Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub Layihə

Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran , əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.

Azərbaycanda hər il fevral ayının 2-si Gənclər Günü kimi qeyd edilir. Gəncliyin bu cür önəmli təbəqə kimi diqqətdə saxlanması ümummilli lider Heydər ƏIiyevin adı ilə bağlıdır. Ulu Öndər deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də Azərbaycan dövləti , şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.

Hazırda gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.

44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini , müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb: "Ulu pndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Komitə sədri vurğulayıb ki, ötən 25 il ərzində Azərbaycanda gənclər sahəsində dövlət siyasəti kompleks şəkildə hazırlanıb və həyata keçirilib: "Aparılmış həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb. Ümummilli lider Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi. Təməli Ulu Öndər tərəfindən qoyulmuş bu siyasətin sayəsində gənclərimiz bu gün aparıcı qüvvəyə çevrildilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər idi. Vətən müharibəsindəki Qələbə həm də gənclərlə bağlı 25 illik dövrün məntiqi yekunu idi. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Ancaq Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq və vətənpərvərlik işi ilə məhdudlaşmır. Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsi onların vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi oldu. Həmçinin burada 21-ci əsrin müharibəsi kimi yüksək texnologiyalar və süni intellektə əsaslanan döyüş vasitələri mühüm rol oynamışıdır. Həmin texnologiya və döyüş vasitələrinin düzgün idarə edilməsi yüksək peşəkarlıq və təhsil tələb edir. Digər tərəfdən isə yüksək təhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Bu isə gənclərimizin yüksək intellektual və təhsil səviyyəsinə dəlalət edir".

Milli Məclis sədrinin müavini bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Prezident İlham Əliyevin gənclərə dəstək, diqqət və qayğısının nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycan ona görə xoşbəxt bir ölkədir ki, onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə canından belə keçir. Bu cür vətənpərvər gənc nəslin yetişdirilməsi uzunmüddətli davamlı strateji siyasətin nəticəsidir: “Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması və müstəqillik dövründə müasir çağırışlara cavab verən yeni gənclər siyasətinin strateji hədəflərini və əsas prioritetlərini müəyyən etdi. Heydər Əliyev gənc nəslin düzgün tərbiyə edilməsində gənclər siyasətinin bir inzibati təsisat ətrafında birləşdirlməsinin zəruriliyini nəzərə alaraq, 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 26 yanvar 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə təkan oldu. Həmçinin Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli Fərmanı ilə istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi”.

Komitə sədri onu da bildirib ki, uğurlu siyasi varis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Heydər Əliyevin gənclərə yönəlik siyasətini daha da dinamik şəkildə davam etdirdi.

Azərbaycanın gənclər siyasəti möhkəm təməllər üzərində qurulub. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” söyləyən Prezident İlham Əliyev gənclərlə özünün arasında qarşılıqlı etimadın olduğunu göstərir. Başqa bir çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”

44 günlük Zəfər müharibəsinə münasibətdə cənab Prezident tərəfindən səsləndirdiyi “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi” fikriləri Azərbaycan gəncliyinin vətənsevər ruhda yetişdirilməsi istiqamətində aparılan siyasətin doğruluğunu bir daha təsdiq etdi! Azərbaycan gəncliyi gələcəyimizin təminatçısıdır!”.

Cavid

gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin

tərbiyəsi