İsveçrədə də hicabın üstünə düşüblər Dünya

İsveçrədə də hicabın üstünə düşüblər

Ölkədə vəziyyət ürəkaçan deyil

"The İndependent" yazır ki, İsveçrə parlamentində müsəlman qadınıların geyindiyi tam hicab və ya burqanı qadağan edəcək qanun layihəsi bircə səs çoxluğu ilə qəbul edilib. Məqalədə deyilir ki, sağ təmayüllü İsveçrə Xalq Partiyası tərəfindən təklif edilmiş qanun layihəsinin leyhinə 88, əleyhinə 87 millət vəkili səs verib. 10 nəfərin bitərəf qaldığı xəbər verilir. Bununla belə qanun layihəsinin asanlıqla qanuna çevriləcəyi gözlənilmir. Bundan əvvəl müsəlman qadınların üzünü örtən niqab və ya rübəndin qadağasına dair layihə dövlət komissiyası tərəfindən rədd edilmişdi.
Xalq Partiyasından bu təşəbbüsün kampaniyasını aparan Valter Vobmann iddia edir ki, qanun "asayişin qorunmasına və qadın ləyaqətinə ehtiram göstərilməsinə xidmət edəcək". Özünün antimühacirət mövqeyi ilə tanınan siyasətçi bundan əvvəl, qadınların pasport üçün baş örtüyündə şəkil çəkdirmələrinin qeyri-məqbul olduğunu bildirmiş, "İsveçrənin bundan sonra islamlaşmasına yol verməyəcəyini" demişdi. Millət vəkili 2009-cu ildə minarə tikintilərinə qarşı çıxmışdı.
"Rübənd qadağasına "hə" deyək" kampaniyasına başçılıq edən cənab Vobmann inanır ki, müsəlman örtükləri isveçrə dəyərlərini pozur. Onun fikrincə, burqa qadağanı kriminalların və başqa pozucu elementlərin gizlənməsinin də qarışısını alardı. "Örtüklər azad cəmiyyətə inteqrasiya üzərinə hücum kimi qiymətləndirilməlidir", - deyib siyasətçi: "İctimai yerlərdə dini motivli örtünmənin qadağası tamamilə məqsəduyğundur və din və ya ifadə azadlığını pozmur. Bu diskriminasiya kimi qiymətləndirilməməlidir".
Qanun layihəsinə görə ictimai yerlərdə adamların simalarını gizlətməsinə qadağa İsveçrə Konstitusiyasına əlavə edilməlidir. Layihədə üzün və bədənin örtülməsinə yalnız dini ocaqlarda icazə verilməsi nəzərdə tutulur. "The İndependent" yazır ki, İsveçrədə qanun layihələrinin qəbulu üçün onları Kantonlar Şurasının qəbul etməsi şərtdir. Bunun üçünsə kampaniyaçılar 100 mindən çox dəstək səsi toplamalıdırlar.
Bundan sonra qadağan məsələsini ümumxalq səsverməsi və ya referendumla həll edilə bilər.Hətta referendumun müsbət cavabı da parlamentdə səs qoyulmalıdır.
"The İndependent" yazır ki, məsələn İsveçrəinin Tiçino kantonunda burqa qadağanının icrasına, qanun qəbul ediləndən üç il sonra başlanıb. Məqalədə deyilir ki, İsveçərinin 8, 3 milyonluq əhalisinin yalnız 350 mini müsəlman olsa da, İslam dininə aid məsələlər son illərdə xüsusi həssaslıq kəsb edib. Bundan başqa qadın müəllimlərlə əllə görüşməkdən imtina edən iki məktəbli oğlanın 6 min dollar məbləğində cərimə olunması barədə hökm çıxarılıb. Üzgüçülük dərslərinə gəlməyən iki yeniyetmə qıza isə vətəndaşlıq verilməsindən imtina olunub.
"The İndependent" yazır ki, indiyədək Fransa və Belçikada üzü və vücudu tam örtən hicab qadağan edilib. Almaniya və Hollandiyada da buna bənzər qadağanlar tətbiq edilə bilər. Bu məsələlər İtaliya, İspaniya və Rusiyanın bir sılra yerlərində müzakirə olunur. Britaniyada keçirilmiş rəy sorğusu ictimaiyyətin müsəlman örtüyünün qadağanına müsbət yanaşdığını göstərib.