Doktor Cavad Heyət vəfat etdi Güney Azərbaycan

Doktor Cavad Heyət vəfat etdi

O, ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən böyük insan idi

Azərbaycan türklərinin böyük oğlu, görkəmli kardioloq, böyük ictimai-siyasi xadim, Güney Azərbaycan milli hərəkatının görkəmli siması Cavad Heyət vəfat edib.
Cavad Heyəti avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.
Cavad Heyət ötən ayın əvvəlindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini yaxşılaşdıra bilməyiblər.
O, təkcə güneyli - quzeyli Azərbaycanın deyil, həm də bütün türk dünyasının sayılıb-seçilən alimlərindən biri kimi tanınıb.
Doktor Cavad Heyət - Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, İstanbul Universitetinin fəxri türkoloji doktoru, həmin universitetin İstanbul Tibb fakültəsinin tibb elmləri doktoru və Türk dili qurumunun fəxri üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru, dünya şöhrətli cərrah, alim, qüdrətli nasir idi. Tibb sahəsindəki elmi yazıları ilə yanaşı, o, dünyada azərbaycan türkcəsi, ədəbiyyatı, tarixi ilə bağlı yüksək səviyyəli əsərlərin müəllifi kimi də tanınıb.
Doktor Cavad Heyət artıq 30 ilə yaxın idi ki, ədəbi-mədəni "Varlıq" dərgisini İranda türk dilində çap etdirirdi.
Professor Cavad Heyət 1925-ci il mayın 24-də Təbriz şəhərində dünyaya göz açmışdır. Onun atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından biri, Azərbaycanın məhşur maarifpərvəri, "İttihadi-islam" cəmiyyətinin qurucusu idi. Əbəs yerə deyil ki, doktor Cavad Heyət ömrünün sonunadək atasını özünün ustadı hesab edib.
Doktor Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Fransada Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıtmış və orada öz xüsusi kilinikasını açmışdır.
Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professoru idi. Əlli ildən çox cərrahlıqla məşğul olub. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışırdı. Məhz doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə "Birinci Dərəcəli Əmək Ordeni" ilə təltif olunmuşdur. Doktor Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olub.
1983-cü ildə isə cərrahiyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyə kafedrasına rəhbərlik etmişdir. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Bunlar "Tromboflebit və müalicəsi" monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s. Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir.
O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.
Cavad Heyət çoxşaxəli fəaliyyətə malik bir şəxsiyyətdir. O, dünya təbabətinə xidməti ilə yanaşı, Güney azəri türklüyünə və ümumtürk dünyasına tarixi xidmətlər göstərib. 1979-cu il İran İslam İnqilabından sonra Güney türklərinin ilk mətbu orqanı kimi məşhur "Varlıq" dərgisini nəşr etdirməyə başlayıb. Professor Cavad Heyət 26 ildən artıq türk və fars dillərində dərc olunan ədəbi-mədəni dərgi "Varlıq"ın baş redaktoru olub. Qeyd etmək lazımdır ki, "Varlıq" dərgisi Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. Bu dərgi azərbaycanlılara ədəbi dilini, dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatmızı, onun müasir vəziyyətini, tariximizi öyrədir.
Lakin "Varlıq" jurnalının dərc olunması onun mədəni-maarifçi xidmətlərinin yalnız bir hissəsini təşkil edir. Belə ki, doktor Cavad Heyət həm də ədəbiyyatımızın böyük tədqiqatçısı, ümumtürk ədəbiyyat tarixinin araşdırıcısı, Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan biri idi. Filologiya və türkologiya elminə "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kimi dəyərli kitablar bəxş edib.
Doktor Cavad Heyət eyni zamanda, bütün dünya türklərinin tarixi, dilləri və qədim ədəbiyyatına da nəzər yetirmiş, bir çox məqalələr çap edib, kitablar yazmışdır. Doktor Cavad Heyət 6 - dan çox monoqrafiyanın və 100 - dən artıq elmi əsərlərin müəllifi idi. O, azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi.
Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı Türkiyə Cümhuriyyətində, ürəyi və canıyla bağlı olduğu Azərbaycan Respublikasında deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin elm və mədəniyyət mərkəzlərində də tanınmış və xalqımızın fəxr etdiyi nadir şəxsiyyətlərdən biri idi.
Böyük xidmətlərinə görə Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin "M.F.Axundov adına mükafat"ına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüşdür. Həmin mükafatlardan aldığı pulları isə qaçqınlara paylamışdır.
Xalq şairi Sabir Rüstəmxanlının dediyi kimi xalqımız ömrünü millətinin varlığının, dilinin, kimliyinin qorunmasına həsr edən daha bir ziyalısını, aydınını itirdi: "Adı çəkiləndə Güney Azərbaycan, orda azadlığı uğrunda çalışan minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü hər birimizi sarsıdır. Canında, qanında daşıdığı azadlıq, milli düşüncə bütün şüurlu həyatını əhatə edirdi Cavad Heyətin. Hər zaman öz ziyalı mövqeyini ortaya qoyurdu və bu münasibətlər hər zaman vaxtında, məqamında olması, gərəkliliyi, barışdırıcılığı ilə seçilirdi. Həm də dostlarına, xüsusilə səhhəti ilə qayğılanan arxadaşlarına son mənzilinin Bakıda olması arzusunu dilə gətirirdi. Böyük azərbaycanlının müstəqil Azərbaycanın başkəndində dəfn olunması onun halal haqqıdır. Cavad Heyətin yeri hər zaman görünəcək və o, hər bir azərbaycanlının ürəyində, oxucularının qəlbində yaşayacaq".