XX əsrin əvvəllərində milli mətbuatımız Layihə

XX əsrin əvvəllərində milli mətbuatımız

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan məşhur "Azərbaycan" qəzeti ilk rəsmi dövlət qəzeti kimi milli mətbuatın tarixində şərəfli yer tutur. Akademik İsa Həbibbəylinin fikrincə, 1918-ci il 15 sentyabrda nəşrə başlayan "Azərbaycan" qəzetinin meydana çıxması XIX əsrin ikinci yarısından başlanan və XX yüzilliyin əvvəllərində genişlənib milli hərəkata çevrilmək proseslərini yaşayan azərbaycançılıq dalğasının məntiqi nəticəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması azərbaycançılıq uğrunda aparılan çoxillik mübahisələrin, millət davasının, milli dövlət idealının özünütəsdiqi idi.
"Azərbaycan" qəzeti - qalib gəlmiş bir ölkənin, Azərbaycan Xalq Cümhuriyyəti adlanan müstəqil bir dövlətin mətbu sözçüsü idi. "Azərbaycan" qəzeti - müstəqillik əldə etmiş bir xalqın ölkəsi və milləti adından dil açıb danışması imkanının reallaşması demək idi. Eyni zamanda, "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. Hələ 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı. Təbrizdə Məşrutə hərəkatı dövründə nəşr edilən "Azərbaycan" qəzetinin də ömrü uzun sürə bilməmişdi. Bununla belə, XX əsrin əvvəllərinin milli mətbuatında necə adlandırılmasından asılı olmayaraq, azərbaycançı düşüncə üstün mövqeyə çıxmışdı. Nəhayət ki, XX əsrin əvvəllərində "Azərbaycan" adlanacaq mətbuat orqanını da zəmanə artıq hazırlamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada, "Azərbaycan" qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir.
Qəzetin baş redaktoru Üzeyir Hacıbəylin "Azərbaycan" qəzeti haqqında yazırdı: "Danışırlar ki, "Azərbaycan" qəzeti guya "Müsavat" partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan" qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir". Qəzet 1918-ci il 15 sentyabr tarixdə Gəncə şəhərində nəşrə başlamış, altıncı saydan etibarən qəzetin nəşri Bakıda davam etmişdi. İki dildə çıxan "Azərbaycan" qəzetinin Azərbaycan dilində 443, rus dilində isə 438 sayı çap olunub. İlk sayları "Heyəti-idarə", "Heyəti-təhririyyə" kimi "Redaksiya heyəti" mənasını ifadə edən məsul şəxslər qrupu tərəfindən çap edilən "Azərbaycan" qəzetinə müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, qəzetin rus variantına isə Səfi bəy Rüstəmbəyli baş redaktorluq edib.
"Azərbaycan" qəzetinin redaktorları arasında onlardan hər birinin xidmətini yüksək qiymətləndirməklə yanaşı, Üzeyir Hacıbəylinin fəaliyyəti xüsusi fərqlənib. Əvvəla, Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetinə redaktorluq etdiyi vaxt digərləri ilə müqasiyədə daha çoxdur. Bundan başqa, mətbuat sahəsində daha böyük təcrübəyə malik olan Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetinin ideya-siyasi səviyyəsinin yüksəldilməsindəki xidmətləri yüksək qiymətə layiqdir. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisinin açılması münasibətilə Üzeyir Hacıbəylinin "Azərbaycan" qəzetinin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında çap edilmiş "Tarixi günümüz" məqaləsində yazır: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır".
"Azərbaycan" qəzetinin rus dilində nəşrinin baş redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Milli Məclisinin deputatı Səfi bəy Rüstəmbəylinin tam bir istiqlalçı ruhu var idi. Onun sonralar 1933-cü ildə İstanbulda qələmə aldığı və hazırda Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan "27 aprel 1920-ci il xatirələri" adlı yazısı AXC hökumətinin süqutunun səbəbini gerçək surətdə əks etdirən qiymətli mənbədir. Səfi bəy Rüstəmbəyli xatirələrində yazırdı: "Nəhayət, 27 aprel gecəsi saat 12-də Bakıda bütün idarə, məhəllə bolşeviklərin əlinə keçdi. Bununla aşağı-yuxarı ikillik Milli Azərbaycan istiqlal tarixi qapandı. Fəqət, milli azəri türkünün istiqlal ruhunu əlindən ala bilmədilər. İşğal zəfərləri yarımçıq qaldı. Məmləkətin həqiqi övladlarının istiqlal uğrundakı qan ilə boyanmış və müttəhid bir kütlə halındakı gənc övladlarının hürriyyət və istiqlaliyyət ruhu ilə istiqlal hələ yürüyür. İmanın qüvvəsi, istiqlalın təbcili bizdə Bakı və Azərbaycan yaşadıqca yaşayacaq və bütün türk ellərini istiqlal ilə sevindirəcəkdir".
Dövrün görkəmli ziyalıları rəsmi dövlət orqanının ətrafında birləşərək "Azərbaycan"çıların möhkəm cəbhəsini yaratmışdılar. "Azərbaycan"çıların fikrinə görə, "Azərbaycan" məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur". Beləliklə, "Azərbaycan" qəzeti azərbaycançı fikirlərin və əməllərin, istiqlal idealının qəzeti idi. Tədqiqatçıların fikrincə, "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir. "Azərbaycan" qəzetinin Gəncə və Bakı nəşrlərində Xalq Cümhuriyyəti hökumətinin həyatında baş vermiş bütün hadisələr və proseslər özünün layiqli əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi, AXC Milli Məclisinin işə başlaması və fəaliyyəti, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunması, Bakı Dövlət Universitetinin yaradılması, dövlət müstəqilliyinin ildönümünün qeyd edilməsi, hətta hakimiyyətin bolşeviklərə təhvil verilməsi zərurəti və s. kimi tarixi hadisələri bütün təfərrüatı ilə öyrənmək üçün "Azərbaycan" qəzeti mötəbər mənbədir. "Azərbaycan"çılar mövzusundan asılı olmayaraq, haqqında söz açılan məsələlərə müstəqil dövlətin formalaşdırılması və möhkəmləndirilməsi mövqeyindən yanaşır, yeni qurulmuş milli hökumətin ideyalarını və əməli addımlarını xalqa çatdırırdılar.
Görkəmli publisist Məhəmmədağa Şahtaxtlının "Azərbaycanda darülfünun" məqaləsində ölkədə universitet açılması hadisəsi müstəqil dövləti qurmağın, inkişaf etdirməyin və qorumağın mühüm vasitələrindən biri olaraq dəyərləndirilir. Məhəmmədağa Şahtaxtlıya görə: "Darülfünun olmazsa... ümumi
maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz olmaz. Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, mal və mülk üçün münaqişə edən vətəndaşlarımızı... mühakimə etsin... Mədəni həyatın şəraitinə və amillərinə təhdid nəzərilə baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi, sərçeşməsi mabədəl qəvalül-darülfünundur. Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır".
Üzeyir bəy 1919-cu il yanvarın 16-dan 1920-ci il aprelin 27-nə kimi "Azərbaycan" qəzetinin baş redaktoru olub. Qəzetdə onun çoxsayda baş məqaləsi, Azərbaycan parlamanenti haqqında reportajları, teatr və musiqiyə həsr olunmuş tənqidi yazıları çap edilmişdir. "İçimizdəki Denikinlər", "İstiqlal və istiqbal ümidi", "İstefa münasibətilə", "Azərbaycan istiqbalı", "Azərbaycan parlamanı", "Qarabağ hadisatı", "Ermənistan və Azərbaycan münasibatı", "Nə istəyirlər", "Qara təhlükə" və s. məqalələr bu gün də öz aktuallığını itirməyib.
Üzeyir bəy Hacıbəyli "Eyni müamilə gözləyirik" məqaləsində yazır: "Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad artıq həyasızlıq dərəcəsinə varmışdır" ("Azərbaycan" qəzeti, 5 may 1919-cu il). "Nə istəyirlər" məqaləsində yazırdı: "Mart hadisatında (1918-ci ilin mart soyqırımı nəzərdə tutulur - S.Q.) bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biz nətövr etibar edə bilərik? Bolşeviklik naminə erməni-müsəlman qırğını salanların hansı "gözəl" sözünə və "insaniyyəti-pərvəranə" sözlərinə inana bilərik? Bolşevikləri dursun, menşeviklərinə nasıl bel bağlaya bilərik? İstiqlalımızı qəbul etmədiklərinə görəmi? Və bu gün hər bir vəsilə ilə olur-olsun "istiqlalımızı əlimizdən almaq yolunda çalışdıqlarına görəmi?" ("Azərbaycan" qəzeti, 7 may 1919-cu il).
AXC-nin dövlət bayrağı qəbul olunarkən Üzeyirbəy "Azərbaycan" qəzetinin 2 may 1919-cu il, 175-ci sayında "Bayrağımız saralmaz" məqaləsində yazırdı: "...Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətinki, daha əsir olmaq istəmir...".
Müstəqillik dövründə Üzeyir bəy həm publisistika, həm də musiqi sahəsində çalışırdı. O, 1919-cu ildə Əhməd Cavadın sözlərinə bəstələdiyi "Azərbaycan" marşı hazırda müstəqil Azərbaycan Respublikasının himnidir. "Azərbaycan" qəzetinin 1919-cu il 27 fevral tarixli 124-cü sayında göstərilirdi: "...Üzeyir Hacıbəyov tərəfindən "Azərbaycan" adlı bir balet rəqsi yazılmışdır ki, bu baletdə "tərəkəmə" səbukundədir və səhnə üçün hazırlanmaqdadır...".

Ülviyyə Tahirqızı