“Tənqidi bacarmaq lazım olduğu kimi, tənqidi dinləməyi də bacarmaq lazımdır” Layihə

“Tənqidi bacarmaq lazım olduğu kimi, tənqidi dinləməyi də bacarmaq lazımdır”

İsmayıl Şıxlı yazırdı: "Tənqidçi həyatımızda və zəmanəmizdə baş verən sosioloji proseslərin fəlsəfi əsaslarını araşdırmağa çalışan və bu hadisələrin şərhi fövqündə dayanan qüvvə olmalıdır"

Xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığında yazıçılıqla yanaşı ədəbi tənqidçilik, publisistika əsas yer tuturdu. Məlum olduğu kimi sovet dövründə ədəbiyyat geniş kütlələrə gərəkli təsir vasitəsi olaraq ciddi nəzarətdə idi. Çünki ədəbiyyat vasitəsilə bu və ya başqa ideyanın təqdimi, insanları cəlb etmək mümkün idi... Professor Buludxan Xəlilov İsmayıl Şıxlının ədəbi-nəzəri, publisistik yaradıcılığını araşdırıb, kitablarını (Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 1980; Daim axtarışda. B., Yazıçı, 1988,) tədqiqata cəlb edib. O, bildirir ki, İsmayıl Şıxlı tənqidə peşəkar bir səviyyədə yanaşır, onun vəziyyətini xüsusi olaraq təhlil edir, başlıca cəhətləri üzərində dayanırdı. O, ədəbi- tənqidin vəziyyətindən danışarkən iki başlıca cəhət barədə: "Birincisi, tənqidin özündən gələn qüsurlar, ikincisi, bu qüsurların törəməsinə səbəb olan şərait" haqqında dəqiq və konkret mühakimələr yürüdürdü.
Araşdırmaçı hesab edir ki, İsmayıl Şıxlı tənqidçinin xidmətlərinə önəm verməklə yanaşı, güclü bədii əsərin tənqidi fikrin geniş meydan almasına imkan yaratdığını da unutmurdu: "İsmayıl Şıxlı ədəbiyyatla tənqidin bir-birinə təsirində hər iki tərəfin yüksək səviyyədə olmasına üstünlük verirdi. O, hər şeydən əvvəl tənqidçinin qarşısına müəyyən tələblər qoyurdu: "Mənə elə gəlir ki, hər şeydən əvvəl tənqidçinin özünün böyük amalı və estetik tələbləri olmalıdır". Tənqidçi şərh etdiyinin, təhlil etdiyinin, tənqid etdiyinin fövqündə durmalıdır. Belə olmazsa, tənqidçinin fikir və mülahizələri inandırıcı görünməz. Tənqidçinin elmi-nəzəri səviyyəsi, amalı və estetik imkanları o qədər yüksəkdə olmalıdır ki, onun bədii əsərlərə yanaşma tərzi, hadisələrin mahiyyətinə varmaq imkanları meyara çevrilə bilsin. Belə olduqda tənqid öz missiyasını yerinə yetirir, ədəbi mühitin inkişafına xidmət edir, yaradıcılıq prosesini istiqamətləndirir".
İsmayıl Şıxlı yazır: "Tənqidçi özü həyatımızda və zəmanəmizdə baş verən sosioloji proseslərin fəlsəfi əsaslarını araşdırmağa çalışan və bu hadisələrin şərhi fövqündə dayanan bir qüvvə olmalıdır. Bədii əsərlər tənqidçinin əlində fikir söyləmək üçün bir vasitəyə çevrilməlidir. Belə olduqda tənqidçi bədii yaradıcılıq prosesinə yüksək tələblə yanaşacaq və onda obyektivlik əsas meyar kimi istiqamətləndirici rol oynayacaq".
B.Xəlilov: "İsmayıl Şıxlı tənqidçiləri qruplara ayırır, bu qruplarda olan tənqidçiləri bir-birindən fərqləndirir. O, üç qrup tənqidçilərdən bəhs edir. Əlbəttə, o, tənqidçiləri üç qrupa ayıran zaman ədəbi mühitdəki, ədəbi prosesdəki vəziyyəti nəzərə alır, real və obyektiv münasibət bildirir". İsmayıl Şıxlıya görə birinci qrup "... tənqidçilərimizin bir qismi həyatda baş verən ictimai-siyasi prosesləri izləyir, yazıçı ilə bərabər yanır, ədəbi prosesə qaynayıb-qarışaraq, onun qüsurlarına qəzəblənir, müvəffəqiyyətlərinə sevinir, müsbət cəhətlərin inkişaf və istiqamətləndirilməsinə çalışır. Bu cür tənqid yüksək nəzəri səviyyədə olmaqla bərabər vətəndaşlıq ehtirası ilə daha da zənginləşir". Bu cür tənqidçilər-birinci qrup tənqidçilər kifayət qədər elmi-nəzəri hazırlığı olan tənqidçilərdir. Onlar müntəzəm olaraq ədəbi prosesi izləyir, ədəbi proseslə nəfəs alır, ədəbi prosesdəki uğurları və qüsurları vaxtlı -vaxtında təqdim edir, bununla da ədəbiyyata xidmət edirlər. Ədəbiyyatın və ədəbi prosesin bu cür tənqidə hər zaman ehtiyacı var. Ona görə ki, bu cür tənqid təkcə tənqidin nəzəri səviyyəsinin yüksək olması ilə işini qurtarmır, həm də ədəbiyyatı yüksək bədii-estetik tələblər səviyyəsində görmək istəyir. Yazıçının uğurlarına yazıçının özü qədər sevinir, ona görə də yazıçıya geniş yollar açır, xüsusilə də gənc ədibləri ruhlandırır, yaradıcılığın ən yüksək zirvəsinə doğru yüksəlməsi üçün müsbət enerji ilə təmin olunmasına imkan yaradır. İstedadlara qol-qanad verir, eyni zamanda ədəbi mühitdə obyektiv, qərəzsiz münasibətlərin yaranmasını gücləndirir.
İsmayıl Şıxlıya görə, ikinci qrup tənqidçilər adi seyrçilərdir. Onları ədəbi prosesdəki problemlərdən daha çox meydana gələn əsərlərin miqdarı maraqlandırır. Bu cür tənqidçilər hesablayıcı maşın kimi hər şeyi qeyd edir, bütün yazıçılar, bütün əsərlər haqqında eyni soyuqqanlıqla, eyni qəliblərlə, standart və şablon ifadələrlə soyuq mühakimələr söyləyirlər. Bu cür tənqidin nə müəllifə, nə də ədəbi prosesə xeyri var.
B.Xəlilov: "Əslində bu cür tənqid tənqiddən daha çox ədəbiyyat və ədəbi mühit barədə informasiya söyləyəndir. Bu informasiyanı təqdim edən tənqidçinin fikir və mülahizəsi təhlildən, analizdən, süjetlərin, obrazların obyektiv mühakiməsindən çox-çox uzaq olur. Ədəbi prosesə bu cür biganəlik ədəbi proses barədə donuq bir təsəvvür yaradır..."
İsmayıl Şıxlıya görə, "... üçüncü qrup tənqidçilər də var ki, bunları bədii yaradıcılığın ümdə məsələləri yox, yazıçının avtoriteti maraqlandırır. Bu cür tənqidçilər yalnız ədəbi avtoritetlərə xidmət etməyə cəhd göstərir və bu ədəbi avtoritetlərin ən zəif əsərlərini belə şedevr kimi qiymətləndirirlər. Bunun da nəticəsində yalançı təriflər və yaltaq tənqidlər yaranır. Beləliklə də saxta etalonlar, toxunulmaz "müqəddəslər" meydana çıxır": "Üçüncü qrupdan olan tənqidçilər ədəbi prosesin bütün mərhələlərində mövcud olub, indi də mövcuddur. Doğrudan da bu qrup tənqidçilər yazıçının avtoritetini əsas götürərək onun yazdığı əsəri tənqidin obyektinə çevirir. Bəzən belə məqamlarda tənqidçi avtoritetin əsərinin lap aşağı səviyyədə olmasından asılı olmayaraq hörmət, izzət sahibinə çevrilir, tənqidçi avtoritet müəlliflər hesabına nüfuz qazanır. Avtoritet hesab olunan müəllifin əsəri zəif olsa da, avtoritetin kölgəsində tənqidçi yaşayır, fəaliyyət göstərir. Əlbəttə, "yalançı təriflər və yaltaq tənqidlər" belə yaranır. Nəticədə ədəbi proses barədə qeyri- obyektiv münasibət meydan alır, "saxta etalonlar", toxunulmaz "müqəddəslər" meydana çıxır". İsmayıl Şıxlı "saxta etalonlar", toxunulmaz "müqəddəslər" meydana çıxır" deməklə "Bu cür meylin obyektiv zərəri nədir?" sualına cavab axtarır. Axtardığı cavab nəsrimizdəki, şeirimizdəki vəziyyəti olduğu kimi təqdim edir. O yazır: "Son illərdə bizim istər bədii nəsrimizdə, istərsə də şeirimizdə çox istedadlı yazıçılar meydana gəlib. Həmin yazıçıların yazdığı əsərlər bədii dəyəri cəhətdən respublikamızdan kənara çıxıb geniş ümumittifaq oxucularına çatdırıla bilər və ədəbiyyatımızın siqlətini gücləndirər. Lakin tənqid belə əsərlərin yanından çox zaman sükutla keçir. Çünki bu əsərlərin müəlliflərinin hələ ədəbi adı-sanı, vəzifələri, təsiredici rütbələri yoxdur. Əksər hallarda belə istedadlara qeyri-obyektiv münasibət bəslənir". Deməli, avtoritet hesab olunmayan ədiblərin əsərlərinin yanından diqqətsiz keçmək, həmin əsərlərin çapını sükutla qarşılamaq, həmin əsərlərə biganəlik göstərmək mövcud olub və olacaq. İstedad bir vergidir. Məsuliyyət və zəhmətkeşlik, həmişə axtarışda olmaq isə istedadı daha da zənginləşdirir. Bu işin bir tərəfidir, ikinci tərəfi isə odur ki, istedadın özünü də axtarıb üzə çıxarmaq lazımdır. Odur ki, istedadlı ədibin əsərini tənqidçi oxumalı və təhlil etməlidir, onun yaradıcılığına biganə qalmamalıdır. Bəzən belə də olur ki, istedadlı bir ədibin yazdıqları tənqid olunur. Nəticədə istedadsızlar "etalona", "meyara", "nümunəyə" çevrilir. İsmayıl Şıxlının sözləri ilə desək, "Ədəbi "etalonlar"dan hansınasa xidmət göstərmək, onların "əlçatmazlığını" saxlamaq naminə istedadla yazılmış əsərləri (tənqidçi – B.X.) əzişdirir ki, yollar açıq olsun"".
B.Xəlilov: "İsmayıl Şıxlı yazıçıların əsərlərindəki zəif cəhətlər, lüzumsuz uzunçuluqlar barədə açıq, qətiyyətli fikir söyləməyi tənqidçilərin qarşısında mühüm vəzifə hesab edir. Odur ki, o tənqidi də, tənqidi dinləməyi də bir bacarıq sayır. Müstəqil fikirdən uzaq olanları tənqidçi kimi qiymətləndirmir. Özlərindən başqa, digərlərinə meydan verməyən ədiblərin fəaliyyətini ədəbiyyatımızın inkişafına maneçilik kimi təqdim edir. Bu barədə söylədiyi fikirlərin biri o birindən mənalı, məzmunlu və kəskin səslənir. Məsələn, "Tənqidi bacarmaq lazım olduğu kimi, tənqidi dinləməyi də bacarmaq lazımdır. Ancaq bizim yazıçılar mühitində tənqidi dinləmək və lazımi nəticə çıxartmaq qabiliyyətinə malik olmayanlar da çoxdur. Çox təəssüf ki, bu bəla ən çox tanınmış və ədəbi xidməti olan yazıçılara aiddir. Buraya onların vəzifələrini və imtiyazlarını da əlavə etsək mənzərə daha da aydınlaşar. Belə yazılar bir qayda olaraq çox vaxt yaradıcılıqda geriləyirlər".
İsmayıl Şıxlının tənqidçi və yazıçı barədə bu dedikləri bütün zamanlarda ədəbi tənqidin problemi olub və indi də belədir. İsmayıl Şıxlı ədəbi-tənqidi görüşlərində bəzilərinə qarşı olduqca qətiyyətli və cəsarətli mövqe nümayiş etdirir. Əlbəttə, əsərin açıq müzakirəsi, müzakirə prosesində fikir mübadiləsinə imkan verilməsi, bir sözlə, obyektiv müzakirə ədəbi prosesin inkişafına xidmət edir. Tənqidçinin də, yazıçının da, oxucunun da məsuliyyətini artırır. Nəticədə yüksək bədii keyfiyyətləri ilə seçilən əsərlər geniş meydan alır, yazıçının qiyməti düzgün dəyərləndirilir, tənqidçinin ümumən ədəbiyyatımızdakı rolu və mövqeyi bilinir. Ancaq bunu da qeyd etmək yerinə düşər ki, açıq, obyektiv müzakirələr, fikir mübadiləsi hər bir şeyin həlli demək deyil. Bu, ədəbiyyatın və ədəbi mühitin taleyində mühüm amillərdən biridir. Ədəbi-bədii təcrübə göstərir ki, bəzən açıq, obyektiv müzakirələr və fikir mübadiləsi üçün hər cür şəraitin yaranmasına baxmayaraq yenə də yalançı təriflər, saxtakarlıqdan, yaltaqlıqdan və şəxsi mənfəətdən qaynaqlanan mövqelər ədəbiyyatın, bütövlükdə ədəbi mühitin inkişafına maneçilik göstərir. Müqayisə üçün qeyd edək ki, çağdaş ədəbi mühitimizdə tənqid üçün hər cür şərait var. Respublikada çap olunan qəzet və jurnalların sayı indiki qədər çox olmamışdı. Ancaq bu qəzet və jurnallarda ədəbi tənqidin meydanı arzu olunan səviyyədə deyil.

Uğur