Urmu gölünə ayrılan vəsaitin xərclənməsində şəffaflıq olmalıdır Güney Azərbaycan

Urmu gölünə ayrılan vəsaitin xərclənməsində şəffaflıq olmalıdır

Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xoy və Çaypara əhalisinin İran parlamentindəki millət vəkili Urmu gölünün canlandırılması üçün ayrılan vəsaitin xərclənməsində şəffaflığın təmin olunmasını tələb edib.
Bu barədə "Təsnim" xəbər agentliyinə danışan Tağı Kəbiri Urmu gölünə ayrılan vəsaitin xərclənməsi prosesində problemlərin olduğunu diqqətə çatdırıb. "Urmu gölünün canlandırılmasına sərf olunan vəsait barədə dəqiq raport verilməlidir. Orada göstərilməlidir ki, hansı vəsait, hansı problemin aradan qaldırılmasına sərf olunub. Əsas məsələ odur ki, Urmu gölünə ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq təmin olunsun. Düşünürəm ki, prosesi səlahiyyətli orqanlar öz nəzarətində saxlamalıdır, əks halda gölün canlandırılması üçün ayrılan vəsaitlər lazımi yerə xərclənməyəcək"- deyə o qeyd edib.
Millət vəkili Xoy şəhərinin su problemini də Urmu gölünün quruması ilə əlaqələndirib. "Urmu gölü böhranı öz həllini tapmasa, böhran bütün bölgəni bürüyəcək. Hazırda Xoy şəhərinin ətrafında yerləşən məntəqələr qadağan edilmiş səhra kimi elan olunub və bölgədə içməli su problemi ilə yanaşı sənaye və əkinçilik sahələrində də su qıtlığı yaşanır"- deyə Tağı Kəbiri bildirib.
Bundan öncə isə Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma Bölümünün müdiri Məsud Təcrişi dövlət tərəfindən gölün canlandırılması üçün ayrılan vəsaitin təmin olunması ilə bağlı öz nigaranlığını dilə gətirib. Onun sözlərinə görə, ötən iki ildə Urmu gölünə ayrılan az miqdarda vəsaitin yalnız 36 faizi dövlət tərəfindən təmin olunub.