Bakının azad olunması dövrün mətbuatında Layihə

Bakının azad olunması dövrün mətbuatında

Bakının azad olunması xəbərini sentyabrın 15-də "Azərbaycan" qəzeti xəbər vermişdi

II yazı

Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. Dörd səhifədən ibarət olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində buraxılırdı. Qəzetin Gəncədə cəmi dörd nömrəsi çap olunmuşdu ki, axırıncı, yəni dördüncü nömrəsinin üç səhifəsi rus dilində, bir səhifəsi isə Azərbaycan türkcəsində idi. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq
doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdi: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Feriq Nuru".
Tədqiqatçı Akif Aşırlı bu barədə "Cümhuriyyət Dövrü Mətbuatında "Qafqaz İslam Ordusu"" kitabında yazır ki, "ordunun Bakını azad edib Azərbaycanı "başsız bədən" olmaqdan qurtarandan sonra Nuru Paşanın sayğı ilə Azərbaycan Cümhuriyyəti rəhbərini paytaxta dəvət etməsi onu göstərir ki, artıq yersiz mübahisələr aradan qaldırılmış,
komandanlıqla siyasi rəhbərlik arasında münasibətlər normallaşmışdı". Bakı azad edildikdən sonra Osmanlı-Azərbaycan münasibətlərinə toxunan T.Svyatoçovski
yazır: "Osmanlı generalı artıq Azərbaycanın daxili işlərinə qarışmaqda son dərəcə ehtiyatlı hərəkət edirdi, hərbi məsələlər istisna olunarsa, bütün qalan işlərin yerli
hakimiyyət tərəfindən həyata keçirilməsini gözləyirdi".
Bakının azad edilməsi barədə məlumatı İstanbulda olan
Azərbaycan nümayəndələrinə Ənvər Paşa çatdırdı: "Əmin bəy, Bakı alındı". "Azərbaycan"ın ikinci sayında M.Ə.Rəsulzadənin baş nazir Fətəli Xan Xoyskiyə ünvanladığı təbrik teleqramı dərc olunub: "Paytaxtımızın istidadından dolayı təht idarə alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərinin ixtilası üçün sarsılmaz bir qələyi mətin olması ümidi ilə bütün arkadaşlarımızla öpüşürüz. Azərbaycan heyət mürəxəsəsi naminə Məhəmməd Əmin Rəsulzadə".
Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması xəbəri Türkiyə mətbuatının da əsas aparıcı mövzularından oldu: "Etibarlı mənbələrə görə, Bakı şəhəri 36 saat sürən şiddətli müharibədən sonra Azərbaycan ordusu tərəfindən
zəbt olunmuşdu. Bakıdaki ingilis və bolşeviklərə kömək haqqında məlumat gəlməmiş, fəqət bunların əksər hissəsi əsir edilmişdi. Bakının zəbti və azad edilməsi xəbəri şəhərimizdə olan Qafqaz heyəti arasında milliyyətçilik təəssüratına
səbəb olmuşdu. "Perapalas" otelində iqamət edən Qars, Batum və Ərdal heyəti bu xoş xəbərlə Azərbaycan heyəti ilə hörmətli Rəsulzadə bəyi tebrik və belə məsud bir
hadisəni milli bayram etmiş, qürur və sevinc hissini duyduqlarını heyətə bildirmişdir".
Həmin qəzetin 21 sentyabr tarixli xəbərində isə Vakının azad olunması geniş şəkildə, təfərrüatlarla öz əksini tapmışdı: "Bakının zəbti xəbəri Qafqazla bütün islam əhalisindən mərkəzinə gülərüzlük, təşəkkür və uğur dua etdikləri, Bakının zəbtini həyata keçirən orduların fədakarlığı hər tərəfdə sevinc və minnətdarlıq hissiylə qarşılanmış, mayor Fehmi bəyin əmrindəki 56-cı polku ingilislərə qarşı saatlarca sürən cavab hücumlarla fədakarlıq göstərmiş, saysız əsir və qənimət ələ keçirilmişdi". İstanbulda çıxan "Sabah" qəzetinin 17 sentyabr sayında belə bir xəbər dərc olunmuşdu: "Şəhər 38 saat sürən şiddətli müharibədən sonra azad edilib. Bütün neft mədənləri ələ keçirilib".
"Yeni gün" qəzeti isə bu barədə yazır: "Bakıda artıq Azərbaycan bayrağı dalğalanır. Azərbaycan hərbi hissələri Bakını azad etmişlər. Eyni dinə və eyni qana sahib
olduğumuz qardaşlarımızı təbrik edirik. Bəlli olduğuna görə, axır vaxtlar Azərbaycanın paytaxtı olan Bakı kiçik bolşevik dəstələrinin və erməni avantüristlərinin əlində idi ki, onu da azərbaycanlıların milli-hərbi qüvvələri sıxışdırıb çıxartdı".
Tədqiqatçı Akif Aşırlı "Cümhuriyyət Dövrü Mətbuatında "Qafqaz İslam Ordusu"" kitabında yazır ki, "36 saat sürən Bakı döyüşündə Qafqaz İslam Ordusunun əsgəri 1000 nəfərdən çox idi. Avqust ayının əvvəllərindən sentyabrın 16-dək olan müddətdə təkcə 5-ci Qafqaz diviziyasının itkisi 1130 nəfərə çatmışdı. Bakının azadlığı ilə nəticələnən 14-15 sentyabr müharibəsində 15-ci piyada diviziyasından 5 zabit əsgər şəhid olmuş, 374 əsgər yaralanmış, itkin düşənlərin sayı isə 73-ə çatmışdı. Bakı ətrafında və şəhərdə xeyli sayda əsir götürülmüşdü".
"Azərbaycan" qəzetinin sentyabr ayının 15-də çıxan ilk sayında "Bakının süqutu" rubrikası altında dərc edilən məlumatda 30 min ingilis, rus və erməninin əsir götürüldüyü
bildirilirdi. Digər bir məlumatda isə Bakının alınması zamanı 8000 ingilis əsgərinin əsir alındığı əksini tapırdı.
Xəlil Paşa "Bitməyən savaş" memuarında Bakıya daxil olmalarını belə xatırlayır: "Nuru Paşa məndən daha əvvəl şəhərə girərək böyük bir oteli özünə qərargah etmişdi. Mən də sonra şəhərə daxil oldum. Cəngavər ruhlu və böyük
vətənpərvər Nuru Paşanın bu, bəlkə də həyatının ən gözəl günüydü".
Xəlil Paşa aylardan bəri Azərbaycan türklərinin dəhşətə məruz qaldıqlarını bu şəkildə təsvir edir: "Şəhər ingilislər tərəfindən idarə edildiyi zaman ermənilər və bolşeviklər yerli türk xalqlarına qarşı geniş bir qətl hərəkatına
başlamışdılar. Şəhərin hər məhəlləsində ermənilər qətlə yetirdikləri türklərdən cəsəd qalaları qurmuş və bütün vəhşiliklərini göstərmişdilər. Qadınlar ədəb yerlərindən süngülənmiş və bıçaqlanmışdı. Uşaqlar isə ata-analarının
meyitlərindən qurulan qalanın bürcü olmuşdu".
Bakı azad olunan gün 14-15 sentyabr tarixlərində bu qəddarlığın cavabını vermək istəyən Azərbaycan türkləri
ilə ermənilər arasında küçə savaşları başlamışdı. Bakıdakı türkləri qətliamlara düçar edən ermənilər törətdikləri qırğınlara, qanlı olaylara görə bu dəfə cavab verirdilər. Ancaq Azərbaycan hökumətinin səyi və Qafqaz İslam Ordusunun əmri ilə bu qanlı qarşıdurmaların qarşısı alındı. Çox təəssüf ki, Qafqaz İslam Ordusunun və milli hökumət rəhbərlərinin səyi və təminatları ilə həyat və əmlaklarının
təhlükəsizliyinə nail olan ermənilər çox keçmədi Avropaya yalanlar oxumağa başladı. Mudros barışığına əsasən Azərbaycanı tərk edib Türkiyəyə dönən orduya qarşı guya
sentyabrın 15-də erməni qətliamının həyata keçirildiyi barədə əsası olmayan iddialar qaldırıb, Erməni Milli Şurasının səyi ilə Bakı komendantlığında fövqəladə
təhqiqat komissiyası yaratmağa nail oldular.
Akif Aşırlı eyni adlı kitabında qeyd edir ki, "mərkəzi qərargahı Tiflisdə yerləşən Erməni Milli Komitəsinin üzvləri Şərq orduları qrupu komandanı Xəlil Paşadan müsəlmanların 31
martda kütləvi şəkildə ermənilər tərəfdən qətlə yetirildiyinə görə üzr istəyərək, bu cinayətdə əli olanların cəzalandırılmasına etiraz etmədikləri tarixi fakt olaraq
qalır". Paytaxtın geri alınmasından sonra isə Gəncədə olan Qafqaz İslam Ordusu qərargahı şəhərin azad olunması ilə bağlı Bakıya köçmüşdü. Mətbəəsi 31 martda dağıdılan "Açıq söz" qəzeti öz fəaliyyətini bərpa etdi. Qəzetin 20 sentyabr tarixli sayında Abdulla Şaiqin "Niyə belə gecikdin" şeiri Qafqaz İslam Ordusunun azadlıq yürüşünün tərənnümü idi. Azərbaycan paytaxtının türk əsgərinin köməyi ilə azad
edilməsi Azərbaycan türkləri üçün sonsuz bir sevinc gətirmişdi. Ordu komandanlığı sentyabrın 16-da bu təntənəli tarixi qeyd etmək, hərbi hissələrin paradını, rəsmi keçidini keçirmək qərarına gəldi. Şəhərin tamamilə düşməndən
azad olunan günü Nuru Paşa Mürsəl Paşaya belə bir teleqram göndərmişdi: "Xəlil Paşa həzrətləri ilə sabah Puta stansiyasından hərəkət edərək günortadan əvvəl, saat
10-da Bakıya daxil olacağam. Rəsmi keçidi buna görə Bakının şimal stansiyası civarında, münasib yerdə keçirməyi rica edirəm".
"Azərbaycan" qəzeti 22 oktyabr tarixli sayında yazırdı: "Bakının qoşunlarımız tərəfindən alınması bütün dünyada siyasi əhəmiyyət daşıyır. Lakin yaddan çıxarmaq
olmaz ki, diplomatik danışıqlar üçün çox iş görmək lazımdır".
Azərbaycan hökumətinin Bakıya köçməsi ilə baş nazir Fətəli Xan Xoyski hökumət bəyannaməsini müxtəlif qəzetlərdə dərc etdirirdi: "Paytaxta, yeni Bakıya köçmüş Azərbaycan hökuməti şəhərdə və ətrafda yaşayan bütün əhaliyə din və millət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin
tabeliyi altda yaşayan heç bir millətə pis münasibət bəslənməyəcək, caniləri, soyğunçuları, qatilləri və camaatın asayişini pozanları hökumət ağır cəzaya, edama belə düçar edəcəkdir. Əhali bunu bilməlidir ki, cinayətlə, soyğun və qarətlə məşğul olanları harada görsələr, lazımi orqanlara xəbər versinlər. Türk və Azərbaycan hökumətinin şan və şərəfinə yaraşmaz ki, onun paytaxtında günahsız adamların
haqq və hüququna təcavüz olunsun".
Nuru Paşa öz xatirəsində bir çox məsələlər kimi mətbuatın vəziyyətinə də toxunmuşdu: "Bakıda "Azərbaycan" namında bir türkcə (rəsmi hökumət qəzetəsi) bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe kuomandanlığından bir senzor
heyəti tərəfindən müraqiə edilirdi". Əsasən hərbi məzmunlu yazılarda senzorun kəsmiş olduğu hissələr, ağ yerlər "Azərbaycan" qəzetinin az sayda nüsxələrində açıq-aydın görünür ki, bu da Azərbaycan Cümhuriyyətini ideoloji təxribatlardan qorumaq mahiyyəti daşıyırdı.
Nuru Paşa ətraf rayonlara səfər edir, xalqla birbaşa təmas qururdu. Onun növbəti səfərlərindən biri oktyabr ayının 5-də Qubaya oldu. Bu barədə "Azərbaycan" qəzeti yazırdı: "Ruhanilər başda olmaqla bir neçə min əhali Paşa cənablarını qarşılamışlar. Şəhər xalçalarla bəzənib,
damlarda bayraqları küləklər oxşayır. Küçələrə xalçalar, gəbələr döşənib. Salavat səsləri və "min yaşa, paşam" alqışları eşidilir, ta uzaqlara gedir. Avtomobillər
irəliləyirlər. İki tərəfdə adamlar dayanıb. Quba qayimməqamı Əmir Xan Xoyski paşaları qarşılayıb ruhanilərlə birlikdə salamlayır. Ənvər Paşa, Nuru Paşa və Mürsəl
Paşaya həsr olunmuş nəğmələr oxunur. Məktəblilər "Yaşasın paşamız!", "Yaşasın ordumuz!" deyə oxuyurlar". Qubada xalqın xilaskar kimi qarşıladığı Nuru Paşa öz çıxışında 19 yaşdan 24 yaşınadək olanların hərbi xidmət keçməsinin vacibliyindən
danışır.

Ülviyyə Tahirqızı