Pişəvərinin “Qəsri-Qacar” zindanı ilə bağlı acı xatirəsi Güney Azərbaycan

Pişəvərinin “Qəsri-Qacar” zindanı ilə bağlı acı xatirəsi

"Əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün mübarizəni davam etdirdik"

Seyid Cəfər Pişəvəri həbsə alınmasını təsvir edərək yazır: "On bir il bundan əvvəl Dey ayının altısı günü (27 dekabr 1930) mənim üçün bir tarixi gün hesab olunur. Mən, 6.10.9 tarixini (6 dey, onuncu ay, 1319-cu ili nəzərdə tutur) bu günədək bir saat da olsun yaddan çıxarmamışam. O gün ki hava şəraiti də lap bu gün kimi nəzərimdədir. Yerlər buz bağlamışdı, bala-bala qar yağırdı. Şimran dağları uzaqdan ağ yumurta kimi görünürdü. Məhəmməd Ənzabi (Məhəmməd Ənzabi S.C.PiĢəvərinin köhnə dostlarından, həm də xalası oğlu idi – Ə.R.) ilə nahar etdikdən sonra mənzildən çıxdıq. O günlərdə biz Qəvvam əl-Səltənə xiyabanındakı Entexabiye küçəsində yaşayırdıq. Ənzabi məndən ayrılıb öz evinə qayıtdı. Mən isə dostlardan biri ilə işim olduğu üçün onun evinə gedəcək idim. Qapının yanında bir-birimizdən ayrıldıq. O Qəvvam əl-Səltənə xiyabanına tərəf getdi, mən isə sağa döndüm. Həmin dəqiqədə nəyin haqqında fıkirləşdiyim yaxşı yadıma gəlmir. Lakin həmişə olduğu kimi başımı aşağı salıb paltonun yaxasını qaldıraraq sürətlə irəliləyirdim.
Küçə xəlvət və soyuq idi. Küçənin başında, sol tərəfə dönmək istədikdə qəflətən tanımadığım bir adam qarşıma çıxdı. O, yöndəmsiz libas (paltar) geyinmişdi.
Əlində əsa var idi. Qiyafəsi çimçəşdirici, baxışları isə həyasız və fızul idi. Bu yöndəmsiz adamı görən kimi fikrimdə ona qarşı şiddətli nifrət oyandı. Onun
xoşagəlməz səsi bu nifrəti daha da artırdı.
- Ağa, sizin adınız filan... deyil, - deyə bu şəxs mənə müraciət etdi.
- Nə üçün, sözünüz var?
Zahirdə ədəbli rəftar etmək istəyən, lakin ədəbsiz baxışları və gülüşləri ilə xəbis niyyətini göstərən bu adam əlavə etdi:
- Ağa, şəxsən bəndənin sizə deməli bir sözü yoxdur. Məni göndərmişlər ki, bir neçə dəqiqəlik Ettelaat (Təhlükəsizlik) İdarəsinə təşrif gətirməyinizi xahiş edim. Zənnimcə sizdən kiçik bir söz soruşmaq istəyirlər.
Mən işin bu qədər də sadə olmayacağını başa düşdüm. Axı Ettelaat idarəsinin indiyədək heç məndən azacıq belə işi olmamışdı. Bu idarəyə girən adamlar heç də asanlıqla oradan çıxa bilməmişdilər. Əlacsız qalaraq dedim: - Belə olduqda qayıdaq mən evə xəbər verim.
O dedi: - Buna ehtiyac yoxdur. Tezliklə qayıdacaqsınız.
Mən başa düşdüm ki, bu polis dərsini əzbərləyib. Qaçmaq haqqında da əslən fikirləşə bilməzdim. Yəqin ki, o, tək deyildi. Digər tərəfdən mən özümü günahsız hesab edirdim. Buna görə də mənzilə qayıtmaq haqqında israr etməyərək polislə birlikdə yola düşdüm. Bu sadə, səssiz-səmirsiz bir dəvətlə, həyatımda yeni dövrün başlanmasını hiss etdim və bildim ki, bir daha öz meylimlə könlüm istəyən yerə gedə bilməyəcəyəm, ixtiyarım başqalarının əlinə keçib. Buna baxmayaraq bu işin aqibəti haqqında hələlik məlumatım yox idi. Ayağımın altında birdən-birə açılmış uçurumun haraya gedib çıxacağını bilmirdim.
Sipəh xiyabanında Ənzabi arxadan gəlib bizə çatdı. O, cəmiyyətin izdihamından istifadə edərək qabağa keçib, polisi tanıdığını və onun məqsədindən xəbərdar olduğunu müəyyən işarələrlə mənə başa saldı. Polisin gözləri yalnız mənə dikilmişdi. O, mənim qaça biləcəyimdən qorxurdu. Buna görə də Ənzabinin hərəkət və işarələrinə fikir vermirdi. Biz isə bu vəziyyətdən istifadə edərək
Təminat idarəsinin qapısınadək işarə ilə bir-birimizlə söhbət etdik. Orada isə məcburi olaraq təəssüflü gülüşlə vidalaşdıq. Mən bilirdim ki, o, necə olursa-olsun, tutulmaq xəbərimi bizim evə çatdıracaq. Buna görə də sakit ürəklə Təminat idarəsi binasının pillələri ilə yuxarı qalxdım. Orada polis məni kiçik bir otağa apardı. Üç böyük miz və bir sadə qəfəs ilə zinət verilmiş bu otaqda polis məni gənc bir kişiyə tapşıraraq çıxıb getdi. Sonralar həmin gəncin adının Rüfət olduğunu bildim. Məni gətirən polisi isə bu günədək ikinci dəfə görməmişəm".
O dövrün ən dəhşətli zindanı kimi tanınan "Qəsr-Qacarda" 226 №-li siyasi məhbus S.C.Pişəvərinin ilk istintaqı 1930-cu ilin yanvarında başlamış, 1940-cı ilin aprelinədək davam etmişdi. İstintaqın ilk mərhələsini əslən Xozustandan olan savadı və peşəkarlığı yetərincə olmayan Fəruzeş familiyalı müstəntiq aparmışdı.
S.C.Pişəvəri özünün zindan xatirələrində göstərir ki, bir qayda olaraq onu çox zaman gecə yarısı sorğu-suala çəkirmişlər ki, onun iradəsini sarsıdıb, ondan lazım olan cavabları ala bilsinlər.
S.C.Pişəvərinin çox illik zindan həyatının istintaq materialları nə az, nə çox - 7 cilddir. Suallar dəfələrlə təkrar olduğundan oxucunu yormamaq üçün istintaq materiallarının xülasəsini verməklə kifayədənəcəyik.
Müstəntiq:
S. - Adınız və familiyanız nədir? Özünüz haqda məlumat verin.
S. - Mircavad oğlu Mir Cəfər Pişəvəri. Otuz beş yaşım var. Azərbaycanın Xalxal mahalındanam. İran və Şurəvi mədrəsəsində müəllimlik etmişəm. Ev adresim: Vüzarete Cəng, Çaharrahi. Ġntixabiyye küçəsinin içi, Moəyyedol-
Məmalekin evi, nömrəsi yoxdur. Bir qadınım və bir oğlum var.
S. - Neçə müddətdir Tehrandasınız?
C. - Üç il yarım, dörd il olar.
S. - Nə zamandan Şurəvi mədrəsəsinin müəllimisiniz?
C. - Bir il dörd aydır.
S. - Bundan əvvəl nə iş görərdin?
C. - Ticarət işinə baxardım. Kitab mağazam var idi.
S. - Kitab mağazanız harada idi?
C. - Rifahi xiyabanında.
S. - Nə vaxtdan kitab mağazanız var idi?
C. - Təqribən iki il.
S. - Kitab satmaq işini nə üçün tərk etdiniz?
C. - Qazancı yox idi. Bir də ki, başqa iş tapmışdım.
S. -Şurəvi (Sovet) mədrəsəsində nə dərsi verirdiniz?
C. - Rus siniflərində riyaziyyat, tarix, coğrafiya, fars dili.
S. - Ayda nə qədər gəliriniz var idi?
C. - Yüz iyirmi tümən alırdım.
S. -Nə zamandan Şurəvi mədrəsəsində müəllim oldunuz?
C. - 1929-cu ilin avqust ayında Ģourəvi mədrəsəsinə daxil oldum.
S. -İran tarixi ilə 1929-cu ilin avqust ayı nə zamandır?
C. - 1308-cı ilin Ģəhrivər ayının əvvəlləri.
S. - Kitab mağazasında şərikin də var idimi?
C. - Şərik yox, ancaq şagirdim var idi.
S. - Neçə şagirdin var idi?
C. - Üç nəfər.
S. - Adlarını buyurun!
C. - 15 yaşında bir uşaq, adı Hacı Xan idi, familiyası yadımda deyil. Onu mağazamın qonşuluğunda olan bir başmaqçı mənə tanıtdırdı. Başmaqçının adını bilmirəm. Ancaq familiyası Əmiryan idi. Şagirdə gündə 4-5 qran verirdim. Yay tətillərindən sonra, mədrəsələr açılanda o da mədrəsəyə getdi. Bir də Əli Şərqi idi ki, tanışlarımdan Ağaye Mirzə Hüseyn Xan Omid onu mənimlə tanış etmişdi. Yaşı çox olduğu üçün qərar qoymuşduq ona ayda 30-35 tümən verəm. O da bir müddət qaldı, sonra dedi ki, Mazandaran dəmir yolunda bir iş tapdığı üçün getdi. Bu iki şagirddən qabaq Məhəmmədxan Ənzabi adlı bir şagirdim var idi. Qohumlarımdan idi, xalam oğlu idi. O da müəllimliyə getdiyi üçün iki nəfər başqa şagirdi gətirdim.
ġagirdlərimin hamısı bu 3 nəfər olmuşdu.
S.C.Pişəvərinin 10 illik zindan dövründə xanımı Məsumənin dəfələrlə yüksək dövlət məqamlarına, hətta şahın arvadının ünvanına ərinin bağışlanması haqda ərizələri cavabsız qalmışdı. 24 mordad 1331-ci ildə (sentyabr 1932) 501/4705 №-li cavabla Məsumə xanıma dövlət tərəfindən rəsmən bildirilir ki,"təkrar ərizələr yazmaqla dövlət məqamlarını və şəxsiyyətləri narahat etməsin". S.C.Pişəvəriyə psixoloji əzab verib, ruhiyyəsini sarsıtmaq məqsədi ilə xanımın boşanmasına və başqa ərə getməsinə razılıq ərizəsi yazması təklif olunur. Belə bir təklif Məsumə xanıma da edilmiş və bu haqda rəsmi ərizə ilə dövlətə müraciət etməsi "məsləhət" görülmüşdü. Ancaq Məsumə xanım bu riyakar təklifi rədd etmiş və ömrünün sonunadək "Ağaya" (o, Pişəvərini belə adlandırırdı) sədaqətli həyat yoldaşı, vəfalı dost qalacağını söyləmişdi. S.C.Pişəvərinin istintaqına aid materiallardan və ona verilmiş çoxsaylı suallardan bəlli olur ki, istintaqda əsas məsələlərdən biri Əli Şərqinin kimliyini aydınlaşdırmaq idi. Qarşı tərəf çox əlləşirdi ki, S.C.Pişəvəri özü Əli Şərqini "adam öldürən", "terrorçu", "dövlətə düşmən" adam kimi təqdim etsin. Belə olan təqdirdə S.C.Pişəvəri Əli Şərqini dövlətə qarşı cinayətlərə təhrik edən adam kimi tanınacaq idi. Bu isə həm Əli Şərqinin və həm də S.C.Pişəvərinin edamına "hüquqi əsas" yaratmış olacaq idi. Müstəntiq S.C.Pişəvəriyə bir neçə dəfə: "Siz nahaq inad edirsiz, Ə.Şərqi hər şeyi səmimiyyətlə boynuna alır" deməklə S.C.Pişəvərini Ə.Şərqinin satqınlığına inandırmaq və onu çaş-baş salmaq istəyirdi. Ə.Şərqi ilə bağlı uzun söhbətə son qoymaq üçün S.C.Pişəvəri Ə.Şərqi ilə üzləşdirilməsini tələb etmişdi, "Əli Şərqi nə desə, mən qəbul edərəm" deməklə müstəntiqin isti aşına soyuq su qatmışdı. Çətin vəziyyətə düşən lorustanlı müstəntiq istintaq vərəqəsini özü istədiyi kimi yazır və imzalamağı S.C.Pişəvəridən tələb edir. S.C.Pişəvəri isə yazılanları oxuduqdan sonra vərəqə imza atacağını bildirdikdə istintaqı aparan Fəruzeş əsəbi halda: "... Ağa mən ki, sənə papış tikmirəm, burada iki kəlmənin artıq ya əskik olmasının nə əhəmiyyəti var?" S.C.Pişəvəri cavabında "Ağa, işə baxılan zaman təqsiri bir kəlmə ilə də adamın boynuna qoyarlar. Məsələn "xeyr" sözü əvəzinə "bəli" sözünü götürək". Belə olan təqdirdə kəmsavad, təcrübəsiz müstəntiq mətin və zəkalı bir insanla üz-üzə dayandığını anladı...
S.C.Pişəvərinin zindan divarları arasında yazdığı xatirələrdən bəlli olur ki, Rza şah məmurları ona fiziki, pisixoloji əzab-əziyyət verməklə, ondan özlərinə gərək olan cavabı almağa çox çalışsalar da, onun iradəsini sındıra bilməyiblər.
"Rza xanın bütün cəlladlıq dəsgahı bizi məhv etmək istəyirdi. Ən yaxşı yoldaşlarımızı itirdik, özümüz isə fiziki cəhətdən ayaqdan düşdük. Lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün mübarizəni davam etdirdik".

Əkrəm Rəhimli
tarixçi