Çağdaş Güney Azərbaycan epik şeirinin qaynaqları Güney Azərbaycan

Çağdaş Güney Azərbaycan epik şeirinin qaynaqları

2-ci yazı

Yazıçı və şairlər bütün dövrlərdə öz xalqının, eləcə də dünya xalqlarının folkloruna, şifahi xalq ədəbiyyatına sıx tellərlə bağlı olub, bu mötəbər qaynaqlardan yaradıcılıqla bəhrələniblər. Güney Azərbaycanda milli hökumətin qurulması, demokratik mətbuatın güclənməsi Əli Kəmali, Məhəmmədəli Fərzanə, Mirzəli Möcüz, Əli Təbrizi, Məhəmmədbağır Niknam kimi dil, yurd, vətən təəssübkeşlərini də ana dilində yazıb-yaratmağa, zəngin klassik irsimizi araşdırmağa, folklor nümunələrini toplayıb xalqa çatdırmağa ruh-landırıb. Həmin dövrdə Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor məsələləri üzərində tədqiqatlar aparan Məhəmmədəli Fərzanə (1923-2006) "Azərbaycan milli dastanları" adı ilə silsilə məqa-lələr yazaraq nəşr etdirib, "Kitabi-Dədə Qorqud"un boylarına xüsusi diqqət və məhəbbətlə yanaşıb. Alim müsahibələrinin birində deyir: "Heç şübhəsiz, bu nümunələri oxuyanlar arasında sevinənlər də var idi, rahatlığı pozulanlar da. Artıq ədəbiyyatşünaslıqda "Dədə Qorqud" mübahisəli məsələyə çevrilmişdi. "Dədə Qorqud" boyları üzərində ədəbiyyatşünaslıqda mübahisələrin davam etdiyi günlərin birində sinəsi sözlü-söhbətli anama "Buğac boyu"nu oxudum və dedim ki, sözlərə diqqətlə qulaq ver, anlaşılmaz sözlər varsa, söylə. Anam axıradək dinləyərək cavab verdi: "Oğlum, burda anlaşılmaz nə var ki, boy da bizimdir, soy da bizim, söz də bizimdir, qan da bizim".
Bulud Qaraçorlu Səhənd (1926-1979) "Kitabi-Dədə Qorqud" boylarından böyük ustalıqla istifadə edərək dədə-babalarımızın, nənələrimizin hikmət dünyasından, qədim əsatirlərimizdən, əcdad-larımızın həyat problemlərindən, çətinliklərindən bəhs edir, haqq və nahaqı, xeyir və şəri, bir-birilə ziddiyyət təşkil edən hər iki məfhumu qarşılaşdırır. Şair insan və onun iç dünyasının sirlərini əsərdəki obrazların dili ilə açıqlayır, ilahi qanunlar, tale yazısı və qəzavü-qədər məsələlərini önə çəkir. Dünyanın, bütün yaranışın, gözlə görünən hər zərrənin belə özbaşına yaranmadığını, bütün bunların mahiyyətində ilahi, fövqəl bir qüvvənin durduğunu təsdiqləyir. Folklor təfəkkürlü bədii ümumiləşmənin ən tipik nümunəsi olan bu əsərdə ziddiyyətli hadisələri, təzadlı obrazları qarşılaşdıran şairin əsas məqsədi ulu Yaradanın haqq nurunun onun xəlq elədiyi insanların sevgisi və şəfqəti üzərində təcəlla etdiyini, qəhrəmanının ata, ana sevgisinin də əslində İlahiyə - Yaradana sevgi olduğunu bir daha anlatmaqdır. Dövrünün əsl söz, sənət ustadı olan Səhənd mənəviyyatın, müqəddəs, ülvi duyğuların hər şeydən dəyərli olduğunu önə çəkir.
Səhəndin nəzərində ürək, ruh birliyi - məhəbbət haqqa qovuşmanın, əbədiyyətə çatmağın yeganə yoludur. Ümumiyyətlə, mənəviyyat, eşq-məhəbbət, haqqı dərk etmək, haqqa qovuşmaq, əbədiləşmək, müqəddəsləşmək və Allahın buyruğu ilə yaranan dünyəvi nemətlərin, varlığın dəyərini bilmək, Səhənd yaradıcılığının əsas ideya və qayəsidir. Eposun müvafiq boylarını sadəcə nəzmə çəkməklə kifayətlənməyən coşqun təbli şair poemalarında "müasir dövrün bədii-estetik, milli-mənəvi normaları ilə səsləşən sənətkar konsepsiyasını da reallaşdıra bilib".
R.Təhməzoğlunun "Dədəm Qorqut" poemasını bütövlükdə "mənəvi qaynağın poetik biçimi" kimi səciyyələndirən fil.ü.e.d. İsmayıl Öməroğlunun (Vəliyev) bu əsərlə bağlı qənaətini eynilə "Sazımın sözü" poemalar silsiləsinə və "Dədə Qorqud" boylarına yazdığı "Başlanış" və "Qurtarış"lara da şamil etmək mümkündür: "Əsər eposun məlum boylarının süjeti əsasında formalaşsa da, şairin çağdaş lirik "mən"i, onun bu günün ucalığından keçmişə baxışı, bu baxışdakı öygü, öyünmə və qınamalar olduqca təsirlidir".
Bədii-poetik sözün, deyimin zirvəsi, müdriklik səltənəti sayılan "Kitabi-Dədə Qorqud" boylarını Səhənd yenidən nəzmə çəkərkən yüksək bədiiləşdirmə üsulu nümayiş etdirib, obrazlaşdırma texnikasından böyük ustalıqla yararlanmış, bədiiləşdirmə mexanizmlərini xüsusi bir həssaslıqla işləmişdir. Elə bu özəlliklərinə görə də onun poemalar silsiləsində etnoqrafik məqamlar daha çoxdur və bu məqamların sırasında ov səhnələri, döyüşlər, toy şənlikləri, məişət mərasimlərinin poetik təsviri xüsusilə diqqəti cəlb edir. Şair Dədə Qorqudun adı ilə bağlı əhvalat və hadisələrə müasirlik gözü ilə nəzər salır, obrazlar, dastan qəhrəmanları yenidən "dindirilir", çağdaş insanla üz-üzə gətirilir, qınamalar şəxsiyyətin tarixdəki hərəkətini saf-çürük etmək üçün vasitəyə çevrilir. Etnoqrafik səciyyəli əsərdə tarixdən və dastandan alınan ibrət dərsi, əxlaqi təəssüratlar vətəndaşın milli tərbiyəsi üçün önəm qazanır.
"Sazımın sözü" poema silsiləsində "Başlanış" və "Qurtarış"lar forma və mövzu rəngarəngliyinə görə də bir-birindən tamamilə fərqlənir. Əsərin başlıca müsbət keyfiyyəti müxtəlif baxışlı, müxtəlif taleli, müxtəlif dünyagörüşlü obrazların baş verən hadisələrə fərdi yanaşmaları ilə həm də öz psixologiyalarını açması, insanın dəyərini, məna və məqsədini bəlirləməsi, oxucunu düşündürməyi bacarması, dövrünün həqiqətlərini ortaya qoymasıdır. Təbiətin insan duyğusu, baxışı ilə vəhdəti "Dədəmin kitabı"ndakı "Dirsə Xan oğlu Buğac" bölümündə də lakonik formada özünü göstərir. Təbiətlə həmahəngliyi hər misrasından duyulan, ilahi varlıqların insan düşüncəsində təzahür etdiyini apaydın yansıdan və əsasən qəhrə-manlıq motivləri üzərində qurulan, qədim dövrün ab-havasını çağımıza gətirən "Sazımın sözü" kitabındakı poemalar silsiləsi bu günümüzlə tamamilə səsləşir. Şair bu əsərlərdə xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığım, milli-mədəni irsimizə ehtiram və sevgisini sərgiləyib, xalqımızın odu-ocağı qutsal saydığını vurğulayıb, işığın-çırağın hələ də and yeri olduğunu "Duxa Qoca oğlu Domrul" poemasında belə ifadə edib:
Hələ də, hələ də bizim yerlərdə Sadə insanların andı "çıraq"dır,
Xalqın arasında, kənddə, şəhərdə Müqəddəs yerlərin adı "ocaq"dır.
Səhənd yaratdığı obrazların simasında baş vermiş hər hansı bir zorakılığa qarşı çıxır və zaman-zaman təkrarlanan bu kimi hallardan qurtuluş yollarını axtarır. Bədii məqsəd və qayəsinə nə dərəcədə nail olur, ya olmur, bunu çözməyi oxucunun ixtiyarına buraxır. Xalqın həyatına və folkloruna sıx tellərlə bağlı olan şair poemada təlmih yaradaraq Nizami və Füzulinin də müraciət etdiyi qədim ərəb əfsanəsi "Leyli və Məcnun"a işarə edir və insan oğlunun itirdiyi həqiqətin, haqqın arayışını Məcnunun səhrada ilk eşqini aramasına bənzədir. Həmin gündən insan:

Dəli Məcnun kimi gəzir çölləri,
Sanki unudanmır ilk məhəbbətin.

Şəhriyar yaradıcılığında folklor mövzusu, folklor motivləri və poetikasından bəhrələnmə halları daha intensivdir". "Heydərbabaya salam" poemasının ifadə tərzində, şairin təhkiyəsində müdrik bir ağsaqqal sözü, düşüncəsi var. Xalq ruhunun zənginliyi, incəliyi və təbiiliyi ilə rövnəqləndirilən bu mənzumə oxucularda dərin emosiya yaradır, duyan kəsin daxili dünyası təlatümə gəlir, duyğular seli kükrəyir. Bu, şairin poetik yaradıcılığında folklor nümunələrinin mühüm yer tutması, onun xalqın bədii təfəkkür məhsullarından nağıl, dastan, əfsanə, rəvayət detallarından, zərb-məsəl və atalar sözlərindən, mifik obraz və əsatirlərdən bəhrələnməsi ilə də əlaqədardır. Məsələn:
Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram.
- misralarını oxuyanda "Koroğlu" dastanında təsvir olunan hadisələri gözümüz qarşısında canlandırmaqla, şair həm də xalqın tarixi qəhrəmanlıq ənənələrinə çiyin verib onu yaşadır, eyni zamanda, igidliyə, mərdlik və cəsarətə rəğbət, şər qüvvələrə, xəyanət, xəbislik və pisliyə nifrət ruhu aşılayır. Yeri gəldikcə, ardıcıl olaraq xalq ədəbiyyatında geniş yayılmış, xeyirlə şərin, işıqla zülmətin əbədi mübarizəsi məsələsini qoyur, şər qüvvələrin yer üzündən silinməsini, xeyirin qəti qələbəsini, insanların azad, xoşbəxt yaşamasını diləyir.
Onun xalq qəhrəmanı Qaçaq Nəbiyə ayrıca şeir həsr etməsi "Əsli və Kərəm şeirinə bir haşiyə", məşhur el aşığı Xəstə Qasımdan iqtibas edərək "Yalan dünya" şeirlərini yazması, "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanları Dədə Qorqudu, Dəli Domrulu və b. vəsf etməsi şairin məhz azadlıq, humanizm idealından doğub. Xalqın dilində yaranıb öz varlığını əsrlərcə saxlayan folklor inciləri - əfsanə, rəvayət, nağıl, dastan, hekayə və qissə motivləri təkcə Şəhriyarın deyil, sələflərinin, həmçinin bir çox müasirlərinin də yaradıcılığı üçün ilham qaynağı olub. Şəhriyar qədim rəvayət, əsatir və əfsanə obrazlarına müraciət edərkən ancaq işarə, xatırlatma ilə kifayətlənir, obrazı, onunla bağlı hadisəni - təhkiyəni bütünlüklə vermir, bunu oxucunun hafizəsinin, məlumat və biliyinin öhdəsinə buraxır. Əfsanə və ya rəvayət detallardakı təsəvvürlər şairə bədii məqsədini açmaq üçün imkan verir, doğma bir bədii üsul vasitəsinə çevrilir. Məsələn:
Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Şairin bu əfsanəvi şəxsiyyət-obrazları xatırlamaqda hansı məqsəd güddüyünü açıqlamağa çalışaq. Süleyman padşah öz dövründə bütün başqa dillərdə danışan insanların, heyvan və quşların, bitkilərin dilini bildiyinə görə təbiət qüvvələrinin yer üzünün hökmdarı, möhtəşəm var-dövlət sahibi olmuşdu. Amma nə yazıq ki, o var-dövlət də, hökmranlıq da ölümün qarşısında acizdir. Şairin qənaəti budur ki, hər şey ötüb keçir, insandan bu dünyada yalnız xeyirxah əməlləri, yaxşı adı qalır...
M.S.Şami "Qartal", M.T.Zehtabi "Şahin zəncirdə", Haşım Tərlan "Şahin və simurq" poemalarında folklordan qaynaqlanmaqla ədəbiyyata, şeir sənətinə yeni keyfiyyət dəyişiklikləri, milli ruh gətiriblər. Çünki folklor xalq ruhunun, milli koloritin, xalq psixo-logiyasının, xalqın dini, mifoloji görüşlərinin və dilinin əks-sədası, əslində səsidir.
"Şahin zəncirdə" poemasında qarğanın 300 il yaşaması haqqında bu gün də mövcud olan əfsanəyə istinadən M.T.Zehtabi bir sıra mətləblərə eyham vurur və bu təlmihlər fikirlərini üstüörtülü şəkildə ifadə etmək, senzuradan yayınmaq üçün əslində vasitə rolunu oynayır. M.T.Zehtabi bir əfsanəyə istinad verməklə öz bədii məqsədini də bəlirləmiş olur: Hər gün sinəsi xəncərlə didilən mənəm, mən! - deyərək özünün timsalında təqib və zindanlardan qurtularaq yurdundan perik düşüb yad ölkələrdə siyasi sığınacaq tapmış minlərlə soydaşının möhnətdə keçən ömrünü, hər gün yurd həsrətinin yanğısından ölüb-dirilən mücahidləri və qara qüvvələrin məhv etmək istədikləri Vətəni-Azərbaycanı nəzərdə tutur.

Esmira Fuad
Filologiya üzrə elmlər doktoru