“Düşünürəm ki, ictimai şuralarla bağlı proses uğurla yekunlaşacaq” Layihə

“Düşünürəm ki, ictimai şuralarla bağlı proses uğurla yekunlaşacaq”

Əhməd Abbasbəyli: “Bu həm vətəndaş cəmiyyətinin inkişafına, həm də dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edəcək”

Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi bu fəaliyyəti daha da aktuallaşdırıb. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan ictimai şuraların məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda, ictimai şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil edə, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə bilirlər. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli bu məsələ ilə bağlı öz fikirlərini bizimlə bölüşüb. O bildirib ki, son bir neçə ay ərzində artıq kütləvi informasiya vasitələrində ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının, publik şəxslərin nəzdində ictimai şuraların yaradılması ilə bağlı məlumatlar dərc olunur: “Təbii ki, bu, ictimaiyyət tərəfindən maraqla və diqqətlə qarşılanır. Çünki “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, bir neçə mərkəzi və yerli icra hakimiyyəti orqanı istisna olmaqla, digər heç bir dövlət strukturunda bu istiqamətdə konkret olaraq addımlar atılmayıb. Lakin dövlət başçısının ictimaiyyət qarşısında çıxışlarında, ayrı-ayrı müsahibələrində bu məsələyə önəm verməsi, vətəndaş cəmiyyətinin inkişafında baş verən proseslərdə ictimai nəzarətin artırılmasının əhəmiyyətinin vurğulanması müxtəlif dövlət qurumlarının bu istiqamətdə fəallaşmasına təkan verir. Həqiqətən də elə dövlət qurumları var ki, ümumiyyətlə, bu prosesdə maraqlı deyildilər və yəni onlar öz fəaliyyətlərini ictimai nəzarətdən kənar saxlamaq fikrində idilər, amma təbii ki, siyasi iradə ortadadır və bütün dövlət orqanları bu prosesdə iştirak etməlidir. Düzdür, mətbuatda ayrı-ayrı dövlət orqanlarında yaradılmış ictimai şuraların keyfiyyətindən, seçki proseduru və s. ilə bağlı müxtəlif təzadlı fikirlər var, müəyyən inamsızlıqlar sezilir. Amma mən bir vətəndaş cəmiyyəti nümayəndəsi olaraq, xüsusilə dövlət qurumlarında yaradılmış ictimai şuraların tərkibinə baxanda orada kifayət qədər əqidəli, prinsipial və söz deyə bilən, obiyektiv mövqe tuta bilən və vətəndaşların haqqını qoruya biləcək cəsarətə və biliyə sahib olan insanları görürəm. Buna görə də ictimai şuralara inamım artır. Düşünürəm ki, bu proses uğurla yekunlaşacaq. Bütün mərkəzi icra hakimiyyəti orqanları bu prosesdə fəal olacaqlar və yaradılmış ictimai şuralar formal deyil, çox praktiki əhəmiyyəti olan bir formada olacaq; həm vətəndaş cəmiyyətinin inkişafına, həm də dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına xidmət edəcək”.

“İctimai şuralarda real iş ortalığa qoyulmalıdır”

Əhməd Abbasbəylinin sözlərinə görə, ictimai şuraların fəaliyyətində yalnız dövlət qurumlarından deyil, həmçinin vətəndaş cəmiyyətindən, QHT nümayəndələrindən, o cümlədən sıravi vətəndaşlardan da çox şey asılıdır: “Bu istiqamətdə fəaliyyət davam etdirilməlidir. İstənilən halda bu cür qurumların yaradılmasına tənqidi yanaşılsa da, amma müsbət qiymətləndirilməlidir. İctimai şuraların fəaliyyətinə müəyyən mənada tənqidlə və yaxud da həssaslıqla yanaşmanın özü də yaxşı haldır. Bu, həmin ictimai şuranın fəaliyyətinin çox müsbət istiqamətdə dəyişməsinə də kömək edər. Məsələn, indi təvazökarlıqdan uzaq olsa da, mənim üzv olduğum Ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyəti daim göz qabağındadır və hər dəfə öz kreativ işləri ilə cəmiyyətə müəyyən mesajlar verir, yeni-yeni fəaliyyət növləri ilə mətbuatda çıxışlar olunur. Bu mənada mən düşünürəm ki, Ədliyyə naziri yanında İctimai Komitə bir müsbət nümunədir. Və bir çox dövlət qurumlarında bu ictimai şuralar hardasa, Ədliyyə Nazirliyinin təcrübəsinə istinadən yaradılsa (bəziləri yaradılır da) effektiv olacaq. Mən bunu tərifləmək, yəni özündən razı kimi deyil, ictimaiyyətin rəyinin nəticəsi kimi deyirəm. Yüzlərlə vətəndaşlara hüquqi yardımların edilməsi, məhkumlarla bağlı bir çox problemlərin həll edilməsi, müraciətlərin müvafiq strukturla çatdırılması və s. ilə bağlı əməli iş ortadadır. Düşünürəm ki, digər orqanlarda da ictimai şuraların fəaliyyəti bu cür olmalıdır. Real fəaliyyət ortalığa qoyulmalıdır”.
Əhməd Abbasbəyli Ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyət sahəsinin ildən-ilə genişləndiyini deyib: “Daima ictimaiyyətə yenilikçi fəaliyyət növləri ilə bağlı hesabatlar verilib. Məsələn, İctimai Komitənin ilk dövrlərində fəaliyyəti sırf penitensiar xidmətlə əlaqəli idisə, artıq son 2 ildə Ədiyə Nazirliyinin bütün suturklarını bu fəaliyyət əhatə edir. Ədliyyə Nazirliyinin, demək olar ki, fəaliyyətinin əksəriyyəti ictimai nəzarətin, yəni vətəndaş cəmiyyətinin iştiraki ilə həyata keçirilir. Hələ görüləsi işlər çoxdur, problemlər var, amma müsbət tərəfi odur ki, Ədliyyə Nazirliyində ildən-ilə vətəndaş cəmiyyəti nümayindələrinin iştirakı, ictimai nəzarətin artırılması prosesi ilə bağlı fəaliəyyət genişlənir. Daha çox sahələr ictimai nəzarətin və şəffaflığın artırılması məqsədi ilə prosesə cəlb edilir və məncə daha çox insanlar bu prosesdə iştirak edir. Yalnız İctimai Komitə üzvləri deyil, ölkədə tanınmış ictimai xadimlərin, KİV nümayəndələrinin cəzaçəkmə müəssisələrində olması artıq sıradan bir işə çevrildi. Fikrimcə, Ədliyyə Nazirliyində digər sturuklardan daha fərqlənərək hər hansı məlumatı əldə etmək, ümumyyətlə, istənilən məsələ ilə bağlı istər ictimaiyyət nümayəndələri, istərsə də sravi vətəndaşlara imkanlar yaradılıb”.

“Ədliyyə Nazirliyində fəaliyyət göstərən tender komissiyasında vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin edilib”

Əhməd Abbasbəyli Ədliyyə Nazirliyində satınalmalarla bağlı proseslərdə ictimaiyyət nümayəndələrinin iştirakını da müsbət nümunə kimi qeyd edib: “Məlumdur ki, cəmiyyətdə, ölkədə satınalmalarla bağlı kifayət qədər narazılıqlar mövcuddur. Məsələn, mənim özümün bir neçə dəfə bu mövzuda müsahibələrim olub. Bir çox vədəndaş cəmiəyyətinin nümayindələrinin də bununla bağlı kifayət qədər tənqidi fikirləri olur. Ayrı-ayrı hesabatlarda, ölkədə tenderlərlə bağlı problemlər var. Hətta tenderlərin düzgün keçirlməməsi məsələsi ilə bağlı cinayət işləri açılıb. Həmçinin bu prosesin nə dərəcədə qapalı, cəmiyyətdən təcrid olunmuş formada keçiriləsi ilə bağlı artıq oturuşmuş bir fikir var. Düşünürəm ki, bu, ciddi bir problemdir və ölkədə korrupsiyanın qarşısının alınmasına ən böyük maneədir. Bununla bağlı addımların atılmasına ehtiyac var. Və burada da qeyd etdiyim kimi, artıq Ədliyyə Nazirliyi bir ilkə imza ataraq bu prosesi cəmmiyyət, ictimaiyyət üçün açıq həyata keçməyə başlayıb. Məlum olduğu kimi, artıq Ədliyyə Nazirliyində fəaliyyət göstərən tender komissiyasında vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin edilib. Tender komissyasının bütün prosesləri; ərizələrin təqdim olunması, elanların verilməsi, seçim prosesi vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilir. Bu da öz növbəsində artıq cəmiyyətdə və ictimaiyyətdə formalaşmış mənfi sterotiplərin aradan qaldırılması üçün bir addımdır. Fikrimcə, Ədliyyə Nazirliyinin atdığı bu addım təqdirəlayiq və cəmiyyət tərəfindən müsbət qarşılanan hal olacaq və digər dövlət orqanlarının da bu hərəkətləri təkrarlaması üçün çox gözəl stimul olacaq. Onlar da cəmiyyətə şəffaflıq, ictmai nəzarətin gücləndrilməsi və ictimai iştirakçılığın artırılması ilə bağlı mesaj vermiş olarlar. Düşünürəm ki, bu məsələnin təbliğinə və genişləndirlməsinə ehtiyac var”.

Əli