“Azərbaycan üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil” Layihə

“Azərbaycan üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil”

"Bu, görüşlərin indiki intensivliyini mürəkkəbləşdirəcək. Ona görə ki, Azərbaycan tərəfi üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil".
Bu barədə britaniyalı siyasi analitik Neyl Makfarleyn erməni mətbuatına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin danışıqlar ətrafında sərgilədiyi mövqe dəyişməyib və ehtimal edilən toqquşma mümkündür.
"Lakin erməni tərəfinin mövqeyi nədən ibarətdir, əsas budur. Hesab edirəm ki, burada heç nə dəyişməyib.... Uzun zaman ciddi danışıqlardan yayınmağın mümkün olmayacağı aydın olur və tərəflər bir-birinin mövqeyi ilə yenə toqquşacaqlar", - deyə Makfarleyn qeyd edib.
Təmasların yaradılmasına gəldikdə isə analitik hesab edir ki, hazırda baş verən rəhbərlər arasında təmas, nazirlər arasında isə məsləhətləşmələr xarakteri daşıyır.
"Erməni tərəfi bir daha təsdiq etdi ki, sülh müqabilində ərazilər qəbulolunmazdır. Öz növbəsində Azərbaycan da öz mövqeyini təsdiqləyib. Belə bir aydınlıqla son zamanlar, tərəflər mövqelərini açıqlamayıb. Bunu tərəflər istəsə də, istəməsə də danışıqlar prosesində tərəflərin rəqibin düşüncələri barədə gözləntiləri aydınlaşacaq. Bu isə görüşlərin indiki intensivliyini mürəkkəbləşdirəcək. Ona görə ki, Azərbaycan tərəfi üçün danışıqlar naminə danışıqlar qəbulolunan deyil. Azərbaycan bu mərhələdən faydalanaraq, hər hansısa imkanı yaratmaq arzusundadır", - deyə Makfarleyn vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması masası ətrafında münaqişə tərəflərinin nazirlər və ölkə rəhbərlərinin səviyyəsində sülhə hazırlaşma razılaşmalarının həyata keçirilməsi üçün təmasların davam etdiyi bir vaxtda Ermənistan münaqişənin nizamlanmasında öz təxribatçı baxışlarını yenidən təsdiq edir.
Belə ki, Ermənistan hökumətinin təxribatçı bəyanatlarına cavab olaraq, bu günlərdə Azərbaycan prezidenti öz iqamətgahında şəhid ailələri ilə görüşü zamanı bir daha bəyan etdi ki, güclü Azərbaycan ordusunun imkanları, təsiri və artan imkanları hesabına danışıqlar prosesində Azərbaycanın mövqeyi kifayət qədər güclənib.
Prezident vurğulayıb ki, ərazi bütövlüyünün bərpa edilməsi ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq dəstək verib. Azərbaycan xalqı və hökuməti heç zaman bu işğalla barışmayacaq, deyə prezident əlavə edib ki, ölkəmiz bunu döyüş meydanında da sübut edib.
Növbəti gün prezident İlham Əliyevin bəyanatına cavab olaraq, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin təxribatçı açıqlamalarına "aydınlıq" gətirməyə cəhd edərək bildirib ki, status və təhlükəsizlik məsələləri ilə bağlı Ermənistanın mövqeyinin nədən ibarət olduğunu xatırlatmağa zəruri ehtiyac yoxdur.
"Ermənistanın nə dərəcədə qətiyyətli olduğu, özümüzü və Qarabağı necə qoruya biləcəyimizi deməyə ehtiyac yoxdur. Öz imkanlarımızı bilirik, lakin problemi sülh yolu ilə həll etməyə çalışırıq", - deyə Ermənistan XİN rəhbəri öncəki açıqlamalarından heç də fərqlənməyən bəyanat səsləndirib.
O, həmçinin Münxendə keçiriləcək təhlükəsizlik iclası çərçivəsində azərbaycanlı həmkarı ilə mümkün görüşü barədə danışaraq, bunun baş tuta biləcəyini istisna etməyib. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, nazirlərin görüşünün məkanı və zamanı hələki qəti müəyyən edilməyib. Azərbaycan Xarici İşlər Nazirliyi, həmçinin Paşinyanın dediklərinə də haqlı olaraq kəskin reaksiya verib.
Xatırladaq ki, Paşinyan bildirib ki, Ermənistan sülh müqabilində ərazilər qətnaməsini ümumiyyətlə müzakirə edə bilməz. O, həmçinin qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə onun görüşləri danışıqlar deyil, qeyri-rəsmi təmaslardır. Bu təmaslar zamanı birbaşa fikir mübadilələri aparılır.
Minsk Qrupu həmsədr ölkələri tərəfindən danışıqların bərpa edilməsi üzrə təşəbbüsün olub-olmadığı barədə sualı Paşinyan belə cavablandırıb: "Bu məsələ Xarici İşlər nazirlərinin müzakirə gündəliyindədir. Biz cənab İlham Əliyevlə demişik ki, bu mövzu ilə bağlı Xarici İşlər nazirləri iş aparır. Onlar həmsədrlərlə birlikdə bizə tövsiyyələr təqdim edəcək, biz isə necə rəftar etməyə qərar verəcəyik".
"Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?", - deyə Azərbaycan XİN-in açıqlamasında vurğulanıb.
Bu arada "Sputnik Ermənistan"a açıqlamasında erməni politoloq Yervand Bozoyan deyib ki, Qriqori Karasinin Ermənistana səfərinin məqsədi İrəvanın Qarabağla bağlı elə də aydın olmayan mövqeyini dəqiqləşdirmək olub.
"Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyır. Paşinyanın İlham Əliyevlə Davosdakı görüşündən və Con Boltonla müzakirəsindən sonra hansısa prosesin getməsiylə bağlı təəssürat yarandı. Erməni ictimaiyyətinin çoxunda narahatlıq var. Rusiyada da həmçinin ABŞ-ın Qarabağın həlli təşəbbüsünü üzərinə götürməsiylə bağlı narahatlıq özünü göstərirdi. Rusiya başa düşmək istəyir ki, yaxın gələcəkdə Ermənistandan danışıqlar prosesi çərçivəsində hansı mövqeni gözləmək olar. Hazırda çox ziddiyyətli proses gedir, prinsiplər aydın deyil. Erməni hökuməti Madrid prinsiplərinin dəyərləndirilməsindən yayınır, amma buna qarşılıq heç bir baza göstərmir", – deyə o bildirib.
Politoloq Elşad Mirbəşiroğlu isə deyib ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı provokasiya xarakterli bəyanatlar verirdi. Həmçinin də onun fikirlərində aşkar parodoksallıq var idi. Yəni bəzən bir fikir deyirdi daha sonra isə özü başqa fikri ilə onu təkzib edirdi. Təbii ki, bu da Paşinyanın münaqişənin tənzimlənməsi istiqamətində gələcək hərəkətləri ilə bağlı qeyri-müəyyənlik yaradır. Paşinyan təbii ki, "Qarabağ kartı"ndan istifadə etməkdə israrlı görünür. O öz hakimiyyətini möhkəmlətmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bir alət kimi görməkdədir.
Politoloqun sözlərinə görə, onun Almaniyaya səfəri zamanı da münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlər ona dəlalət edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirəcəkdir: "Ərazisini itirmiş Azərbaycan tərəfindən hansısa kompromis gözləyən işğalçı rejimin rəhbəri ilə hansı konstruktiv danışıqlara getmək olar? Bu başdan demək olar ki, Paşinyanla hansısa danışıqlar qeyri-konstruktiv xarakterli olacaq. Bu baxımdan hesab edirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində işğalçı rejimi işğalçılıq siyasətindən əl çəkməyə məcbur edəcək başqa səviyyələrdə addım atılmalıdır. Təbii ki, Azərbaycan hərbi, siyasi cəhətdən Ermənistandan qat-qat üstündür. Bunu Ermənistan da dərk edir. Paşinyanın səsləndirdiyi fikirlər əsasən blef xarakteri daşıyır. Paşinyan artıq bilir ki, Azərbaycanın beynəlxalq səviyyədə ciddi dəstəyi mövcuddur və Azərbaycanın ədalətli mövqeyi dəstəklənir".
Millət vəkili Musa Qasımlının fikrincə, Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzünün gedişində Ermənistan Xocalıda günahsız mülki əhalini məhv etməklə, soyqırımına məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət törədib.
Onun sözlərinə görə, Ermənistan dövlət səviyyəsində dəhşətli cinayət edib: "Cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi "hücum diplomatiyası"nın həyata keçirilməsi Xocalıda törədilən soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Ermənilərin 200 ildən çox apardıqları yalan təbliğata qarşı Azərbaycan həqiqətləri ortaya qoyulub və düşmənə ağır zərbə vurulub. Xüsusən, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində görülən işlər göz önündədir. Lakin biz kifayətlənməməliyik. Səylərimizi daha da artırmalıyıq. Çünki düşmən düşmənçiliyindən əl çəkməyib və torpaqlarımızı hələ də işğal altında saxlayır".
Bu arada erməni KİV yazır ki, işğal altında olan Qarabağda qulluq edən düşmən ordusunun zabit və əsgərləri ərzaq və verilən kompensasiyadan narazıdırlar.
Qarabağda qulluq edən düşmən ordusunun zabit və müddətli xidmət hərbi qulluqçuları öz məişət, maddi və digər şəraitlərindən narazıdırlar.
Onlar inqilabdan sonra vəziyyətin dəyişəcəyinə ümid etsələr də, qeyd edirlər ki, vəziyyət dəyişməyib, yenə də evdən alt paltarları aparırlar, ərzaq isə dəyişməz olaraq qalır.
Əsgərlər bildirir ki, verilən yeməklərdən mədə ağrıları yaranır və bəzi duşonka növlərindən daim mədə yanması baş verir. Erməni əsgərlərindən biri bildirib ki, hakimiyyət tərəfindən bütün deyilənlər və baş verənlər bir aktyorluqdur.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi son zamanlar jurnalistlərə təntənəli şəkildə 2018-ci ildən etibarən əsgərlərə verilən ərzaq və geyimlərdəki dəyişiklikləri nümayiş etdirib. Hazırda isə təbii bal, sarımsaq, yeddi növ quru meyvə, cəbhədə xidmət edənlər üçün əlavə həftədə bir dəfə sulu yemək, çörəklə bərabər yuxa veriləcəyi də qeyd edilib.
Bununla bağlı "Facebook"da tanınmış erməni istifadəçilərindən biri, hətta niyə rus ordusunun əxlaqlarını orduya gətirirsiniz deyə, tənqid edib və təbii yağı, yəni donuz yağını faydalı qida növü adlandırıb.
Erməni zabitlər isə əsasən dövlət tərəfindən işğal altında olan Qarabağda mənzil kirayəsinə görə cəmi 20 min dram kompensasiya ödənilməsindən narazılıq ediblər. Hazırda Xankəndində mənzil kirayəsinin ən azı 50 min dram təşkil etdiyi vurğulanıb. Bu baxımdan narazı erməni hərbi qulluqçuları məlum mükafatlandırmalar (Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin mükafatlandırılması-red.) dəhşətli dərəcədə təəccübləndirib.
Cavid