19:12
651
“ABŞ Prezidenti Tramp İranla müharibə ərəfəsində, hətta sonra da NATO-nu “kağız pələng” və gücsüz bir qurum adlandırıb və ABŞ-yə kömək etməməkdə ittiham edib. Hətta NATO-dan çıxmaqla hədələyib. Bildiyim qədər NATO-nun 5-ci maddəsi onda tətbiq olunur ki, NATO ölkəsinə hücum olsun. Amma ABŞ-yə hücum olmayıb, ABŞ özü başqa ölkəyə hücum edib, müharibəyə başlayıb”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Şakir Ağayev söyləyib.
O bildirib ki, NATO dövlətləri bilirdi ki, İran raketləri ABŞ-yə çata bilməz, amma Avropaya çata bilər: “Yəni belə bir təhlükə vardı. Ona görə bu müharibəyə qoşulmadılar. Eyni zamanda, ABŞ müharibəni başlayanda İsrail ilə bir yerdə başlayıb, o dövlətlərlə məsləhətləşməyib. Onlar həmişə bunu əsas gətirir ki, bizə deyilmədən müharibə başlanılıb. Onların fikri soruşulsa, ümumi bir fikrə gəlinsə, bəlkə də müharibəyə ehtiyac olmazdı. Yəni belə bir fikirlər var. Amma hər halda ABŞ-nin NATO-dan çıxmasını real görmürəm. Düzdür, bir parçalanma, fikir ayrılığı var”.
Politoloq qeyd edib ki, məhz ABŞ-İsrail-İran müharibəsi göstərdi ki, NATO, ümumiyyətlə, hərbi blok kimi öz əzəməti və funksiyasını itirib: “Yəni NATO bir hərbi təşkilat olaraq daha çox siyasiləşib və bu təşkilat heç də hər an NATO-ya üzv dövlətləri müdafiə etmək gücündə olmur. Biz bunu dəfələrlə görmüşük. Məsələn, Türkiyənin ərazisində terror aktları olanda NATO heç vaxt kömək etməyib. Yenə deyirəm, ABŞ-nin NATO-dan çıxması real görünmür. Ona görə ki, ABŞ NATO-dan çıxarsa, NATO heç kimə lazım deyil. Çünki NATO-nun 51 faiz büdcəsini ABŞ verir. Həmçinin ABŞ NATO dövlətlərinə görə külli miqdarda pul qazanır. Demək olar ki, NATO dövlətləri ABŞ hərbi sənayesinə işləyir. Yəni bu gün üçün Avropanın bütün sənaye kompleksinin əsas silah istehsalçısı ABŞ hərbi sənaye kompleksidir. Təbii ki, bu da ABŞ-nin maraqlarına və ABŞ hərbi sənaye kompleksinin maraqlarına xidmət edir. Sadəcə olaraq Tramp NATO-nu və Avropa Birliyini daim təzyiq altında saxlamaq istəyir. Ona görə bu hədələri gəlir”.
Röya İsrafilova