İran həbsxanasında 12 siyasi məhbus aclıq aksiyasını dayandırıb Güney Azərbaycan

İran həbsxanasında 12 siyasi məhbus aclıq aksiyasını dayandırıb

İran həbsxanasında 12 siyasi məhbus on günə yaxındır keçirdikləri aclıq aksiyasını bu gündən dayandırıb.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, onlar həmçinin Tehranın Evin həbsxanasının 350-ci bəndində və Kərəcin Rəcayişəhr zindanındakı məhbus yoldaşlarını aclıq aksiyasına son verməyə çağırıblar.
Bundan əlavə, azərbaycanlı siyasi məhbuslar - musiqiçi İsmayıl Bərzigəri və doktor Əsədullah Əsədi 6 gündür keçirdikləri aclıq aksiyasını dayandırıblar. Ancaq azərbaycanlı jurnalist Səid Mətinpur Tehranın Evin həbsxanasının 240-cı bəndində saxlanıldığı təkadamlıq kamerada on gündən çoxdur aclığı davam etdirir. Eyni zamanda bu sıraya digər azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli (Ayət) və Behnam Şeyxini də əlavə etmək olar.
Qeyd edək ki, aprelin 17-də Tehranın Evin həbsxanasında məmurlarla məhbuslar arasında toqquşma baş verib. Hazırda yüzlərlə məhbus aclıq aksiyası keçirərək təzyiq və zorakılığın dayandırılmasını, həbsxana rəhbərliyinin onlardan üzr istəməsini, döyüldükdən sonra zindanın 240-cı korpusuna və təkadamlıq kameralara köçürülən məhkumların geri qaytarılmasını tələb edirlər.