“Ermənistan bu cinayətlərə görə cavab verməlidir” Layihə

“Ermənistan bu cinayətlərə görə cavab verməlidir”

“Ermənistan terror dövlətidir. Bu ölkə işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də terror siyasətinə sadiqdir. Bu terrorun qurbanı olanlar arasında artıq media mənsubları da var. Beynəlxalq media təşkilatları Ermənistana təzyiq göstərməlidir. Şəhid olan jurnalistlərimiz öz tarixi torpaqlarında peşə fəaliyyətini yerinə yetirərkən bu terrorun qurbanı olub”.
Bunu Milli Məclisin deputatı Könüll Nurullayeva deyib.
O, qeyd edib ki, çox təsirli məqamlardan biri şəhid olan media nümayəndələrindən birinin kiçik yaşlarından məcburi köçkün həyatı yaşamasıdır:“3-4 yaşlarından öz dədə-baba yurdundan didərgin düşən bir soydaşımız qələbə sevincini yenicə yaşasa da, yenidən erməni terroruna tuş gəldi və həyatını itirdi. Eynilə də digər şəhidlərimiz. Bu insanlar peşə vəzifələrini yerinə yetirirdilər, işğalın ağır nəticələrini lentə alırdılar. Bu ərazilərdən reportaj hazırlamaq istəyən beynəlxalq media nümayəndələri də əslində ciddi təhlükə qarşısındadır. Onlar da erməni terrorunun qurbanı ola bilərlər. Yəni, Ermənistana təzyiq göstərmək üçün arqumentlər kifayət qədərdir. Minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycan tərəfinə verilməməsi ən böyük cinayətdir. Burada söhbət artıq humanitar cinayətdən gedir. Əgər bu xəritə təqdim olunmasa, mina qurbanlarının sayı dəfələrlə artacaq”.
Millət vəkili bildirib ki, Ermənistan bu cinayətlərə görə cavab verməlidir:
“Bir neçə gün əvvəl Kəlbəcər istiqamətində ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Amma paradoks bundadır ki, beynəlxalq təşkilatlar terrorçu diversantları “hərbi əsir” kimi təqdim edərək, onların azad olunmasını tələb edir. Bu yanaşma isə bölgədə terrorun miqyasının daha da genişlənməsinə rəvac verir. Azərbaycan Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət göndərib”.
Könül Nurullayeva hesab edir ki, Ermənistan İnsan Hüquqları üzrə Avropa Konvensiyasının, eləcə də 1 saylı və 4 saylı Protokolunun müvafiq maddələrindən irəli gələn hüquqları ciddi şəkildə pozur:
“Minalanmış ərazilərin müəyyən hissəsinin zərərsizləşdirilməsinə baxmayaraq, böyük bir ərazi təhlükə zonası kimi qalır. Növbəti mərhələdə keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması məsələsi var. Ona görə də bu ərazilər təmizlənməli, təhlükəsizlik tam təmin olunmalıdır”.
Azərbaycan-Fransa Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyev özünün Tvitter və Facebook səhifələrində məlumat verib ki, 3 iyun 2021-ci il tarixdə Fransa Respublikasının senatoru, xanım Nathalie Qule Fransanın Avropa və Xarici İşlər Nazirinə müraciət edərək Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yazılı sual ünvanlayıb.
C. Feyziyevin bildirdiyinə görə, Senatın müraciətlər jurnalında qeydiyyatdan keçmiş 23090 saylı sual 3490-cı səhifədə dərc olunub və sualın mətnində deyilir:
“Azərbaycan 1992-ci ildən bəri Ermənistanın qanunsuz olaraq işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra çətin bir vəziyyətlə üzləşib. Əslində, uzun illər ərzində Avropa Şurası Parlament Assambleyasının çoxsaylı tövsiyələrinin mövzusu olan dağıntılarla yanaşı ərazilərin minalardan təmizlənməsi məsələsi də olduqca vacibdir.
Ermənistan, beynəlxalq hüquq normalarına zidd olaraq, minaların yerləşdirilməsi xəritələrini verməkdən imtina edir. Qanunsuz olaraq işğal etdikləri Laçın, Ağdam, Kəlbəcər və digər əraziləri tərk edərkən məğlub olduqlarını bilən ermənilər əraziləri minalayıblar. Bu xəritələrin verilməməsi səbəbindən, piyada və tank əleyhinə minaların partlaması nəticəsində 20 mülki şəxs həyatını itirib və daha 85 nəfər ağır yaralanıb.
Ermənistanın xəritələri Azərbaycan hökumətinə təqdim etməsi üçün Fransa hökümətinin hansı addımları atmaq istədiyini bilmək istərdim və bununla bağlı Avropa və Xarici İşlər Nazirliyindən cavab gözləyirəm.”
Millət vəkili onu da qeyd edib ki, senator Natali Qule Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün müddət ərzində ermənilərin işğal siyasətinə qəti etiraz edən və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyini ardıcıl olaraq dəstəkləyən Fransa siyasətçisidir. Azərbaycanın etibarlı dostu Natali Qule 25 noyabr 2020-ci ildə Fransa Senatında müzakirə olunaraq Azərbaycan əleyhinə qəbul olunmuş qərəzli Qətnamənin əleyhinə səs vermis yeganə senator olmuşdu.
Bu arada qeyd edək ki, xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə deyilir:
"Media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.
Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.
Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə duyarlı olmasını tələb edirik”.

Cavid