Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstənin məhkəməsində ittiham aktı elan olunub Hadisə

Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstənin məhkəməsində ittiham aktı elan olunub

İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirilən əməliyyat nəticəsində saxlanılan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən Sergey Sofronov tamah niyyəti ilə Dmitrii Bezugly, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

Belə ki, onlar həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşməkdə təqsirləndiriliblər.

Həmçinin, ittihama əsasən, aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergey Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.

Təqsirləndirilən şəxslər elan olunan ittihamda özlərini təqsirli bilməyiblər.

Daha sonra Sergey Sofronov Dmitri Bezuqli və Aleksey Vasilçenko ifadə verib.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə maddələrlə) yekun ittiham irəli sürülüb.