mübarizəsi ilə Vətən üçün yaşadığını sübut etdi"

Onun həyatının çoxu mühacirətdə keçdi. Səbəbi Sovet hakimiyyətini, onun ideologiyasını qəbul etməməsi idi.
Hər an Vətənin həsrətiylə yaşadı. Bu, Ceyhun Hacıbəyli idi. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində Ceyhun Hacıbəylinin həyat və yaradıcılığını özündə əks etdirən zəngin soraqlar qorunub saxlanılır. Arxivin direktoru, tanınmış araşdırmaçı Maarif Teymur Ceyhun Hacıbəylinin yaradıcılığının köklü bir təmələ əsaslandığını bildirir: "Azərbaycan tarixinin özünəməxsusluğunun qorunub saxlanmasında heç şübhəsiz ki, fədakar, təmənnasız insanların müstəsna rolu olub. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında Hacıbəyovlar nəslinin böyük xidmətləri var. Azərbaycan tarixində nəsil, şəcərə məsələsi yaradıcılıq baxımından hələ bundan sonra da araşdırılmaya ehtiyac duyur.
Ceyhun Hacıbəyli ədəbiyyatşünas, folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər göstərib. Təəssüf ki, zamanın gərdişindən, 70 illik Sovet imperiyasının ideoloji mübarizəsi nəticəsində Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki, sovet dövründə hakim ideologiyaya qarşı çıxanların ictimaiyyətə müsbət mənada təqdimindən söhbət belə gedə bilməzdi. Bunlar daim öz vətənlərində xain kimi təqdim edilirdilər. Çünki bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar".
Ümumiyyətlə, Hacıbəylilər 20-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycan mədəniyyətinin, ictimai-siyasi fikrinin sistemli halda formalaşmasında mühüm xidmətlər göstəriblər: "Ceyhun Hacıbəyli bu dövrlərdə qələmini jurnalistikada sınayıb. O dövrdə "Şərqi Rus", ondan sonra çıxan digər qəzetlərdə çalışıb. O, Azərbaycan Demokratik Cümhuriyəti dövründə nəşr edilən rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın baş redaktoru olub. Az sonra Azərbaycanı tərk etməyə məcbur olan Ceyhun Hacıbəyli ömrünün sonunadək qürbətdə yaşayıb və bütün yaradıcılığı, ruhuyla Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb. O zaman Azərbaycanda artıq məşhur bəstəkar kimi tanınan Üzeyir Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana dönüşü, onun haqqındakı təəssüratların dəyişilməsinə nail olmaq istəyib. Onların arasındakı məktublaşmalar həmin dövrün ziddiyyətli məqamlarının aydınlaşmasında mühüm əhəmiyyət kəsb edir. Üzeyir Hacıbəyli qardaşına yazdığı məktubların birində qeyd edir ki, o, Mustafa Quliyevlə danışıb, gəlişində onun üçün problemlər yaradılmayacaq, burada iş tapmaq məsələsi də həll ediləcək. Lakin sovet quruluşuna olan qəti münasibətinin nəticəsidir ki, Ceyhun Hacıbəyli qürbətdə yaşayıb Azərbaycan uğrunda mübarizə aparmağı hər şeydən üstün tutub"
M.Teymur Ceyhun Hacıbəylinin mühacirətdə yaşayarkən ardıcıl olaraq Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanındakı bütün hadisələri bir politoloq olaraq diqqətlə öyrəndiyini, ardıcıl, ciddi mübarizə apardığını bildirir: "Bu müşahidələr və təhillərdəki aydınlıq ilk növbədə tədqiqatçını heyran edir. O, bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edir. 1990-cı illərdə Ramiz Abutalıbovun Bakıya gətirdiyi zəngin sənədlər içərisində Ceyhun Hacıbəyliyə aid xeyli soraqlar var idi. Bu sənədlər əsasında biz Ceyhun Hacıbəylinin adına xüsusi fond təşkil etdik. Burada Ceyhun Hacıbəylinin həm ictimai-siyasi, həm bədii yaradıcılığına dair soraqlar toplanıb. Bu soraqlar hələ bundan sonra daha diqqətlə öyrəniləcək".
Yuxarıda Ceyhun Hacıbəylinin istedadlı bir politoloq olmasını qeyd etdik. Onun fransız dilini bilməsi, bu dildə ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu yazılar yazması siyasi hadisələri çox gözəl bildiyini göstərir: "Onun 30-cu illərdə sovet rejiminin sovet insanlarının başına gətirdiyi dəhşətlər barədə qənaətləri diqqəti xüsusi cəlb edir. O, staxanovçuluq hərəkatının sovet insanına mənəvi psixoloji baxımdan nə cür zərbə endirdiyini açıq-aydın sübutlarla göstərir. Tarlada işləməyə məhkum edilən hamilə qadının Stalin rejiminin "bərəkallahına" görə bətnindəki körpəsini qurban verməsini bütün acı-ağrısı, yurdunun taleyinə narahatlığı ilə ifadə edir".
Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələr öz dilimizdə işıq üzü görüb: "Bu hekayələr Ceyhun Hacıbəylinin daxili dünyasını, onun narahat təbiətini, yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir. Bu əsərlərdə dövrün, zamanın girdabına məhkum edilən insanların əzablı həyatı məharətli şəkildə öz əksini tapıb".
M.Teymur Azərbaycanı birdəfəlik tərk edən Ceyhun Hacıbəylinin 90-cı illərdə vətənə ruhən qayıdışını həmişəlik qayıdış hesab edir: "O, bu dəfə Vətənə həmişəlik qayıtdı.
Azərbaycana tükənməz sevgisi, böyük mübarizəsi ilə Vətən üçün yaşadığını sübut etdi. Onun arxivimizdə mühafizə edilən yaradıcılıq soraqları içərisində Qarabağ folkloruna həsr edilmiş yazıları diqqəti xüsusi cəlb edir. Onun şəxsi fondundakı əsərlərinin sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi, mövzu rəngarəngliyi maraqlı nüanslardandır. Artıq neçə ildir ki, Ceyhun Hacıbəylinin şəxsi fonduna tədqiqatçı kimi müraciət edənlərin sayı artmaqdadır. Ceyhun bəyin arxivi sağlığında çox səliqəli formada imiş".
Ramiz Abutalıbov hələ 1990-cı ildə SSRİ dağılmamış Ceyhun Hacıbəylini arxivini böyük bir əzabla Parisdən Moskvaya, oradan da Bakıya gətirməyə müvəffəq olmuşdu: "Yeri gəlmişkən, onu da qeyd edim ki, Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr etdirdiyi "Parisdə keçən günlər" adlı əsərini kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir dildə yazılmış həmin əsərdə Ceyhun Hacəbəylinin şəxsiyyəti, yaradıcılığı, mübarizəsi ilə bağlı maraqlı məqamlar var.
Ceyhun Hacıbəylinin şəxsi arxivində olan soraqlar içərisində ötən əsrin 20-ci illərinə aid fransız qəzetlərindən nümunələr, həmçinin sonrakı dövrlərdə Azərbaycanda, keçmiş SSRİ məkanında çıxan qəzet-jurnallar, kitablar o dövrün ab-havasının Ceyhun bəy tərəfindən diqqətlə öyrənildiyini göstərir. 20-ci illərdə Parisdə çıxan jurnalların birində ermənilərin Azərbaycanla bağlı soraqları öz adlarına çıxmaq cəhdlərinə qarşı Ceyhun bəyin mübarizəsini göstərən məqalə çap edilib. Ceyhun bəyin arxivində belə məqamlar az deyil."
Ceyhun Hacıbəylinin rusca yazılmış "Batumdan keçərkən" adlı xatiratı haqqında danışan M.Teymur bildirir ki, bu xatirələrdə maraqlı məqamlar çoxdur. Hə vaxtsa, bu xatirələrin çap edilməsi zəruridir. Ceyhun Hacıbəylinin bir neçə dil bilməsi onun zamanın gərdişindən yaxşı baş çıxarmasına kömək edib. O, daim keçmişimizi öyrənməyə səy göstərirdi. Azərbaycanı tarixi aspektdən öyrənir, bir millət olaraq uğrunu, uğursuzluqlarını təhlil edirdi: "O, heç zaman bir mövzuya qapanıb qalmırdı. Ceyhun Hacıbəylinin əsərlərinin hamısının ana dilimizə tərcümə edilərək ictimaiyyətə çatdırılması yaxşı bir hadisə olardı. 1994-cü ildə Ceyhun Hacıbəylinin rusca "Seçilmiş əsərləri" Bakıda nəşr olunub."
Arxivdə həmçinin Ceyhun Hacıbəylinin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər qorunur: "Bu şəkillər onun ömrü, şəxsiyyəti haqqında müəyyən təəssürat yaradır. Ceyhun Hacıbəylinin milli geyimlərimizin milli obrazlarda ifadəsi yönündə çəkdiyi şəkillər də diqqəti cəlb edir. Bu, Ceyhun Hacıbəylinin bir rəssam olaraq xəlqi soraqları qorumaq istəyindən irəli gəlir."
Maarif Teymur Ceyhun Hacıbəylinin jurnalisitika
fəaliyyətinin Abid Tahir tərəfindən araşdırıldığına diqqət çəkir. O dövrdə Azərbaycanın başına gələn fəlakətlərə dünyanın münasibəti bütün çalarlarıyla Ceyhun Hacıbəylinin yaradıcılığında görünür. Ceyhun Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyli ilə məktublaşmasına yenidən diqqət çəkən Maarif Teymur bildirir ki, o məktublarda Ceyhun bəyin ömrünün müxtəlif məqamları ilə bağlı soraqlar var: "Məlum olur ki, Ceyhun Hacıbəyli Üzeyir bəyə məktublarında sətiraltı eyhamlarla müxtəlif məsələlərə işarə edir, münasibətini bildirir. O, Bakını tərk edərkən 28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda olarkən ailə qurduğu həyat yoldaşı ilə ömrünün axırına qədər yaşayıb. Onun Timurçin adlı oğlu da olub".
Arxiv materialları içərisində Ceyhun Hacıbəylinin xaricdə yaşayarkən xəstəliyi ilə bağlı həkim tərəfindən yazılan resept nüsxələri diqqəti cəlb edir: "Mən maraq üçün fransız dilində yazılmış bu resept nüsxələriini tərcümə etdirdim. Məlum oldu ki, Ceyhun Hacıbəyli daxili xəstəliklərdən və ürək ağrılarından əziyyət çəkirmiş. Məktublarda barəsində danışılan Ceyhun Hacıbəylinin ailə qurduğu qadının əslən qarabağlı olması aydınlaşır. Məktublarında bu məqamla bağlı işarələr var".
M.Teymur Hacıbəyovlar nəslinin xalqımız qırşısında göstərdiyi xidmətlərin coğrafiyasının geniş şəkildə öyrənilməsinin vacibliyini vurğulayır: "Təəssüf ki, sovet dövründə - xüsusilə 20-30-cu illərdə ermənilər tərəfindən arxiv sənədlərinin müəyyən mənada yox edilməsi baş verib ki, nəticədə həmin dövrlərdə bəzi mənbələrlə bağlı kasadlıq hiss edilir. Bu, bizim bir millət olaraq bundan sonra arxiv sənədlərinə daha ciddi yanaşmamızı zəruri edir."
İmzası soydaşlarımıza yaxşı tanış olan Ramiz Abutalıbov Azərbaycanın YUHESKO-da nümayəndəsi olub, bu sahədə dövlətimiz, millətimiz üçün gərəkli çalışmaları var. Azərbaycanın mühacirətdə olmuş tanınmış şəxsiyyətlərinin (Məhəmməd Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Əlimərdan bəy Topçubaşovun və b.) irsinin ölkəmizə gətirilməsində xüsusi zəhməti olan ziyalılarımızdandır. O, ötən yüzilin 90-cı illərinin əvvəllərində Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış simaları, ümumiyyətlə, Milli Hökumətin süqutundan sonra mühacirət etmiş şəxslərlə bağlı sənədləri Azərbaycana gətirdi.

Uğur