13:54
931
Benilüks Azərbaycanlılarının Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderlandın Rotterdam şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
"Xalq Cəbhəsi" xəbər verir ki, tədbir çərçivəsində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra AZTV tərəfindən hazırlanmış, 31 Mart gününə həsr olunmuş qısa videoçarx təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin sədri, Elsevər Məmmədov 31 Mart soyqırımının tarixi əhəmiyyətindən bəhs edərək, bu faciənin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxışında 1918-ci il hadisələrinin tarixi-siyasi aspektlərinə toxunmuş, Azərbaycan dövlətinin bu həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən danışmışdır.
Benilüks Azərbaycanlıları Konqresinin birinci müavini Sima Cəfərova məruzəsində soyqırımı faktlarının tarixi mənbələrə əsaslanaraq araşdırılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd etmişdir. Məruzə zamanı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qısa videoçarx nümayiş etdirilmişdir.
“Ana Vətən” Avropa Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva çıxışında diaspor fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamış, xüsusilə qadınların bu istiqamətdə rolundan bəhs etmişdir.
Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə çıxışında xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin gücləndirilməsinin önəmini qeyd etmiş, belə tədbirlərin birliyin möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
Tədbirin bədii hissəsində uzun illərdir Niderlandda Azərbaycan mədəniyyətini təbliğ edən tanınmış kamança ustası İlham Babayev çıxış edərək milli musiqi nümunələrini ifa etmiş və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Cavid



