Əyalət mətbuatında söz azadlığı Layihə

Əyalət mətbuatında söz azadlığı

Böyükxan Bağırlı: "Regionda gedən sosial-iqtisadi inkişafı öz mətbu nəşrlərmizdə işıqlandırmağa borcluyuq"
Muxtar Əhməd: "Məqsədimiz rayonumuzda baş verənlərin ictimaiyyətə çatdırılmasıdır"

Dünyada insan hüquqları, söz azadlığı və plüralizmin inkişafı ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindəndir. Bu fakt qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübədən, sınaqdan çıxaraq müasir cəmiyyətin və onun təhlükəsizliyinin təmin olunması sisteminin ən optimal mövcudluq forması qismində çıxış edir. Əslində, məsələyə bu cür yanaşma da tam mütləq deyil. Dünyanın bəzi nəzəriyyəçiləri insan hüquqları anlayışını şərh edərkən tamamilə fərqli düşüncədən çıxış edirlər. Məsələn, alman filosofu İ.Kant deyir ki, insan azadlığı və onun azad iradəsi şəxsiyyətin mənəvi müstəqilliyi və muxtariyyətinin mənasını ifadə edir. Azərbaycanda söz və məlumat azadlığı, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi prioritetlik qazanması müstəqillik illərinə təsadüf edir.

Plüralizmin inkişafına dövlət dəstəyinin izləri

"Azadinform"un baş redaktoru Hiyaz Hiftiyevin sözlərinə görə, Azərbaycanda 1993-cü ildən sonra bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qalxmağa başladı. Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürüdülən siyasət indi də ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir.
Onun fikrincə, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. Dövlət tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir. Bu dövlət tərəfindən verilən dəstəkdir.
Əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyacların tam ödənilməsinə nail olmaq çətindir. Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabər olur. Çünki bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunun yazılı mediadan çox asanlıqla əldə edə bilir: "Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər. Yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar.
Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarını artırmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafı ilə bağlı Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaşdırılmasına və inkişaf etdirilməsinə böyük ehtiyac var".

Reallıqla üz-üzə...

Region əhalisinin maarifləndirilməsində əyalət mətbuatının rolu müstəsnadır. İctimai formasiyadan asılı olmayaraq Azərbaycan mətbuat tarixində bu praktikaya kifayət qədər rast gəlinir. Məsələn, 1875-cü ildə "Əkinçi" qəzetinin təsis olunması və sonrakı illərdə ana dilində bölgələrə də sirayət etməsi Azərbaycanın o dövrkü mədəni və ictimai fikir müstəvisində inqilabi dəyişikliklər yaratdı. Plüralizm, söz azadlığı qısa bir müddətdə tüğyan etməyə başladı. Məhz mətbuatın rolu sayəsində ötən əsrin əvvəlində Azərbaycan cəmiyyətində plüralist ideyalar formalaşamağa başladı.
Azərbaycanın dinamik formada siyasi və iqtisadi inkişafını nəzərə alsaq, informasiya mübadiləsində bölgə əhalisinin mütəmadi maariflənməsi üçün müasir tələblərə cavab verən əyalət mətbuatına ciddi ehtiyac var. Məsələnin zəruriliyi bölgə mətbuatından olan nümayəndələrlə söhbətimizdə də özünü göstərdi.
Cəlilabad rayonunda fəaliyyət göstərən "Yeni gün" qəzetinin baş redaktoru Böyükxan Bağırlı 1932-cı ildən bəri çap olunan qəzetin fəaliyyətindən danışdı. O, bildirdi ki, qəzet bir neçə dəfə (1970-1980-cı ilədək) SSRİ Jurnalistlər İttifaqının mükafatını alıb. O, görülən işləri əhaliyə operativ çatdırmağa çalışdıqlarını söyləyib: "Əlbəttə, dövlət tərəfindən KİV-ə verilən dəstək yüksək səviyyədədir. Yəni, dövlət çalışır ki, istər paytaxtda, istərsə də regionda jurnalistlər üçün daha yüksək şərait yaratsın. Bizlərdə regionda gedən sosial-iqtisadi inkişafı öz mətbu nəşrlərmizdə işıqlandırmağa borcluyuq. Yerli əhalinin bu prosesləri izləməsinə şərait yaratmalıyıq".
Faəliyyətini Yardımlı rayonunda quran "Zirvə" qəzetinin baş redaktoru Ələsgər Cəfərov 1936-cı ildən müxtəlif adlar altında nəşr olunan qəzetin 1991-ci ildən hazırki adla işıq üzü gördüyünü söyləyib. Qəzetin 2001-ci ilə qədər rayonun öz mətbəəsində nəşr olunduğunu vurğulayan Ə.Cəfərov 2006-cı ildən isə ayda bir dəfə 1500 tirajla Bakıda çap olunduqlarını söyləyib.
Biləsuvar rayonunda nəşr olunan "Məhsul" qəzetinin baş redaktoru Muxtar Əhməd rəhbərlik etdiyi qəzetin yetmiş yaşı olduğunu deyir. M.Əhməd vurğulayır ki, yarandığı gündən müxtəlif adlarla fəaliyyət göstərən "Məhsul" qəzetinin səhifələrində rayonun bütün ictimai, mədəni, iqtisadi və sosal hadisələri geniş əks olunub: "Dövlətin xarici və daxili siyasətini, o cümlədən də sosial-iqtisadi uğurları ətraflı şəkildə qəzetimizdə işıqlandırmağa çalışırıq. Məqsədimiz rayonumuzda baş verən uğurların ictimaiyyətə obyektiv çatdırılmasından ibarətdir. Biləsuvarla yanaşı, bəzən qonşu rayonlarda baş verən hər hansı bir müsbət hadisəyə də yer veririk. Qəzetin maliyyə mənbəyi rayon İcra Hakimiyyətidir. Ümumi götürdükdə, başqa əyalət mətbuatında olan problemlər bizim rayon mətbuatında da var".

Region mətbuatı oradakı inkişafa mütənasib deyil

Qeyd edək ki, son illər həyata keçirilən sosial-iqtisadi proqramlar çərçivəsində regionların inkişafı prioritet sahəyə çevrilib. Çox güman ki, yaxın gələcəkdə həll olunan sosial problemlərin içərisində region mətbuatına dəstəyin daha da artırılması öz yerini tutacaq. Çünki ölkə ziyalıları bölgələrdə müasir informasiya cəmiyyətinin inkişafının zərurliyindən bəhs edirlər. Bunun üçün də təbii ki, yeganə vasitə söz azadlığı, mətbuatın yüksək fəaliyyətidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da etiraf edib ki, region mətbuatı oradakı inkişafa mütənasib deyil. Məhz bu səbəbdən müasir informasiya mübadiləsinə bölgələrdə ciddi ehtiyac var. "Mətbuat Şurasının bu məsələ ilə bağlı çoxlu araşdırmaları var. Nə qədər ki, əyalətlərdə bazar münasibətləri ölkə paytaxtında, iri-iri şəhərlərdə olduğu kimi inkişaf etməyib, regionlarda reklam bazarı zəifdir, insanların alıcılıq qabiliyyəti aşağıdır. Belə olan halda normal inkişafdan söhbət aparmaq olmaz. Regionlarda müstəqil fəaliyyət göstərən qəzetlərin iqtisadi bazasını möhkəmlətmək, onların sayını çoxaltmaq lazımdır",-deyə Ə.Amaşov vurğulayıb.
Göründüyü kimi, müstəqil qəzetin prinsipləri tamam fərqlidir. Elə ona görə də bu gün əyalətdə müstəqil qəzet çıxarmaq çox çətindir. Bu mənzərəyə nəzərə salsaq, regionda fəaliyyət göstərmək daha çox fədakarlıq tələb edir. Paytaxtda bu hal qismən fərqlidir. Ən azı istənilən qəzetin fəaliyyətə başlaması üçün stimul var. Cüzi şərtlər daxilində istənilən hüquqi şəxs burada öz qəzetinin fəaliyyətini bərpa edə bilir və paytaxtın sıx informasiya şəbəkəsi daxilində dövlət dəstəyindən yararlanır.