Erməni ordusunda yemək tapılmır, hərbi çağırışçıların olduğu avtobusa hücum edilib... Layihə

Erməni ordusunda yemək tapılmır, hərbi çağırışçıların olduğu avtobusa hücum edilib...

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Corc Nelson universitetinin fəxri professoru Riçard Kozlariç 2018-ci ildə Qarabağ məsələsi ilə bağlı 2 gözlənilməz hadisənin qeydə alındığını şərh edərkən bildirib ki, 2018-ci ildə Ermənistanda baş vermiş daxili siyasi dəyişiklik və Nikol Paşinyanın hakimiyyətə gəlməsi Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi ətrafında ciddi danışıqlar aparılmasına şərait yaradıb. Lakin 2019-cu ildə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına nail olmaq mümkün olacaqmı, bu artıq başqa məsələdir.
O qeyd edib ki, birincisi, hər iki tərəfin hərbi ritorikalı çağırışlarına baxmayaraq hərbi qarşıdurma cəbhədə geniş miqyaslı silahlı münaqişəyə çevrilməyib. Əlbəttə atışmalar və itkilər baş verib, lakin müharibəyə çevrilməyib.
"İkincisi, Ermənistanda gözlənilməz dəyişikliklər və Nikol Paşinyanın rəhbərliyi altında yeni hakimiyyət Azərbaycanla Ermənistan arasında ciddi danışıqların başlanılmasına imkan yaradıb. 2019-cu ilin əsas məsələsi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına nail olunması olaraq qalmaqdadır. Minsk qrupunun həmsədrləri tərəflərin ciddi təkbətək danışıqlar aparmasına həvəsləndirilməsi üçün vahid mövqe nümayiş etdirməyə davam etməlidirlər", - deyə sabiq diplomat bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması istiqamətində optimist irəliləyişlərə baxmayaraq, Rusiya hər iki münaqişə tərəflərini silahlandırmağa davam edir. Bununla da hər iki münaqişə tərəfi hərbi gücünü artırmağa davam edir. Kozlariçin fikrincə, bu diqqətsiz toqquşmalara səbəb olma təhlükəsini artırır. Çünki tərəflər ağır silah növləri və müasir silahların sayını cəbhə xəttində artırmaqda davam edir. Kozlariç bildirib ki, münaqişənin nizamlanmasıyla bağlı diplomatik sahədə irəliləyişlərə nail olunacağını zənn etmir. O, səhv etdiyinə ümid etdiyini bildirib.
Pərdə arxasında ciddi danışıqlar aparıldığına ümid etdiyini qeyd edən sabiq səfir bildirib ki, onu Birləşmiş Ştatların xarici siyasətdəki gözlənilməz və xüsusilə də, İranla bağlı addımları narahat edir.
Onun sözlərinə görə, Boltonun Cənubi Qafqaza səfərinin əsas məqsədi İrana qarşı Birləşmiş Ştatların mövqeyinin möhkəmləndirilməsindən ibarətdir.
"Əgər bu, doğurdan da, belədirsə, Birləşmiş Ştatların Azərbaycan və Ermənistana diqqətinin əsas məqsədi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesinə deyil, İran məsələsi ilə bağlı olacaq", - deyə o əlavə edib.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, işğalçı ordunun son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax istiqamətində və təmas xəttində atəşkəsi mütəmadi pozması Nikol Paşinyanın danışıqlar prosesindən uzaqlaşmaq cəhdi ola bilər. Çünki hazırda onun münaqişənin həllində real imkanları aşağı səviyyədədir.
O qeyd edib ki, N.Paşinyanın Azərbaycan tərəfi ilə şifahi razılaşması oldu və bu razılaşma əsasında bir müddət cəbhədə nisbi sakitlik hökm sürdü:
"Görünür, Paşinyan Azərbaycanın ona verdiyi şansdan sui-istifadə edərək, parlament və digər icra strukturlarında mövqeyini möhkəmləndirdikdən sonra danışıqlardan yayınmağa cəhd edir. Amma onun bu avantürası aprel döyüşlərinin yenidən təkrarlanmasına gətirə bilər. Bu da Paşinyanın siyasi iflası olar.
Hazırda Paşinyanın Rusiya ilə qaz məsələsində anlaşmada istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinlikləri daxili narazılıqları körükləyir. Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi onu dilemma qarşısında qoyur.
Qeyd edim ki, erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilərlər. Bununla onlar danışıqlar prosesini sıfırlamağa çalışırlar. Nə qədər ki, Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərsizləşdirməyib, onun danışıqlarda müstəqil şəkildə qərar verməyi mümkün olmayacaq. Bir tərəfdən də Rusiya danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadır. Moskva münaqişənin həllinə öz regional rakursundan yanaşır. Kreml "3+2" formatında həll variantını irəli sürür və Qarabağa aralıq statusu verilməsini önə çəkir. Bununla bərabər öz sülhməramlı qüvvələrini Xankəndidə yerləşdirməyi planlayır. Bu variant təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil".
Politoloq onu da bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti danışıqları gözlənilir:
"Danışıqların detalları barədə məlumat verilməsə də, Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansı danışıqlara getməz. Münaqişə ətrafında əsas proses aprel ayından sonra başlayacaq. İl ərzində intensiv danışıqlarda Rusiya da iştirak edəcək. Problem ondadır ki, Kremlin irəli sürdüyü şərtlər danışıqlara mənfi təsir edəcək. Bu da il ərzində danışıqlar prosesinin davam etməsinə xidmət edə bilər. Rəsmi Bakı da məhz bu kimi ssenarilərin qarşısını almağa çalışacaq".
Politoloq İlqar Vəlizadə isə deyib ki, baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan özü etiraf etmişdi ki, Qarabağda xidmət edən oğlu evə məktub ünvanlayaraq ona yemək göndərilməsini deyib. Bax, həmin ordudur: ölkənin baş naziri etiraf edir ki, kifayət qədər yaxşı yeməklə təmin olunmur".
Politoloq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayının artmasına diqqət çəkib:
"Ermənistan ordusunun çatışmazlıqları ilə bağlı mediada bir çox məlumat var. Bir əsgərin xidməti postunu tərk edərək qaçması da bunlardan biridir. İnformasiyaların əksəriyyəti real faktlara əsaslanır. Lakin buna baxmayaraq, Ermənistan ordusu işğalçılıq siyasətindən əl çəkmir. Ona bu işdə kömək edən isə çox təəssüf ki, Rusiyadır. Hətta Rusiya ekspertləri açıq şəkildə bildirirlər ki, bu ölkə olmasa, Azərbaycan çoxdan Dağlıq Qarabağı və onun ətraf rayonlarını azad etmişdi. Bu ordunun vəziyyəti, əslində, məxsus olduğu ölkənin nə dərəcədə müstəqil siyasətə malik olmasından xəbər verir. Ona-buna arxalanaraq bizim ərazilərimiz işğal altında saxlamaq niyyətində israrlı olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini də bu prosesə cəlb etmək istəyirlər. Bu cəhdlər hələ də davam edir. Aprel döyüşləri zamanı onlar açıq şəkildə deyirdilər ki, Azərbaycan bizə hücum edir, siz isə sakit şəkildə izləyirsiniz. Bu da onu göstərir ki, Ermənistan lazımi cavab verməkdə acizdir.
O ki qaldı, ordunun vəziyyətinə. Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan özü etiraf etmişdi ki, Qarabağda xidmət edən oğlu evə məktub ünvanlayaraq ona yemək göndərilməsini deyib. Bax, həmin ordudur: ölkənin baş naziri etiraf edir ki, kifayət qədər yaxşı yeməklə təmin olunmur. Əsgər anaları isə İrəvanda narahatlıqlarını dilə gətirmək üçün tez-tez piketlər keçirir. Ermənistan ordusunda, adətən, yoxsul təbəqənin övladları xidmət edir. Ona görə də valideynlər acizlik içində qalıblar ki, onlara necə qida göndərsinlər. Hökumət isə bu problemi həll etməkdə acizdir. Çünki hazırda Ermənistanın başında daha böyük bəlalar dolaşır".
Ermənistan ordusunda əsgərlərin yeməklə təmin olunması bir yana, səhhətində problem olan çağırışçılar da zorla hərbi xidmətə aparılır. Ona görə ki, işğalçı ölkənin ordusunda xidmət edən tapılmır, gənclər xaricə qaçır, fərarlik edirlər. Bu arada qeyd edək ki, 2018-ci ilin yay çağırışında hərbi xidmətə çağırılan Armen Tadevosyanın səhhətindəki problemlər barədə 19 sentyabr 2018-ci ildə "armtimes.com" xəbər portalından məlumat əldə edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi onun hüquqlarının müdafiə olunmasını öz öhdəsinə götürüb.
Məlumata görə, hərbi qulluqçunun atası 21 sentyabr 2018-ci ildə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət edib.
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən bildiriblər ki, müxtəlif xəstəliklərinin olmasına baxmayaraq, hərbi xidmətə yararlı hesab edilən hərbi qulluqçu Armen Tadevosyan ilk növbədə Vanadzor hərbi hospitalında, daha sonra Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik hərbi hospitalında müalicə olunub. Lakin atasının verdiyi məlumata görə, müayinələr formal xarakter daşıyıb və onun xəstəliyinin müalicəsi üçün tədbirlər görülməyib. Hərbi qulluqçunun səhhətindəki problemlə əlaqədar planlı əməliyyat edilməsi zərurəti qeyd edilsə də, təşkilatın araşdırmasına görə qeyd edilən xəstəlik təcili əməliyyat edilməsini tələb edib.
Müayinə zamanı əsgərin sol tərəf venalarının patologiyası, qan dövranında orta dərəcədə pozulma kimi xəstəlikləri, əlavə müayinələr zamanı isə 1.7 mm olan, daha sonra 2.0 mm ölçüyədək böyüyən sol böyrək kistası, ağciyər çatışmazlığı pozğunluğu və yüksək təzyiq kimi xəstəlikləri olub.
Yuxarıda qeyd edilən problemlərlə bağlı HVA-nın Vanadzor ofisi 2 oktyabr 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. 19 oktyabr 2018-ci ildə hərbi qulluqçu sol tərəfli varikaselidən əməliyyyat edilib və səhhəti ilə bağlı məzuniyyət verilib. Məzuniyyətdən qayıtdıqdan sonra 11 noyabr tarixində sağ aşağı ətrafın varikoz genişlənmiş damarların cərrahiyyə yolu ilə çıxarılması həyata keçirilib.
Yeri gəlmişkən, dünən isə erməni mətbuatının yazdığına görə, Ermənistanda hərbi çağırışçıların olduğu avtobusa hücum edilib. Çağırışçıları hərbi komissaralığa aparan avtobusa hücum yanvarın 8-də baş verib.
Avtomobildə olan bir qrup gənc avtobusu əhatəyə alıblar. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə söyməyə və yumruqlamağa başlayıblar. Qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər.
Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə nazirliyinin maşınına ciddi ziyan vurublar.
Artıq polis insidenti törədənlərdən birini yaxalaya bilib. Hadisənin digər iştirakçıları isə gizləniblər.

Cavid