Sevda Tahirli: Milli adlar dilin və mədəni irsin qorunmasına xidmət edir Cəmiyyət

Sevda Tahirli: Milli adlar dilin və mədəni irsin qorunmasına xidmət edir

Adlar cəmiyyətin milli kimliyinin formalaşmasında mühüm rol oynayan əsas amillərdən biridir. Bu sahədə mövcud tendensiyaları anlamaq üçün, ilk növbədə, vətəndaşların xarici adlara müraciət etməsinə səbəb olan amillər araşdırılmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli söyləyib.

O bildirib ki, qloballaşma, sosial mühitin dəyişməsi, eləcə də xarici mədəni təsirlərin artması valideynlərin ad seçimində fərqli istiqamətlərə yönəlməsinə səbəb olur.

Azərbaycan dilində milli-mədəni irsdən qaynaqlanan çoxsaylı gözəl adlar mövcuddur. Bu adlar tarixi mənbələrdən, ədəbi əsərlərdən, xalq dastanlarından gəlir.

"Bəzi valideynlər seçdikləri adların mənası barədə kifayət qədər məlumata malik olmurlar.

Məsələn, ərəb mənşəli bəzi adlar, sadəcə, say bildirən məna daşıyır. Bu baxımdan, adların mənşəyi və semantikası barədə ictimaiyyətin məlumatlandırılması vacibdir”,- deyə S.Tahirli söyləyib.

Müsahib əlavə edib ki, adlar dilin ən dərin qatlarından biri olmaqla yanaşı, hər bir insanın kimliyinin ayrılmaz hissəsidir. Milli adlara üstünlük verilməsi isə ümumilikdə dilin və mədəni irsin qorunmasına xidmət edir.