“Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu” Layihə

“Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu”

II

Akif Aşırlı "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabında yazır ki, "Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi Sovet Rusiyasının ciddi etirazları ilə müşayiət olundu. Sentyabrın 20-də Rusiya xarici işlər naziri Çiçerin nota verərək "tatar quldur dəstələrinin köməyi ilə" türk qoşunlarının Bakını azad etməsini Sovet Rusiyasının ərazisinə təcavüz kimi qiymətləndirdi və bu nota bir gün sonra, sentyabrın 21-də "İzvestiya" qəzetində çap etdirildi. Brest müqaviləsinin Türkiyəyə aid hissəsinin qüvvədən düşdüyünü elan edən Sovet Rusiyası əslində müqavilənin sözügedən bəndlərinin Bakı üzərində qurulduğunu təsdiq etmiş oldu. Türkiyə səfiri Moskvada olmadığı üçün notanın Berlində olan Osmanlı səfirliyi vasitəsilə İstanbula çatdırılması nəzərdə tutulurdu. Lakin Tələt Paşa Berlində olduğu üçün Qafqazda yaranmış vəziyyət barəsində sovet səfirliyi ilə danışıqlara başladı və bu nota Türkiyə hökumətinə göndərilmədi. Bakının azad edilməsi Sovet Rusiyası ilə Almaniya arasındakı münasibətləri gərginləşdirdi və bu yaşanan gərginlik hər iki dövlətin mətbu orqanlarına da sirayət etdi". Azərbaycanın azadlığına, dövlət müstəqilliyinə ikili münasibət göstərən Almaniyanın bir çox mətbu orqanları 15 sentyabr hadisələrinə də yer ayırdı.
"Folliner beobaxterin" qəzeti bu hadisələr barədə yazırdı: "1918-ci ilin sentyabr ayının 15-i Azərbaycan tarixi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. O zaman Avropada Azərbaycan Respublikasına kömək etmək və ona yaşamaq imkanı verilməsinin zəruriliyi barəsində səslər eşidilməkdə idi. Fəqət bu da Azərbaycana Bakısız bir Azərbaycan vermək barəsində idi. Belə bir düşüncə başsız kukla oyununa bənzəyirdi. Başsız bədənin yaşaması heç bir zaman təsəvvür edilmədiyi kimi, Bakısız Azərbaycan imkan xaricində bir şeydir. Azəbaycanın enməsi və yüksəlməsi Bakının taleyi ilə bağlıdır" Sentyabrın 19-da Almaniyanın "Norddoyçe algemenyune çaytunq" və "Almaniya" qəzetlərində Bakının Azərbaycan və türk qoşunlarının birgə hücumu ilə azad olunması barəsindəki məqalələr Sovet Rusiyasının bu ölkədə səfirinin ciddi etirazına səbəb oldu və nota verdi. Səfir notasında Brest müqaviləsinin 2-ci maddəsini xatırladaraq tərəflərin bir-birlərinə qarşı təbliğat aparması öhdəliyinin pozulduğunu, adıçəkilən qəzetlərdə Rusiya əleyhinə təbliğat aparıldığını əsas gətirirdi. "Norddeyçe altemenye çaytunq" qəzetinin sentyabrın 19-da 479-cu sayında çıxan "Bakının işğalı" yazısında guya Bakının türklər tərəfindən tutulması haqqında "tam məmnunluq tonunda" məlumat verildiyi, bunun isə Rusiya ilə Almaniya arasındakı sazişlərə uyğun olmadığı vurğulanır, təkzib verilməsi xahiş olunurdu. Almaniya tərəfi isə Rusiyanın "Forvets" qəzetinin 253-cü sayında Bakının işğalında Almaniyanın da rolu olması barəsində yazılan məqaləyə etiraz edirdi. Akif Aşırlı yazır ki, bütün bu qarşılıqlı iddialar, çəkişmələr Azərbaycanın öz istiqlalına qovuşmasına əngəl törətmək istəyənlərin mətbuatda siyasətlərinin faş olması idi.
Tiflisdə nəşr olunan eser və menşeviklərin bir çox rusdilli mətbu orqanları da bu tarixi günə öz yanaşmalarını, baxışlarını ortaya qoyub: "Bakı hakimiyyətinin keçmişində hansı səhvlər buraxmasından asılı olmayaraq gələcək nəsillər üçün Bakının müdafiəsi Rusiyanın boynuna düşmüş şərəfsiz tarixin ən yaddaqalan səhifələrindən olacaqdır. Qoy bu gün şəhər qaliblərin nəzarətində olsun, onların qalibiyyət günləri də keçəcək". Azərbaycanın milli mətbu orqanları isə bu cür düşmən münasibətlərə dözümlü yanaşır, dövlət müstəqilliyinin qorunub-saxlanılması üçün bütün imkanlardan yararlanacağı iddiasını ortaya qoyurdu: "Azərbaycan fərqli bir şəraitdədir. Bizim fiziki-mövcudluğumuzu qorumaq üçün gəlmiş Osmanlı qoşunları eyni zamanda birbaşa bu vəzifələri ilə yanaşı, milli Azərbaycan ordusunu təşkil etmək məqsədini də yerinə yetirməyə başladılar".
"Pravda" qəzeti 1 oktyabr tarixli 200-cü sayında "Gürcü menşeviklərinin türklərin Azərbaycana gəlişini yüksək səslə, böyük əhval-ruhiyyə ilə qarşıladığını yazırdı. Məqalədə göstərilirdi ki, Türk ordusunun Bakıya yaxınlaşması zamanı Gürcüstan Respublikasının hərbi naziri Georqadze ziyafətdə çıxışı zamanı türklərə uğurlar arzulamışdı". "Tiflisskiy listok" qəzeti 18 noyabr 1918-ci il 198-ci sayında Fətəli Xan Xoyskinin Azərbaycan paytaxtının azad olunmasındakı hərbi rəşadətinə görə Nuru Paşaya minnətdarlığını dərc etmişdi. Digər Tiflis qəzeti "Kavkaskoy slovo" qəzeti isə yazırdı: "Türk ordusu böyük itki hesabına uğur əldə edib". Türkiyənin "Yeni gün" qəzeti Berlindəki xüsusi müxbirinin teleqramını çap etmişdi. Müxbirin məlumatma görə, ingilislərin ruslara və ermənilərə kömək məqsədi ilə Bakıya qoşun göndərdikləri və onların tələsik geri çəkilmələri böyük uğursuzluq kimi qiymətləndirilməlidir. İngilislərin uğursuzluqlarının Bakıdakı rusların ləngliyi və biganəliyi, digər tərəfdən isə ermənilərin qorxaqlığı və satqınlığı ilə izah edildiyi də məqalədə əks olunmuşdu. Digər ingilis mətbuatı isə İngiltərənin Bakıdaki məğlubiyyətini belə şərh edirdi: "Kifayət qədər qüvvə olmadan yalnız ingilis nüfuzunu aşağı salan bir işə girişmək lazım deyildi. General Moris bununla əlaqədar daha kəskin və ittihamedici fikir söyləyib: "Yüngülbeyin fırıldaqçılara izi vermək ingilis ləyaqətinə sığmır. Ümid etmək lazımdır ki, Bakı yürüşü İngiltərə hökumətinə gələcək üçün yaxşı dərs olacaqdır". Altı min nəfərlik qoşuna rəhbərlik edən Türkiyə təbəəsi Andranik Xoyda türk qoşunları ilə döyüşdə məğlub olaraq iyun ayının 22-də Culfa və Naxçıvan ətrafına çəkilməyə məcbur oldu. Andranik burada hücuma hazırlaşarkən onun Naxçıvanın bir çox kəndlərində qırğınlar törətdiyi haqda xəbərlər Nuru Paşaya çatdırılmışdı. "Znamya truda" qəzetində Andranik "Qarabağ hadisələri" adlı məqaləsində malik olduğu 6 minlik qoşun hissələrinin Cənubi Azərbaycanda Urmiya gölü ətrafında formalaşmış 4 erməni batalyonundan təşkil etdiyini, sonradan isə onun çağırışı ilə bu silahlı birləşmələrə türkiyəli ermənilərin də qoşulduğunu yazır. Cənubi Azərbaycanda türklərə qarşı törətdiyi qətliamları xatırlayan Andranik bu bölgəyə onlardan 9 gün əvvəl türk qoşunlarının gəldiyini, müdafiə tədbirləri gorüldüyünü ərz edir. Andranik Xoy döyüşünü belə xatırlayır: "İyunun 20-də döyüşlər oldu, şəhərin bir hissəsini əlimizdə saxlaya bildik. Axşama doğru isə türklərin əlavə qüvvələri hesabına geri çəkilməli olduq. 70 nəfər itkimiz oldu, bir o qədər də itkin düşdü". Şuşa qalasını mühasirədən, erməni zülmlərindən yaxa qurtaran Azərbaycan türkləri ordunu xilaskarlıq nümunəsi kimi qarşıladılar. Polkovnik Cəmil Cahid bəy bir neçə qərargah zabiti ilə birgə Şuşaya gəldi: "Qarabağdan alınan məlumata görə, bir qrup erməni daşnakının avantürasının qarşısı alınıb. Məlum olub ki, erməni əhalisinin Qarabağ hadisələrində heç bir iştirakı olmayıb. Erməni əhalisi bizim şəhər və kəndlərdə qoşunlarımızı duz-çörəklə qarşılayıb. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edir və hakimiyyətin bütün göstərişlərini yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Artıq onlar könüllü surətdə silahları təhvil verməyə başlayıblar. Bir sözlə, həyat normal məcrasında davam edir, əməksevər kəndli özünün dinc məşğuliyyətinə qayıdır".
Polkovnik Cəmil Cahid bəy ermənilərlə ünsiyyət qurmaq üçün onların kilsədə toplanmasını istəyərək bu yığıncaqda söyləmişdi: "Ermənilər indiyə qədər türklərə böyük müsibətlər vermişlər. Halbuki türklərin onlara tam bir vətəndaşlıq haqqı vermələrinin qarşılığında nankorluq etmələri, buna görə cəzalandırılmalarını yadınıza salın. Bu vəziyyətdə də ulu türk vicdanı sizi bir daha bağışladı". Sonra o, Şuşa qalası önündəki meydanda rəsmi keçidin olacağını bildirmiş, erməni təmsilçilərinə bu keçidi izləmələrini və orada müsəlmanlarla barışmalarını tələb etmişdi. Şəhərin böyük bir hissəsində olan bu hərbi paradı ermənilər Azərbaycan türkləri ilə birgə izləmişdilər. Erməni və türk məhəllələrinə əsgərlər yerləşdirilmiş, asayiş təmin olunmuşdu. "Borba" qəzetinin verdiyi məlumata görə isə Ermənistan Xarici İşlər Nazirliyi Qarabağda döyüş əməliyyatlarını dayandırmaq üçün bir nümayəndə heyətinin Nuru Paşa ilə görüşəcəyini bəyan etmişdi. Bu nümayəndə heyətinin məqsədi Azərbaycan türkləri ilə ermənilər arasında sülh yaratmaq missiyasını həyata keçirməkdən ibarət olacaqdı..
Akif Aşırlı adıçəkilən kitabında qeyd edir ki, Tələt Paşa hökumətinin istefa etməsindən sonra yeni hökumət quran Əhməd İzzət Paşanın imzası ilə Qafqaz İslam Ordusuna oktyabr ayının 23-də göndərilən əmrdə Qarabağ hərəkatının dərhal dayandırılması tələb olunurdu. İstanbulda olan erməni nümayəndələrin Antanta təmsilçilərinə təsir edərək Qarabağda Osmanlı qüvvələrinin Şuşaya qədər irəliləməsinin qarşısının alınması barədə xahişləri nəticə verdi. Qarabağdakı türk əsgərinin geri çəkilməsi və Azərbaycanla Ermənistan arasındakı məsələlərin siyasi yolla həll olunması qərarlaşdırıldı. İstanbuldakı erməni nümayəndələrinin gətirdikləri dəlil ondan ibarət olmuşdu ki, türk ordusu Qarabağa girməsə, ermənilərlə Azərbaycan türkləri arasında heç bir qanlı toqquşma olmaycaq. Ancaq bu erməni nümayəndələri unudurdular ki, Andranikin rəhbərliyi ilə bu bölgədə onlarca kənd yandırılmış, minlərlə Azərbaycan türkü vəhşiliklərlə qətlə yetirilmişdi. Qocalara, uşaqlara, xəstələrə belə aman verilməmişdi. Beləliklə, 8 oktyabr 1918-ci ildə 1-ci Azərbaycan diviziyasının Ağdama toplanmasıyla başlanan Qarabağ hərəkatının ömrü bir ay çəkmiş, bu hərəkat noyabrın 8-də komandanlığın azərbaycanlı general Yusifova keçməsi ilə sona çatmışdı.

Ülviyyə Tahirqızı