1828-1921-ci illərdə Güney Azərbaycanda ictimai-siyasi və mədəni durum Güney Azərbaycan

1828-1921-ci illərdə  Güney Azərbaycanda ictimai-siyasi və mədəni durum

2-ci yazı

Bir yandan panturkizm, turançılıq ideyası ilə müşayiət olunan türkçülük azərbaycanlı burjua ziyalılarının bir hissəsində paniranizmə yönəlişi gücləndirir, o biri yandan türkçülüyün tərəfdarlarının türklərin tarixi, mədəniyyəti, dili və s. haqqındakı yazıları və ideyaları azərbaycanlı ziyalıların bir qismində milli şüurun formalaşmasında müsbət rol oynayırdı. 1918-ci ilin aprelində Cənubi Azərbaycana türk hərbi hissələrinin daxil olması vilayətdə milli əhval-ruhiyyəli dairələrin fəaliyyətini canlandırdı. Türklər Azərbaycan dilində "Azərbaycan" qəzetinin nəşrini təşkil etdilər. Qəzetin redaktoru gənc təbrizli müəllim və şair Mirzə Tağı Rüfət idi. Qəzet türkçülük ideyasının təbliğinə xidmət edirdi. Türklər Urmiyaya daxil olandan sonra tədrisin türk-Azərbaycan dilində aparıldığı məktəb açdılar. Məktəbdə şəhərin savadlı nümayəndələri və gənc türk zabitləri dərs deyirdilər. Məktəbdə Urmiya uşaqlarına və gənclərinə onların türk olduğu təlqin olunur, fars dili xarici dil kimi tədris edilirdi. Lakin məktəb cəmi beş ay fəaliyyət göstərdi, türklər getdikdən sonra bağlandı. "Azərbaycan" qəzeti və Azərbaycan dilli məktəb (Urmiya) iranlıların həyatında dillərin faktiki bərabərliyini tanımaq meyli kimi Azərbaycan dilinin inkişafına xidmət etmiş oldu.
Bu illərdə fəaliyyət göstərən bir sıra partiyalar, məsələn, "İrşad" partiyası din və dil birliyinə malik olan Zaqafqaziyanın şərq əyalətlərinə və Güney Azərbaycana öz müqəddəratını təyin etmək hüququ verilməsinə, "İraniyane mütərəqqi" partiyası isə İranda milli azlıqların ibtidai məktəbdə ana dilində təhsil almasına tərəfdar idi. Bütövlükdə partiyaların proqramlarında milli məsələ qoyulmamışdı. Yalnız İran Kommunist Partiyası (İKP) milli məsələyə toxunmuşdu. İKP-nin 1927-ci ildə qəbul olunmuş proqramında millətlərin öz müqəddəratını təyin etmək hüququ təsbit edilmişdi, lakin partiya öz fəaliyyətində Azərbaycan dilindən istifadə etməkdən imtina etmişdi. Vidadi Mustafayevin fikrincə, həmin dövrdə Azərbaycandakı demokratik hərəkat separatçılıqda və pantürkizmdə günahlandırılırdı. Bu "nöqsan"larda günahlandırılmamaq üçün partiya fars dilini yazılı ünsiyyət sahəsində yeganə vasitə kimi qəbul etmişdi. Beləliklə, yuxarıda qeyd olunanlar göstərir ki, milli dil və spesifik milli mənafe məsələləri əhalinin müəyyən, görünür, az bir hissəsini məşğul edir, cəmiyyətin bəzi təbəqələri üçün konyuktur xarakter daşıyırdı.
Bu dövrdə İran Demokratik Partiyasının Azərbaycan təşkilatı (ADP-1917-ci ildə yaradılıb) daxilində müəyyən mənada qütbləşmə gedirdi. Şeyx Məhəmməd Xiyabani tərəfdarlarından ibarət olan sol cinahın ADP-də rəhbərliyi ələ alması və getdikcə möhkəmlənməsi ilə barışmaq istəməyən sağ qrup dil məsələsində də ADP-nin əsas xətti ilə razılaşmırdı. Bu dəstə partiyanın yazı işləri kimi danışıq dilinin də farsca olmasını tələb edirdi. Kəsrəvinin yazdığına görə, Osmanlı türkləri Azərbaycanı tərk etdikdən sonra ADP-nin konfransında partiya işlərini yalnız fars dilində aparmaq və türklərə rəğbət göstərən və onlarla fəal əməkdaşlıq edən M.T.Rüfəti partiya sıralarından azad etmək haqqında qərar qəbul edilmişdi.
Həbsdən qayıtdıqdan sonra Xiyabani M.T.Rüfəti partiya sıralarına qaytarmağa nail oldu və ona ADP-nin orqanı olan "Təcəddüd" qəzetinin redaktoru vəzifəsini tapşırdı. Xiyabani mitinqlərdə azərbaycanca danışırdı. Lakin bu nitqlər haqqında hesabat "Təcəddüd" qəzetində fars dilində çap olunurdu. Əslində bu məsələ Xiyabaninin Azərbaycan dilini inkişaf etdirmək yolundakı tədbirlərinə zidd bir hərəkət idi. Araşdrımaçı-jurnalist Qulam Məmmədli bunun səbəbini bir tərəfdən tez-tez dəyişən redaktorlarda, digər tərəfdən isə Xiyabaninin özündə görürdü. Q.Məmmədlidən fərqli olaraq V.Mustafayev Xiyabaninin bu qərarının kütlələrə əsas təsir vasitələrini saxlamaq zərurətindən doğduğunu, Azərbaycan (əsasən şifahi) və fars (yazılı) dillərinin işlənmə sahələrindəki bölgü ənənəsinə uyğun gəldiyini qeyd edir.
Xiyabani 1918-ci ildə yaranmış "Nəşre-maarif" cəmiyyətinin işində son dərəcə fəal çalışırdı. O, xalqın siyasi maariflənməsinə böyük əhəmiyyət verərək deyirdi: "Biz aşağı sinifləri onların mövcud vəziyyəti ilə tanış etməli, onları elm və biliklərə yiyələndirməliyik, onda onlar öz azadlıqlarını ardıcıllıqla və bütün qüvvələri ilə müdafiə edə bilərlər". Təhsilin səviyyəsinin son dərəcə aşağı olduğu Cənubi Azərbaycanda xalqın siyasi maariflənməsi üçün savadsızlıqla mübarizə xüsusi əhəmiyyət kəsb edirdi. Xiyabani bu məsələ üzərində dayanaraq qeyd edirdi ki, "12 ildən bəri bu yolda bir addım belə atılmamışdır", qara qüvvələr "hətta mədrəsələrin qapılarını belə millətin balalarının üzünə açmaq istəmirlər". Xiyabaninin qurduğu Milli Hökumət (1920 aprel-sentyabr) maarif və mədəniyyət məsələsinə böyük əhəmiyyət verirdi. Komissiyanın elm, maarif və mədəniyyət məsələsinə həsr etdiyi islahat layihəsində ibtidai, orta, ali məktəblərin və s. mədəniyyət ocaqlarının açılması nəzərdə tutulurdu. Xiyabani icbari təhsili həyata keçmək məqsədilə Təbrizdə uşaqlar üçün pulsuz xüsusi qız məktəbinin əsasını qoymuşdu. Milli Hökumət maarifin inkişafı və həmin məktəblərdə Azərbaycan dilinin və yeni elm sahələrinin tədrisi üçün Zaqafqaziyadan, eləcə də Türkiyədən, o cümlədən iranlıların Bakıdakı "İttihade-iraniyan" və Tiflisdəki "İttifaq" məktəblərindən müəllimlər dəvət etmişdi. Bu hərəkatı tədqiq etmiş müəlliflər onun milli azadlıq xarakterini yekdilliklə qeyd etsələr də həmin anlayışa müxtəlif məna verirlər. M.C.İvanov və Ş.Ə.Tağıyeva belə hesab edirlər ki, hərəkatın qarşısında həm Azərbaycanı, həm də İranı azad etmək vəzifəsi dururdu. Riçard Kottom isə Xiyabaninin fikir və əməllərində Azərbaycana müstəqillik tələblərinin gözə çarpmadığını bildirir. Müasir İran müəlliflərindən Kərəm Cəfəri də Xiyabaninin qanuni hüquqlar, yalnız əyalət əncüməninin bərpası uğrunda mübarizə apardığını qeyd edir. V.Mustafayev isə reallığa daha uyğun olaraq yazır ki, "hərəkatda əsas vəzifə kimi İranda burjua, demokratik, hətta respublika rejimi bərqərar olması irəli sürülürdü. Bu ideologiyada demokratların Azərbaycanın və azərbaycanlıların gələcək vəziyyətinə münasibəti faktiki olaraq öz əksini tapmayıb".Yuxarıda deyilənlərdən məlum olur ki, partiyanın proqramında, təsis konfransının qərarlarında, Ş.M.Xiyabaninin məqalə və nitqlərində, üsyanın manifestində Azərbaycan millətinin milli mənafeyi öz əksini tapmayıb. Digər qeyri-fars xalqlardan fərqli olaraq azərbaycanlılarda siyasi qurum və təşkilatların fəaliyyətini uğurlu etno-siyasi hərəkata çevirəcək aydın ideologiya və strategiya yox idi. Xiyabaninin nitqlərini izlədikdə, belə qənaətə gəlmək olar ki, o, Azərbaycanın müstəqilliyinə mədəni təkamül yolu ilə çatmağı vacib sayırdı. Xiyabaninin Azadistan dövlətinə rəhbərlik etdiyi qısa müddət ərzində əsasən mədəniyyət və maarif sahəsinə diqqət yetirməsi də buna sübutdur. Onun milli məsələni qabartmamasının əsas səbəbi xalqın milli istəkləri müdafiə etmək səviyyəsinin hələ aşağı olmasını daha yaxşı dərk etməsi ilə əlaqədar idi. Xiyabaninin rəhbərlik etdiyi müstəqil Azadistan Cumhuriyyətinin yaradılması da aparılan mübarizənin məqsədlərinə daxil deyildi. Həmin respublikanın yaranmasında hərəkatın müstəsna təsiri və rolu olsa da bu siyasi sistemin təşəkkülü daha çox o dövrkü ictimai-siyasi hadisələrin təbii axarının nəticəsi olaraq baş vermişdi. Digər tərəfdən isə bu illərdə İranı Azərbaycan xanədanı idarə edirdi (yəni əvvəldə qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı ayrı-seçkilik məsələləri az idi). O zamankı mövcud durumu nəzərə alsaq, Xiyabaninin şəraitə uyğun tələblər irəli sürməsi normal hesab olunmalıdır. Xiyabani hərəkatından sonra Cənubi Azərbaycanda Azərbaycan türkcəsi mətbuat və təhsil sistemində möhkəmlənə bilmədi, əsasən şifahi ünsiyyət vasitəsi olaraq qaldı.
Qacarlar etno-mədəni baxımdan Azərbaycan xalqını təmsil etməsə də, sülalə öz hakimiyyətini qorumaq üçün farslar və Cənubi azərbaycanlılar arasında balanslaşdırma siyasəti yeritsə də, Azərbaycan xalqının etno-mədəni inkişafı qarşısında heç bir rəsmi maneə də yaratmamışdı. Sadəcə olaraq, azərbaycanlı qüvvələr siyasi, dövlətçilik, sosial məsələlərə aludə olduqlarından öz etnomədəni varlığına, onun yeni şəraitdə inkişaf etdirilməsinə biganə qalmışdılar. Qacar sülaləsinin hakimiyyəti hərbi sahədə azərbaycanlılara, idarəçilik sistemində farslara və azərbaycanlılara arxalanması, azərbaycanlıların geniş bir əraziyə səpələnməsi, müxtəlif formalı ictimai həyat tərzi (oturaq, köçəri) və polietnik İranda dillər arasında tarixən formalaşmış funksional bölgü Azərbaycan dilinin bəzi cüzi dəyişikliklər və təşəbbüslərə baxmayaraq, mövcud statusunda qalmasını şərtləndirib.
1918-ci ildən başlayaraq İranda dövlətin müstəqilliyini möhkəmləndirməyin üsulları haqqında geniş mənəvi-ideoloji fəaliyyətə başlanmış, bir sıra praktiki addımlar atılmışdı. Avropada təhsil almış və əsasən orada fəaliyyət göstərən ziyalılar qədim İran dövlətçilik ənənələrinin bərpa edilməsi və Avropa siyasi dəyərlərinin mənimsənilməsi uğrunda mübarizə aparırdılar. Həmin məsələ 1921-ci il çevrilişindən sonra daha da aktuallaşmışdı, modernləşmə tərəfdarlarının əksəriyyəti müstəqillik və inkişafın əsasını ölkədə güclü mərkəzi hakimiyyətin bərqərar olunmasında və onun millət-dövlət quruculuğuna başçılıq etməsində görürdülər. İranda gələcək dövlət quruculuğu məsələlərinin həllinə Türkiyədəki milli azadlıq hərəkatının gedişi (1918-1923) və dövlət quruculuğu prosesi də mühüm təsir göstərmişdi. Türkiyədə 1923-cü ilin sonunda Respublika elan edilməsi 1924-cü ilin əvvəlində İranda da oxşar addımın atılması ilə bağlı ideyanın meydana çıxmasına səbəb oldu. Ancaq mühafizəkar qüvvələr həmin ideyanın reallaşdırılmasına mane oldu. Buna baxmayaraq, güclü mərkəzləşdirilmiş hakimiyyətin yaradılması ideyası modernləşdirməyə inamı gücləndirdi.

Yeganə Hacıyeva