Avstraliya Hörmüz boğazının blokadasında ABŞ-a kömək etməyəcək Gündəm

Avstraliya Hörmüz boğazının blokadasında ABŞ-a kömək etməyəcək

Avstraliya hökuməti Hörmüz boğazının blokadasında ABŞ ilə birlikdə iştirak etmək imkanını nəzərdən keçirmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xarici işlər və ticarət nazirinin müavini Mett Tistltueyt bəyanat verib.

Sky News telekanalının efirində o qeyd edib ki, Avstraliya hökuməti "blokadaya qoşulmağı planlaşdırmır".

"Biz hesab edirik ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərinin aşağı düşməsini təmin etməyin ən yaxşı yolu danışıqlar yolu ilə nizamlanmadır", — deyə nazir bildirib.

Onun sözlərinə görə, Avstraliya aprelin 11-də İslamabadda keçirilən (İran və ABŞ arasındakı) danışıqların nəticəsiz qalmasından məyusdur: "Biz bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı həmişəlik açmaq, beynəlxalq iqtisadiyyatı bərpa etmək və qiymətləri aşağı salmaq üçün ən yaxşı yoldur."

Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadası ilə bağlı bəyanatlarını şərh edən Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, bu məsələdə ABŞ təkbaşına hərəkət edir.

"Biz heç bir müraciət almamışıq. Biz Hörmüz boğazının blokadasında iştiraka dəvət olunmamışıq və belə bir dəvətin olacağını da gözləmirəm", — deyə o vurğulayıb.

Məryəm Quliyeva