XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti Layihə

XIX  əsrin  əvvəllərində  Qarabağ  xanlığı  uğrunda  rus-Qacar  rəqabəti

7-ci yazı
Professor Tofiq Mustafazadə yazır ki, Paskeviç Qarabağ xanlığının bərpasını məqsədəuyğun saymırdı. Ancaq Mehdiqulu xanın şəxsi mülklərini ona qaytarmağı lazım bilirdi. Mehdiqulu xan nəinki Rusiya tərəfə keçməyə razı oldu, üstəlik onunla birlikdə Dərələyəz dağlarına sığınmış elatları da gətirməyi vəd etdi. Bu isə qacarların 4 min əla süvarini itirməsi, rusların isə Cənubi Qafqazın sərhədlərini qorumaq üçün möhkəm müdafiə əldə etməsi demək idi. Razılıq əldə olunandan sonra Mehdiqulu xanın rus tərəfinə keçməsinə yardım göstərmək üçün general Pankratyevin başçılığı ilə Kozlov alayının iki taborundan, dörd yüz kazakdan və iki dağ topundan ibarət dəstə mayın 27-də Cəbrayıl bağlarından yola düşdü və 30-da Bazarçayı adlayıb Ağ Karvansara adlanan yerdə düşərgə saldı. Xan axşama yaxın gəlib çıxdı. Qacar qoşunları onu təqib edərək bütün əmlakını ələ keçirmişdilər. Ailəsini isə təqibdən Əli bəy xilas etmişdi.
1830-cu ildə də Cəfərqulu ağaya da Qarabağa qayıtmağa icazə verdilər. Ancaq Qarabağ əhalisi rus müstəmləkə üsul idarəsi ilə barışmaq istəmirdi. Təsadüfi deyildi ki, II rus-İran müharibəsi dövründə, 1826-cı ildə vəliəhd Abbas Mirzənin başçılığı ilə Qacar qoşunları hücum edərkən Ağalar bəy başda olmaqla xeyli azərbaycanlı onu sevinclə qarşılamışdı. Mehdiqulu xan 1845-ci ildə, Cəfərqulu ağa isə 1854-cü ildə vəfat ediblər.
Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşar saray sui-qəsdi nəticəsində qətlə yetirildikdən sonra, onun silah gücünə yaradılmış imperiyası çoxlu xırda dövlətlərə parçalandığı zaman Azərbaycan ərazisində yaranmış 20 xanlıq içərisində maddi və insan ehtiyatlarına görə seçilən xanlıqlardan olmuşdu. Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, Qarabağ xanlığı heç də boş yerdə yox, türk-müsəlman siyasi qurum və etnik zəminində yaranıb inkişaf etmişdir. Xanlıq Səfəvilər dövründə (1501-1736) mövcud olmuş mərkəzi Gəncə şəhəri olan, Araz və Kür çayları arasında, qərbdə Samxet dağları və Göyçə gölünə kimi uzanan geniş bir ərazini əhatə edən Qarabağ bəylərbəyinin zəminində yaranmış və onun ərazisinin əsas hissəsini əhatə etmişdi.
Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın sələfləri və onun mənsub olduğu Sarıcalı oymağı Qarabağın qədim sakinlərindən idi. Sarıcalı oymağı Otuzikilər tayfa ittifaqına aid olan Cavanşir tayfasına mənsub idi. Qarabağ xanlığının tarixini dörd böyük dövrə bölmək olar:
1. 1748-1763. Xanlığın yarandığı və möhkəmləndiyi dövr;
2. 1763-1797-ci illər. Xanlığın qüdrətinin zirvəsi;
3. 1797-1805-ci illər. Xanlığın tənəzzül dövrü;
4. 1805-1822-ci illər. Xanlığın Rusiya təbəəliyinə keçməsi və müstəmləkəyə çevrilməsi dövrü.
Azərbaycamn digər xanlıqlarından fərqli olaraq Qarabağ xanlığının ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Ona görə də əvvəlcə Kəbirili mahalında Bayat qalası, 1752-ci ildə Tərnəkütdə Şahbulağı adı ilə tanınan qala inşa edilmişdi. Daha sonra isə Pənahabad [sonralar Şuşa] qalası salınmışdır. Şuşa qalasının inşası təxminən 1756-cı ildə başa çatmış, həmin il Şahbulağı qalasının sakinləri, oymaqların və bir neçə kəndlərin kəndxudaları ailələrini köçürüb, bu qalanın içində yerləşdirilmişdi.
Qarabağ xanlığının tarixi əhəmiyyəti həm də onun müstəqil dövlətçiliyi qorumaq üçün göstərdiyi qəhrəmanlıq mübarizəsindədir. Məlumdur ki, 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacar 33 gün Şuşanı mühasirədə saxlasa da qalanı ala bilməyərək oradan Tiflisə yollanmışdı. Yalnız Qacar 1797-ci ilin yazında yenidən Qarabağa təkrar yürüş edərkən viran edlilən Qarabağda bu zaman iqtisadi vəziyyət ağır, aclıq təhlükəsi olduğuna görə də qalanı təkbaşına müdafiə edə bilməyəcəyini yəqin edən İbrahimxəlilxəlil xan kömək gətirmək üçün qohumu avarlı Ümmə xanın yanına getmişdi. Bəzi şəhər əyanlarının xəyanəti üzündən qısa mühasirədən sonra Şuşa təslim olmuşdu. Ağa Məhəmməd şah ikinci yürüşündə Şuşanı zəbt edə bilsə də Qarabağ xanlığım ləğv edə bilməmiş, bir neçə gündən sonra buradaca saray sui-qəsdi nəticəsində qətlə yetirilmişdi.
Bir dövlət kimi Qarabağ xanlığının öz idarəçilik aparatı var idi. Xanlıqda dövlətin başında xan dururdu. Xanlıq irsən keçirdi. Xanın ən yaxın köməkçisi vəzir idi. İbrahimxəlilxəlil xanın hakimiyyəti dövründə vəzir vəzifəsini görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif icra edirdi. Xan sarayında eşikağası, xəzinəağası, anbardarağaşı, əmiraxur və başqa vəzifələr vardı. Mahalları minbaşılar və məliklər, kəndləri isə darğalar, yüzbaşılar, kovxalar, məliklər, kəndxudalar idarə edirdilər. Əslində minbaşı və yüzbaşı rütbələri hərbi rütbələr idilər. Onlar hərbi əməliyyatlar zamanı min və yüz nəfərlik dəstələrə başçılıq edirdilər. Mahal naibləri həm inzibati, həm də məhkəmə hakimiyyətinə malik idilər. Kəndxudalar və kovxalar kənd icmaları tərəfindən seçilirdilər. Onların başlıca vəzifələri icma üzərinə düşən vergiləri toplamaqdan və kənddə asayişin qorunmasından ibarət idi. Xanlıqda digər mühüm vəzi-fələrdən bir darğa vəzifəsi idi.
Qarabağ ən böyük hərbi qüvvəsi olan xanlıqlardan idi. Xan hərbi zərurət olduqda 10-15 min döyüşçü toplaya bilirdi. Sıravi qoşunun əsas hissəsini elatlar təşkil edirdi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüfəngçiləri mahal məlikləri ilə birlikdə qoşun sıralarına alınırdılar. Xanlar xanlığın müdafiə qabiliyyətini gücləndirmək üçün qalalar və istehkamlar inşasına xüsusi diqqət yetirirdilər. Məlum olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk dövründəcə Bayat və Şahbulağı qalalarını inşa etmişdi. Xanlığın ən etibarlı qalası Pənahabad - Şuşa qalası idi. Şuşa qala divarlarının möhkəmliyi Ağa Məhəmməd xan Qacarın hücumları zamanı çox ciddi sınaqlardan uğurla keçmişdi. Şuşanın yolu üstündə də iki qala - Ağoğlan və Əsgəran qalaları inşa edilmişdi.
Qacarların Qarabağı tabe etmək cəhdləri puca çıxsa da XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəllərində Qarabağ xanlığının xarici siyasi vəziyyəti mürəkkəb və olduqca ağır idi. Bir tərəfdən yeni şah digər tərəfdən Rusiya xanlığı ələ keçirməyi planlaşdırırdılar. Xan sarayının özündə də ixtilaf müşahidə olunurdu. Xanın qocalığından istifadə edib bütün idarə işlərini öz əllərinə alan əyanlar bir-birinə düşmən olan iki qrupa bölünmüşdülər. Bu qruplardan xanın böyük oğlu Məhəmmədhəsən ağanın başçılıq etdiyi qrup rusların Cənubi Qafqazın işlərinə qarışmasım gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, xanın digər oğlu Əbüliət ağanın başçılığ etdiyi qrup isə əksinə, hər vasitə ilə şahı razı salmağa çalışırdı.
İlk əvvəllər Qacar meylli qrupun üstünlüyü müşahidə olunurdu. Bu qrupun təsiri ilə İbrahimxəlil xan şaha bəzi zahiri tabeçilik əlamətləri göstərdi. Eyni zamanda 1801-ci ildə Kartli-Kaxetiya çarlığını ilhaq edən Rusiya qəti surətdə Azərbaycan xanlıqlarının zəbt etməyə çalışır. 1803-cü ilin sonunda mühasirədən soma həmlə ilə Gəncəni alan rus qoşunlarının komandam Sisianov 1804-cü ilin yayında İrəvana yürüş edir, ancaq uğur qazanmır. O, bundan sonra əsas diqqəti Qarabağ xanlığının ələ keçirilməsinə yönəltdi. İbrahimxəlil xandan Rusiyanın himayəsinə keçmələrini tələb etdi. Belə bir şəraitdə Qarabağ xanlığında ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Vəziyyəti öz xeyrinə dəyişmək üçün Əbülfət xanı böyük hərbi qüvvə ilə Qarabağa göndərdi, lakin bununla Qarabağ xanlığı ilə münasibətləri daha da kəskinləşdirdi. Xan Rusiya himayəsini qəbul etməyi qərara aldı. Onu da göstərmək lazımdır ki, İbrahimxəlil xanın Rusiyanın himayəsini qəbul etmək istəyi heç də bütün Qarabağ əhalisinin iradəsini ifadə etmirdi. Qarabağ əhalisinin böyük əksəriyyəti, hətta İbrahimxəlil xana çox yaxın olan bəylər belə, onun bu addımına etiraz edirdilər. 1805-ci il mayın 14 [yeni təqvimdə 26-sı] İbrahimxəlilxəlil xan Sisianovun Gəncədən 20 verst aralıda Kürəkçay sahilindəki düşərgəsinə gələrək 11 maddədən ibarət himayə müqaviləsini imzaladı və sədaqət haqqında andlı öhdəlik imzalamaqla əslində xanlıq Rusiyanın yarımmüstəmləkəsinə çevrilmişdi.
Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, İbrahimxəlil xan öz suveren hüquqlarının bir hissəsindən əl çəkməklə öz taxtım və Qarabağın bütövlüyünü qorumaq istəmişdi. Ancaq çox tez bir zamanda xanın yanıldığı məlum olmuşdu. Rusiya himayəsinin qəbulundan cəmi bir il sonra yanındakı xristian məliklər tərəfindən qızışdırılan mayor Lisaneviç 1806-cı ilin yayında hücum edib silahsız xanı, onun bir neçə ailə üzvünü və qulluqçusunu - cəmi 17 nəfəri vəhşicəsinə qətlə yetirmişdi. Bu, əhalinin böyük hiddətinə səbəb olsa da Cəfərqulu ağa yaranmış vəziyyətdən rus qoşunlarını Qarabağdan qovub çıxarmaq üçün istifadə etməyib.
Xanlıq ərazisində rus və Qacar qoşunları arasında hərbi əməliyyatlar əhaliyə böyük zərbə vurdu. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, əhalinin əksəriyyəti təsərrüfatla məşğul olmaq imkanını belə itirmişdi. Rus işğalının əhali üçün olmazın bəlalar gətirdiyini görən Azərbaycanın bir çox feodal hakimləri, o cümlədən Qarabağın yeni hakimi Mehdiqulu xan artıq rus komandanlığı ilə əvvəlki kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi hallarda isə İran tərəfinə keçmək üçün imkanlar axtarırdılar. Bu bir çox cəhətdən Rusiya hakimiyyət orqanlarının amansızlığı və onlarla təhqiramiz şəkildə rəftar etmələri ilə bağlı idi. Müharibədən bir qədər sonra rus hökuməti xanlıqları ləğv edib rus zabitləri tərəfindən idarə olunan əyalətlərə çevirməyə başladı. Bundan sonra İran və Türkiyədən ermənilərin Qarabağ ərazisinə köçürülməsi prosesi gücləndi.
Bununla belə, 1992-1994-cü illər I Qarabağ müharibəsində Qarabağ erməni quldurları tərəfindən işğal olunana qədər vilayətdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etmiş, Qarabağ həmişə Azərbaycan torpağı kimi qalmış və müvəqqəti erməni işğalına baxmayaraq bu gün də dünya ictimaiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanın bu öz ayrılmaz tərkib hissəsi üzərində suverenliyini bərpa edəcəyi gün çox da uzaqda deyil.

Elçin Qaliboğlu