AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN YARANMASI Güney Azərbaycan

AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN YARANMASI

2-ci yazı

İXP-nin Azərbaycan əyalət təşkilatının başçısı kimi S.Padiqan, İran Həmkarlar şurasının Azərbaycan üzrə sədri kimi M.Biriya öz təşkilatları adından bəyanat verərək ADF-in sıralarına daxil olmaq (mülhəq) arzularını bildirdilər. Milli qüvvələrin vahid hədəfə doğru birliyini yaratmaq işində bu hadisə çox önəmli idi. Bu işdə S.C.Pişəvərinin təşkilatçılıq məharətini, kütlədə firqəyə və onun məramına inam yaratmaq bacarığını xüsusi qeyd etmək lazımdır. İXP Azərbaycan təşkilatı Firqə sıralarına gəlməmişdən 1945-ci il sentyabrın 7-də əvvəl geniş tərkibdə Əyalət konfransı keçirmişdi. Bu konfransda ADF-ni yaradılması ilə bağlı "12 Şəhrivər" müraciəti geniş müzakirə olunduqdan sonra İXP Azərbaycan təşkilatlarındakı 60 min nəfərlik üzvünün kollektiv şəkildə ADF sıralarına keçmək haqda yekdil qərarı qəbul edilmiş və bu haqda məlumat Tehrana göndərilmiş nümayəndə vasitəsi ilə İXP MK-ə çatdırılmışdı. S.C.Pişəvəri bunu xalq hərəkatının irəliləyişində çox önəmli hadisə kimi qiymətləndirmişdi. O, "Azərbaycan" qəzetində çap etdirdiyi "Güc birlikdədir" məqaləsində bu məsələyə işarə edərək yazırdı: "Bu konfrans müraciətnaməni və firqəmizin təşkili xəbərini çox şadlıq ilə istiqbal edib, Azərbaycan xalqının səadətini onun şüarlarında gördüyü üçün bir çox səbəbləri nəzərə alaraq hizbin Mərkəzi Komitəsi ilə (İXP MK-sını nəzərdə tutur - Ə.R.) əlaqəsini kəsib firqəmiz ilə birləşməyi qərara alıb".
Çox gərgin və ciddi hazırlıqdan sonra ADF-in 1-ci qurultayı 1945-ci ilin oktyabrın 2-də (1324-cü il mehrin 10-da) Təbrizdə Firdovsi adına solonda keçirilmiş və iki gün davam etmişdi. Qurultayda Azərbaycanın bütün bölgələrindən firqə üzvləri tərəfindən seçilmiş 277 nəfər nümayəndə iştirak etmişdi. Nümayəndələr sosial-iqtisadi vəziyyətlərinə görə bütün sinif, təbəqə və zümrələri təmsil edirdi. Bu firqənin ilk gündən siniflər arasında fərq qoymamaq siyasətinə bir işarə idi. Məsələnin belə qoyuluşu firqənin qurultayda qəbul etdiyi məqamnamədə də öz əksini tapmışdı. I Konfransdan keçən qısa müddətdə S.C.Pişəvərinin başçılıq etdiyi Müəssislər Komitəsinin fəaliyyətinə qurultay müsbət qiymət vermiş və ölkədəki vəziyyət ətraflı təhlil olunaraq, götür-qoy edilmişdi. Belə bir şəraitdə hələ Rza şah vaxtı Urmiyada vali (Ostondar) olarkən öz qəddarlığı ilə ad çıxarmış Mehdi Fərruxi Azərbaycana vali təyin edildi. O, Azərbaycana "sabitlik" yaratmaq məqsədi ilə gəlmişdi. O, burada S.C.Pişəvərinin rəhbərlik etdiyi ADF-nin başçılığı altında vulkan kimi püskürməyə hazır olan vəziyyəti görüb geri qayıtmaq məcburiyyətində qalır. Azərbaycana vali gəlməkdən imtina edən Mehdi Fərruxi Səidabad sarayında Məhəmmədrza şah tərəfindən qəbul edilir. O, Azərbaycanda
durumun çox təlatümlü olduğunu, S.C.Pişəvərinin rəhbərliyi altında orada xalqın ayağa qalxdığını söylədikdən sonra aşağıdakı təklifı irəli sürür: "Hansı yolla olursa-olsun Təbrizdəki Firqə rəhbərliyini həbs edib Tehrana gətirmək". Şahın, baş nazirin (M.Sədrin), hərbi nazirin (İ.Zənd), Baş Qərargah rəisinin (H.Ərfə) və başqa məqam sahiblərinin iştirakı ilə keçən müşavirədə M.Fərruxinin təklifi bəyənilir və bunun icra olunması haqda məxfi məktub şah qoşunlarının Azərbaycandakı baş komandanı general-mayor Ələkbər Derəxşaniyə çatdırılır. Məktubdakı göstərişlə bağlı Ə.Derəxşani demişdi: "Ağalar, şahənşahın fərmanını icra etmək bizim hərbi və müqəddəs vəzifəmizdir. Lakin diqqətli olmaq lazımdır. Bura Azərbaycandır!.
Burada İranın digər əyalətləri kimi rəftar etmək olmaz. Təsəvvür edin, Azərbaycan İranın dövlət gerbindəki tacı və qılıncı saxlayan Şiridir. İndi bu Şir həyəcanlanmış və təlatümdədir. O qəzəblənsə, hərəkət etsə, qarşısını almaq çətin olar. Tac yerindən oynar, qılınc əldən düşər. Qorxaq Mehdi Fərruxinin xatirinə bütün Azərbaycanda qırğın yaranmasına icazə vermək olmaz. Bu mülahizələri baş qərargaha çatdırın".
M.Fərruxinin Azərbaycandakı olaylardan qorxuya düşüb bura vali gəlmək fıkrindən tam yayındıqdan sonra antiazərbaycançılığı ilə şahpərəstlər içərisində şöhrət tapan Murtazaqulu Bayat M.Fərruxinin yerinə 1945-ci ilin oktyabrında Azərbaycana vali təyin olunur. M.Fərruxidən fərqli olaraq M.Bayat "diplomatiyaya" əl ataraq, S.C.Pişəvəri və onun rəhbərlikdə olan məsləkdaşları ilə "dil" tapmağa çalışdı. Bu məqsədlə o, S.C.Pişəvərini dialoqa çağırdı. Bir müddət valini əvəz etmiş və sonra Təbrizdə maliyyə işləri üzrə məsul olan Dövlət şahini S.C.Pişəvərinin yanına göndərir. Dialoq üçün razılıq əldə edildi. Bunun üçün görüş dövlətə məxsus "Alaqapı"da yox, tanınmış din xadimi Siqətül-islamın evində, 1945-ci il dekabrın 1-də keçirilmişdi. Bu görüşdə S.C.Pişəvəri iştirak etməmişdi.
Bu məzmunda 2-ci görüş 1945-ci il dekabrın 3-də, saat 14-də Təbrizli əsilzadə Öyrəc Əmir Zəkaəldövlənin evində keçirilmişdi. Bu görüşdə S.C.Pişəvəri ilə yanaşı, Rəfii və T.Şahin də iştirak ediblər. Vali M.Bayat, Tehrandan gəlmiş bir neçə dövlət nümayəndəsi və Dövlətşahinin iştirakı ilə keçirilmiş bu görüş 2 saat çəkmişdi. M.Bayat başda olmaqla bu danışıqlarda S.C.Pişəvəri əvvəlcə qarşı tərəfi dinləmiş sonra bəyanatla çıxış etmişdi. Pişəvərinin bəyanatında dövlət nümayəndələri qarşısında irəli sürülən tələblərin qısa məzmunu bunlar olmuşdu:
1. Əncümənlərə fəaliyyət imkanı verilsin;
2. Azərbaycan dili məktəblərdə tədris edilsin və idarələrdə işlədilsin;
3. Dövlətin büdcə ayrılmalarında Azərbaycanın payı artırılsın;
4. Polis və jandarmaların zorakılıq və özbaşınalığına son qoyulsun;
5. İşsizliyin aradan qaldırılması üçün ardıcıl və təsirli tədbirlər götürülsün;
6. Kəndlərdə mülkədar (ərbab) - rəyət münasibətləri tənzimlənsin və torpaq məsələsi ədalətli həllini tapsın;
7. Demokratik azadlıqlar bərpa edilsin, insan haqlarına hörmət qail olunsun;
8. Azərbaycana öz daxili işlərini özü görmək üçün muxtariyat verilsin və s.
Qarşı tərəf muxtariyyatdan başqa qalan tələblərin yerinə yetirilməyə söz versə də Tehranın yalan vədlərinə yaxşı bələd olan S.C.Pişəvəri muxtariyyat məsələsində israrlı olduqlarını və nəyin bahasına olursa-olsun muxtariyyat tələblərindən əl çəkməyəcəklərini qarşı tərəfə bildirmişdi. M.Bayatın başçılıq etdiyi nümayəndəlik muxtariyyatı "təcziyə tələblik" (İrandan ayrılma) kimi yazmış və bunun qəbul olunmazlığını bildirmişdi.
S.C.Pişəvəri isə istənilən muxtariyyatın mahiyyətini açaraq bildirmişdi ki, bizim muxtariyyat tələbimiz İran sərhədləri daxilində, mərkəzi dövlət artibutlarının və xalqın xeyrinə olan qanunların qəbulu və İran Məclisində şirkət etmək istəyi ilə
hüdudlaşır və s. qarşı tərəf muxtariyyat kəlməsindən xoflandığını və onun qəbul olunmazlığını təkrar-təkrar bildirdikdə S.C.Pişəvərinin son sözü Bayata bu olmuşdu: "Əgər mərkəzi dövlət zor tətbiq etməklə bizi susdurmaq istəsə onda
Azərbaycan xalq son nəfəsə qədər öz haqqını müdafiə edəcək. Biz zora zorla cavab vermək məcburiyyəsində qalacağıq".
Azərbaycanlılara qarşı umumiran miqyasında təzyiqin və təqiblərin gücləndiyi bir şəraitdə ADF-in Təbrizdə keçirilən I qurultayı özünün 6-cı iclasında (son) ADF-in MK (42 nəfər) və Mərkəzi Təftiş Komissiyasını (12 nəfər) seçdi. Qurultay eyni zamanda firqənin taktika və strategiyasına aid bir sıra dəyərli təkliflərin əməli fəaliyyətdə nəzərə alınmasını məsləhət gördü. Bununla birlikdə I qurultay ADF-i Azərbaycandakı xalq hərəkatına rəhbərlik edəcək yeganə və səlahiyyətli təşkilat kimi rəsmiləşdirdi, onun məramnamə və nizamnaməsini qəbul etdi, mübarizəyə köklənmiş xalqı təşkilatlandırdı. Qurultay nümayəndələrinin son sözü bu olmuşdu ki, "Biz İran və Azərbaycanın nicatını bu firqənin bayrağı altında görürük. Onun müqəddəs şüarlarını həyata keçirmək üçün canımız, malımız və namusumuz ilə mübarizə edəcəyik".
ADF I qurultayının materiallarında və qəbul edilmiş məramnamədə heç bir "izmdən" söhbət açılmır. Proletar diktaturasından, "Bütün ölkələrin proletarları birləşin!" ənənəvi kommunist şüarından və nə də sosializm, kommunizmdən, sinfi mübarizədən ad belə çəkilmir. Qurultay Azərbaycan cəmiyyətini milli azadlıq və demokratik tələblər ətrafında başlıca hədəfə doğru vahid cəbhədə birləşdirməyi özü üçün əsas strategiya olaraq qəbul etmişdi. S.C.Pişəvəri ADF-nin strategiya, məqsəd və hədəflərindən danışarkən demişdi: "Həqiqi halda bizim firqəmiz kommunist firqəsi deyildi. Biz Azərbaycanda olan şərait daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik. Hizb Tudeye İranın səhvlərini təkrar etmək bizə yaramazdı. Biz eyləyə biməzdik ki, milli bir firqə olduğumuz halda birinci qədəmdə sinfi mübarizəni alovlandıraq. Bizim ogünkü hədəfimiz Azərbaycanda fəqət milli-demokratik bir rejim yaratmaq, xalqı müasir və mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik. Bu, hoqqabazlıq olardı".
Azərbaycanda və İranda siyasi vəziyyətin kəskinləşməsi, ADF-in I qurultayı ərəfəsində və qurultaydan sonra milli qüvvələrin daha artıq oyanışında diqqəti cəlb edəcək dərəcədə əmələ gələn dirçəliş mərkəzi dövləti daha artıq narahat edib qıcıqlandırırdı. Hərəkat əleyhinə əməlləri dalana dirənmiş dövlət XV çağırış
məclisinə seçkiləri belə təxirə salmaq məcburiyyətində qaldı. O yaxşı bilirdi ki, əgər bu şəraitdə XV məclisə seçkilər keçirilsəydi, məclisdə demokratik qüvvələrin mütləq üstünlüyü şəksiz olacaqdı. 1945-ci ilin sonunda Güney Azərbaycanda siyasi hadisələrin istiqamətləndirilməsində, Xalq Konqresinin çağırılmasına təşəbbüsdə və fədai dəstələrinin (silahlı könüllülərin) yaradılmasında 18 noyabr 1945-ci ildə (17 Aban 1324) çağırılmış ADF-in II geniş plenumunun xüsusi rolunu qeyd etmək lazımdır. Plenumun gedişində əncümənlərin bərpa edilməsi, daxili muxtariyyatın əldə olunması, "zora zorluqla" cavab verilməsi məcburiyyəti və nəhayət, inqilabı çevriliş üçün situasiyanın yetişdiyi haqda fikirlər plenumun sənədlərində xüsusi olaraq qeyd edilmişdi.
Milli azadlıq hərəkatında münasib fürsətin ələ düşməsini qeyd edərək S.C.Pişəvəri yazırdı: "Fürsətdən istifadə edə bilmək özü böyük istedad və ləyaqət istəyir. Biz fürsəti əldən verməyə razı ola bilməzdik". İki gün davam edən geniş plenum, əslində qarşıdan gələn günlərdə həyata keçiriləcək tədbirlərin proqramını vermişdi. Geniş kütlənin siyasi fəallığı və xalq tərəfindən seçilmiş nümayəndələrin iştirakı ilə Xalq Konqresinin çağrılmasına hazırlıq II plenumun qərarlarında xüsusi qeyd olunmuşdu. S.Pişəvəri: "Biz İran istiqlal və təmamiyyətini dəfələrlə etiraf etmişik. Tehran isə bu istiqlaliyyəti pozmaq yolunda hər gün tazə fırıldaq çıxarır. İş belə gedərsə, biz tamamilə ayrılıb müstəqil bir dövlət təşkil etməyə məcbur olacağıq. Ayrı çarə yoxdur... İş belə gedərsə, bizim ayrı çarəmiz qalmayacaq. Naçar gərək deyək: "Sizinki sizdə, bizimki bizdə". Yaxamızdan əl çəkib qoyun bildiyimiz kimi öz evimizi idarə edək".

Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar"
şöbəsinin müdiri