
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən “Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri ” mövzusunda videokonfrans təşkil olunub.
FHN-dən verilən məlumata görə, FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində baş tutan tədbirdə tikinti fəaliyyətinin subyektləri – nazirliklərin, dövlət komitə və agentliklərinin, yerli icra hakimiyyəti orqanlarının Memarlıq və tikinti şöbələrinin nümayəndələri, aparıcı layihə təşkilatlarının mütəxəssisləri, tikinti materialları istehsalçıları, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər. Sayca ikinci dəfə təşkil olunan videokonfransa, ümumilikdə 330 mütəxəssis qatılıb.
FHN TTNDA-nın rəis müavini Bəxtiyar Tağıyev iştirakçıları salamlayaraq bildirib ki, dərin tarixi kökləri və ənənələri olan Azərbaycanın tikinti sahəsi ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafında böyük rol oynayaraq, bu gün də əhəmiyyətli dəyişikliklər, institusional islahatlar və dövlət dəstəyi sayəsində müsbət dinamika nümayiş etdirir. Bəxtiyar Tağıyev, həmçinin Agentlik tərəfindən həyata keçirilən tikintiyə nəzarət tədbirləri, ekspertizası aparılmış layihə-smeta sənədlərinə bilavasitə tikinti prosesində əməl olunması, tikintidə yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları barədə məlumat və tövsiyələr verib.
Daha sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli çıxış edərək bildirib ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən bu tədbirdə yerli mütəxəssislərin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir və müzakirəyə çıxarılan məsələlərin geniş müzakirəsi üçün imkan yaradır. O, qeyd edib ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı tikinti obyektlərinin texniki tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində mühüm işlər görərək ölkənin tikinti kompleksinin inkişafına öz töhfələrini verib. Layihələndirmənin tikinti fəaliyyətinin ən vacib mərhələlərindən biri olduğunu diqqətə çatdıran Təyyar Hüseynli tikinti layihələrinin tərtibat səviyyəsinin daim yüksəldilməsi zərurətini vurğulayıb.
Bildirib ki, ekspertiza müəssisəsində layihə-smeta sənədlərinə rəy verilməsinin operativliyini təmin etmək və tikinti fəaliyyətinin subyektləri ilə səmərəli qarşılıqlı əlaqənin təşkili istiqamətində innovativ yeniliklər tətbiq edilib. Ekspertiza İdarəsində baxılan tikinti layihələri barədə statistik məlumatları diqqətə çatdıran Təyyar Hüseynli tikinti obyektlərinin layihələndirilməsində optimallaşdırma işlərinin aparıldığını vurğulayıb. Natiq tikinti layihələrinin ümumi tərtibat səviyyəsinə toxunub, layihələndirmədə müsbət təcrübəni və məqbul texniki həlləri, layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurları və onların tikinti obyektlərinin gələcək istismarına gözlənilən mənfi təsirlərini qeyd edib.
Qeyd edək ki, videokonfransda Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin şöbə müdirləri və aparıcı mütəxəssisləri layihələndirmə fəaliyyətinin hüquqi və normativ bazası, baş plan və memarlıq həlləri, konstruksiyaların hesablanmasında proqram təminatı məhsulları, yol tikintisi, enerji effektivliyi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması, tikintidə qiymətqoyma və smeta normalaşdırılması, ekspertiza prosesində sənəd dövriyyəsi və digər əlaqəli mövzularda təqdimatlar ediblər. Həmçinin, ölkənin tikinti sektorunun inkişaf templərini və Ekspertiza İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.
Sonda videokonfrans iştirakçılarına 10 Aprel – İnşaatçılar Günü ilə əlaqədar təbrik ünvanlanıb.