İranda seçkilər: "Xalq bilir ki, bu, diktatura rejimini qorumaq üçün qurulan bir oyundur”-Məhsa Mehdili Güney Azərbaycan

İranda seçkilər: "Xalq bilir ki, bu, diktatura rejimini qorumaq üçün qurulan bir oyundur”-Məhsa Mehdili

İyunun 18-də İranda prezident seçkiləri keçiriləcək. Həmin gün ölkə əhalisi Şəhər şuralarına nümayəndələr seçəcək. Siyasi şərhçi Məhsa Mehdili “Amerikanın səsi”nə müsahibədə İranda gedən seçki prosesini şərh edib.

Siyasi şərhçi bildirib ki, artıq İran cəmiyyəti seçkilərin nəyisə dəyişəcəyinə ümid etmir.

“Bu günə qədər İranda yaşayan millətlər az da olsa bir şeylərin dəyişməsi ümidilə seçkiyə gedirdi. Amma artıq ölkə əhalisinin əksəriyyəti bu qənaətə gəlib ki, seçkilər bu diktatura rejiminin qorumaq məqsədilə keçirilən bir oyundur”-deyə, Məhsa Mehdili bildirib.

Sabiq prezident Məhəmməd Xatəmidən üzü bəri işləyən prezidentlərin demokratiya və insan hüquqları ilə bağlı verdiyi vədlərə diqqət çəkən Məhsa Mehdili bildirib ki, hər seçkidə İran cəmiyyəti sanki bir tamaşa izləyir:

“Biz həmişə bir tamaşa izləmişik. Öncə yazdıqlarımız dediklərimiz sonra təsdiq olunur. Seçki dövründə bir rəqabət mühiti yaradırdılar. İnsanlara təsir edən seçki şüarları irəli sürən namizədlər ortaya çıxarırlar. Bunu Məhəmməd Xatəmi dönəmində də gördük, Mahmud Əhmədinejad və Həsən Ruhani dönəmində də.

Namizədlərin seçki platformasında demokratiya və insan haqları ilə bağlı çeşidli vədlər olur. İranda yaşayan hər millətin nəbzinə görə vədlər verirdilər”.

Məhsa Mehdili bildirib ki, hazırkı prezident Həsən Ruhani Güney Azərbaycanda təşkil etdiyi ötən dəfə keçirilən seçki kampaniyasında türk dilində təhsilə icazə veriləcəyini, Türk Dil Qurumunun yaradılcağına dair vədlər vermişdi.

“Ancaq o, keçən aprel ayında ana dilində təhsil tələbini “bədxahların fitnəsi” kimi dəyərləndirdi”-deyə, siyasi şərhçi bildirib.

Məhsa Mehdili deyib ki, namizədlər ictimai rəyə uyğun danışır, vədlər verirlər: “Bunların əlbəttə ki, ictimai rəyi yoxlamaq üçün vasitələri var. Sorğu keçirirlər, tədqiqat aparırlar.

Misal üçün, bunlar bilirdi ki, Azərbaycanda ana dili məsələsi və Urmiyə gölünün qurudulması ilə bağlı bir narahatlıq var. Həsən Ruhani də gəldi, Azərbaycanda irəli sürdüyü vədlərini tam da o məsələlərin üzərində qurdu. Vədlər verdi və cəmiyyətdə bir həyəcan yaratdı”.

Siyasi şərhçi İran toplumunun artıq keçmişdə baş verənlərdən “dərs çıxardığını” bildirib:

“Artıq xalq da anlayır ki, bunların necə deyərlər “eyləmi ilə söyləmi”, yəni sözü ilə əməli bir-birini tutmur. Məsələn, biz ən çox məhbusu Həsən Ruhani dönəmində gördük.

Edamların sayı azalmadı. Qadın hüquqları ilə bağlı vəziyyət dəyişmədi. Tək Ruhani deyil, fərqli rənglərə boyansa da hamısı birdir".

Prezident seçkiləri və İslami Şəhər və Kənd şuraları seçkilərinin eyni gündə keçirildiyinə diqqət çəkən Məhsa Mehdili deyib ki, bu rejimin taktiki gedişidir: “Toplum prezident vəzifəsinin ciddi olmadığını və prezidentin rəhbərin əmr qulu olduğunu görür. Şuralarda isə durum fərqlidir. İranda siyasi mühit qapalıdır.

Siyasi partiyalar yoxdur. Amma şəhər şurası seçimlərində fərqli mühit yaranır. Şəhər Şurasının önəmli səlahiyyəti olmasa da, kiçik bölgələrdə, kəndlərdə, tayfalar və ya şəhərin tanınan şəxsləri arasında bir rəqabət, bir seçki həyəcanı yaranır. İnsanlar bunun təsirində seçkiyə gedirlər”. (Amerikanınsəsi)

Gunaz.tv