Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım: Ö.T.M.A. və AHTTSA arasında memorandum imzalandı Cəmiyyət

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım: Ö.T.M.A. və AHTTSA arasında memorandum imzalandı

Aprelin 10-da Safran Hotel Baku-da Özəl Tibb Müəssisələri Assosiasiyası (Ö.T.M.A.) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbirdə özəl klinikaların nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları və media nümayəndələri, həmçinin dövlət və özəl sektorun müxtəlif qurumlarından olan təmsilçilər iştirak edib.
AFN.az xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev tədbirin açılışında bildirib ki, iki ictimai birlik arasında memorandumun imzalanmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, özəl tibb sektorunun bu istiqamətdə rolunun gücləndirilməsi, beynəlxalq tanıtım və təşviqat fəaliyyətlərinin intensivləşdirilməsi, eləcə də vahid və dayanıqlı əməkdaşlıq modelinin təşviq edilməsindən ibarətdir. Tədbiri Azərbaycan səhiyyəsi, özəl tibb sektoru və turizm sənayesi arasında institusional əməkdaşlığın gücləndirilməsi, sağlamlıq turizmi üzrə yeni inkişaf mərhələsinin təşviqi və sektorlararası tərəfdaşlıq platformasının formalaşdırılması baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirən AHTTSA qeyd edib ki, təmsil etdiyi qurum 2013-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkə daxilində və beynəlxalq səviyyədə bir çox uğurlara imza atan assosiasiyanın fəaliyyətində hər zaman Azərbaycan sağlamlıq turizmi imkanlarının tanıdılması, bu məqsədlə ölkəyə gələn turistlərin sayının artmasına nail olmaq prioritet təşkil edib: “Turizm bir xidmət sahəsidir və hədəfi də birbaşa ölkənin tanıtımıdır. Ölkə Prezidentinin son çıxışlarındakı açıqlamaları göstərir ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün müəyyən bir yol xəritəsi müəyyənləşib. Çünki ölkəmizin bu istiqamətdə çox geniş potensialı mövcuddur.

Bu gün memorandum imzaladığımız Özəl Tibb Müəssisələri Assosiasiyası 2023-cü ildən fəaliyyət göstərsə də, az vaxtda çox işlər görən bir qurumdur. Ona görə də biz güclərimizi birləşdirməklə, uzunmüddətli bir fəaliyyət planı üzrə Azərbaycanda sağlamlıq turizminin təşviqi və təbliği istiqamətində çalışmaq qərarına gəldik. Düşünürəm ki, hər şey planlaşdırdığımız kimi olacaq və Azərbaycanı dünyada sağlamlıq turizmi destinasiyası kimi tanıtdırmağı bacaracağıq”.

Özəl Tibb Müəssisələri Assosiasiyası İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, beynəlxalq arenada ölkənin səhiyyə xidmətini tanıtmaq bir vəzifə və məsuliyyətdir. Hər hansı bir qeyri-peşəkar təqdimat Azərbaycanın nüfuzuna zərbə olar: “Bizim əsas məqsədimiz özəl tibb sektorunun inkişafına dəstək olmaqla, ölkədə əhaliyə göstərilən tibbi xidmətin yüksək keyfiyyətə və müasir dünya standartlarına uyğun olmasına nail olmaq, üzvlərimizin hüquq və qanuni maraqlarının qorunmasına, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə çalışmaqdır. Eyni zamanda Azərbaycanda tibbi xidmətin keyfiyyətinin yüksək olması və qiymətlərin digər ölkələrlə müqayisədə çox daha uyğun olması əcnəbi pasiyentlərin cəlb olunmasına zəmin yaradır. Bu sahədə birgə çalışmaqla, tibbi turizmin inkişafına töhfə verə bilərik”.

Milli Məclisin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, “Skal İnternational Baku”nun rəhbəri Ceyhun Aşurov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, “Turan” Qastroturizm Akademiyası MMC-nin icraçı direktoru Doğan Tomris, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov çıxış edərək, məramı və məqsədi tibbi turizmin inkişafına xidmət edən iki ictimai birlik arasında qurulan əməkdaşlığı yüksək dəyərləndiriblər. Bildirilib ki, imzalanmış memorandum Azərbaycanda sağlamlıq turizmi ekosisteminin möhkəmləndirilməsinə, özəl tibb müəssisələrinin beynəlxalq platformalarda daha fəal təmsil olunmasına, vahid milli sağlamlıq turizmi yanaşmasının təşviqinə və ölkənin bu sahədə rəqabət üstünlüklərinin daha geniş miqyasda tanıdılmasına mühüm töhfə verəcək.

Tədbirdə o da qeyd olunub ki, tərəflər arasında əməkdaşlıq xüsusilə sağlamlıq turizminin sistemli inkişafı, beynəlxalq tanıtım və təşviqat fəaliyyətlərinin gücləndirilməsi, birgə tədbir, layihə və təşəbbüslərin həyata keçirilməsi, tibb müəssisələri və tərəfdaş təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini əhatə edəcək. Daha sonra sənəd Ö.T.M.A. sədri Günel Əliyeva və AHTTSA sədri Ruslan Quliyev tərəfindən rəsmi şəkildə imzalanıb.

Tədbir çərçivəsində AzHealth Tourism rəqəmsal sağlamlıq turizmi portalının təqdimatı da baş tutub. Portalın direktoru Elnarə Cabbarova çıxışı zamanı sağlamlıq turizmi ekosisteminin vahid rəqəmsal platformada birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Healthtourism.az etibarlı tibbi xidmətlər, şəffaf informasiya, beynəlxalq pasiyent yönləndirilməsi və rahat səyahət dəstəyini bir araya gətirən çevik rəqəmsal vitrin və əməliyyat platforması kimi ölkənin sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təqdimatında mühüm rol oynayacaq.

image-img-20260411-wa0092image-img-20260411-wa0090image-img-20260411-wa0088image-img-20260411-wa0086image-img-20260411-wa0084image-img-20260411-wa0082image-img-20260411-wa0080image-img-20260411-wa0078image-img-20260411-wa0076image-img-20260411-wa0074image-img-20260411-wa0072image-img-20260411-wa0070image-img-20260411-wa0096image-img-20260411-wa0068image-img-20260411-wa0094image-img-20260411-wa0092