Türkiyə parlamentinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat etdi Dünya

Türkiyə parlamentinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat etdi

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

81 yaşlı Türkiyə siyasətçisi ötən il dekabrın 25-də Koç Universiteti Xəstəxanasında reanimasiyaya yerləşdirilmişdi.

Hüsaməddin Cindorukun bu gün vəfat etdiyi bildirilib.

Hüsaməddin Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra siyasi karyerasında ilk addımlarını Demokrat Partiyasında atıb.

1985-ci ildə Doğru Yol Partiyasının (DYP) lideri seçilən Hüsaməddin Cindoruk 1987-ci ildə liderliyi Süleyman Dəmirələ təhvil verib.

16 noyabr 1991-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib, 1 oktyabr 1995-ci ilə qədər bu vəzifədə çalışıb.

Prezident Turqut Özalın vəfatından sonra 17 aprel 1993-cü ildən 16 may 1993-cü ilə qədər prezident səlahiyyətlərini icra edib.

Süleyman Dəmirəl prezident seçildikdən və Tansu Çillər Doğru Yol Partiyasının lideri olduqdan sonra Cindoruk Demokratik Türkiyə Partiyasını qurub.

Demokratik Türkiyə Partiyası 1999-cu il seçkilərində barajı keçə bilmədikdə o, sədr vəzifəsindən istefa verib.