Trampa uğursuz sui-qəsd onun qələbə qazanma ehtimalını artırıb Dünya

Trampa uğursuz sui-qəsd onun qələbə qazanma ehtimalını artırıb

Bir müddət öncə Yaponiya Baş naziri Şinzo Abenin sui-qəsdlə öldürülməsi, Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilməsi, amma sağ qalmasından sonra Amerika prezidentliyinə namizəd keçmiş prezident Donald Trampa qarşı da sui-qəsd edilməsi onu göstərdi ki, heç kim təhlükəsiz durumda deyil. Dünyanın ən mühafizə edilən insanlarına qarşı bu kimi hallar yaşanırsa, deməli, sadə insanların heç bir təhlükəsizlik qarantiyası yoxdur. Təbii ki, bu kimi insanların hər zaman hədəf halında olması təhlükəsi sadə insandan çoxdur. Amma dünya stabil olmayınca heç kimin təhlükəsizlik qarantiyası ola bilməz. Buna cavabdeh olan insanların özlərinin hədəf halında olması da onu göstərir ki, dünyanı idarə edən əslində gözlə görünənlər deyil, heç kimin görə bilmədiyi gizli və qaranlıq güclərdir.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov D.Trampın Pensilvaniya ştatında prezident seçkisi marafonunda növbəti seçki kampaniyasını apararkən 20 yaşlı bir oğlan tərəfindən snayperlə vurulmaqla sui-qəsdə məruz qalmasına münasibətində deyib.
Xatırladaq ki, ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub. Məlumat verilir ki, onun adı Metyu Kruksdur. Bildirilir ki, 20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır. Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb. ABŞ-nin Federal Təhlükəsizlik Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu "sui-qəsd cəhdi" kimi təsnifatlandırıb. Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədirlər. Onun niyyəti hələlik müəyyənləşdirilməyib. Bildirilir ki, Trampı güllələyən sui-qəsdçi hadisədən əvvəl video paylaşıb. O, sabiq prezidentə nifrət etdiyini deyib. "Mənim adım Tomas Metyu Kruksdur. Respublikaçılara və Trampa nifrət edirəm. Yanlış yoldasınız", - deyə o bildirib.
Atəş nəticəsində Trampın mitinqinə gələnlərdən iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib ki, sonradan həmin şəxs həlak olub. Trampın özü isə qulağından yüngül yara alıb.Trampa hücumu həyata keçirən şəxsin də öldürüldüyünü bildirilib. Onun mitinqin keçirildiyi ərazinin yaxınlığında yerləşən binada olduğu vurğulanıb.
Trampa sui-qəsd cəhdindən sonra ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib. O, ABŞ-da siyasi xarakterli ölümlərə yer olmadığını və hər kəsin bu aktı qınamalı olduğunu deyib. ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı mitinq zamanı atəş açan şübhəli şəxsin avtomobilində partlayıcı qurğu aşkarlayıblar. Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, avtomobil Trampın keçirdiyi mitinqin yaxınlığında saxlanılıb.Bundan başqa istifadə edilən silah rəsmi formada şübhəli bilinən şəxsin atası tərəfindən alınıb.
Onun fikrincə, bəzi respublikaçı konqresmenlər hesab edirlər ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa uğursuz sui-qəsd onun 2024-cü il prezident seçkisində qələbə qazanma ehtimalını ciddi şəkildə artırıb.
Qeyd olunub ki, digər respublikaçılar o qədər də birmənalı nəticəyə gəlmirlər, lakin qeyd edirlər ki, bu hadisə Trampa seçki kampaniyasında dəstəyi gücləndirəcək: “ABŞ-ın keçmiş prezidenti, qarşıdakı prezident seçkilərinin respublikaçı namizədi olan şəxsinə sui-qəsd cəhdi sıradan hadisə deyil. Buna görə də hadisə ilə bağlı fərqli mülahizələr ortaya atılır.
Mülahizələrə keçmədən onu demək olar ki, burda heç bir oyundan, Trampın reytinqinin artırılması üçün yalandan bu sui-qəsdin törədilməsi versiyası mümkün deyil. Əvvəla Trampın reytinqinin onsuz da Co Baydendən çox olduğu deyilir, eyni zamanda, güllənin təsadüf nəticəsində qulağa dəyməsi də onu göstərir ki, güllə başa dayilməsi üçün atılıb. Əvvəla yalandan reytinq xatirinə atılan gülləni heç kim risk edib baş nahiyyəsinə atmazdı. Ən azı bunun üçün bədənin az həyatı əhəmiyyət kəsb edən nahiyələrinə satılardı. Təbii ki, bundan Trampın xəbəri olsa idi razı olmazdı. Xəbəri olması idi belə bunu təşkil edənlər belə riskə getməzdilər. Görünən odur ki, bundan Trampın komandasının xəbəri olmayıb. Atılan güllə birbaşa öldürmək məqsədi ilə atılıb. Sadəcə hədəfdən bir neçə santimetr yayınıb.
Qatilin də yaxşı atıcı olmadığı deyilir. Onun snayper dərsləri aldığı, amma yaxşı atıcı olmadığı üçün kursu yarımçıq qoyduğu da deyilir. Hesab edirəm ki, sui-qəsdə cəhdin məqsədi də elə bu fakt olub. Onun yaxşı atıcı olmadığını dostları, ya da həmyaşıdları tərəfindən deyilir. Böyük ehtimalla 20 yaşlı gənc onlara nəyisə sübut etmək üçün bu sui-qəsdə cəhd edib ki, böyük səs-küy gətirməklə tay-tuşlarına nəsə sübut etsin.
Professional şəkildə bu işi təşkil edənlər olsa idi, 20 yaşlı birinə bu işi etibar etməzdilər. Daha professional biri ilə iş görərdilər. İstər öldürmək, istərsə də mesaj vermək xarakterli atışı ancaq professional biri həyata keçirə bilərdi”.
A.Qasımov deyib ki, taleyin ironiyasından bəxt Trampın üzünə gülüb. Sui-qəsd uğursuz olub. Amerika tarixində sui-qəsdlə öldürülən beşinci prezident olmaq Trampa qismət olmayıb.
Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerika Birləşmiş Ştatlarıdır: “Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. Hadisə 1835-ci il yanvarın 30-da Kapitoli binasının yaxınlığında baş verib. Naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal yaxalanıb. O, ifadəsi zamanı prezidenti məhz işsiz qaldığı üçün öldürmək istədiyini bildirib.
1865-ci aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib.
Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolna olan sui-qəsdin sirri ancaq 1961-ci ildə açılıb.
Ceyms Abram Qarfild 1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-nin 20-ci prezidenti seçilmişdi. Vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib. Güllə yarasının qan zəhərlənməsinə səbəb olması nəticəsində Qarfild həyatını itirib.
1933-ci ilin fevral ayının 15-də vəzifəyə başlamasına 1 ay qalmış Cüzeppe Zanqara adlı anarxist Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək istəyib. Zanqaranın boyu çox qısa olduğundan açdığı atəş hədəfə dəyməyib. Amma atəş nəticəsində Çikaqonun meri Entoni Çermak ölümcül yaralanıb.
ABŞ-nin 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Bütün hadisəni Abraham Zapruder adlı Dallas sakini kameraya çəkmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.
13 Aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilir.
Oğul Corc Buş Amerika prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi.
Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub.
2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 ağdərili irqçi həbs olundu. Onlar Demokratların sonradan prezident seçilən namizədi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılmışdılar.
2009-cu il iyunu 10-da isə 88 yaşlı Ceyms Von Bruni adlı cinayətkar Vaşinqtondakı Soyqırım Anma Muzeyində təhlükəsizlik işçisini silahla öldürmüşdü. Tutulduqdan sonra ifadəsində Obamanı ABŞ-ın problemlərində ittiham edən Bruni məhkəmə prosesi tamamlanmadan həbsxanada ölüb”.
Təbii olaraq baş verən hadisə bir çox konspiroloji nəzəriyyələr doğurur. Hətta bunun İrandan təşkil edildiyi barədə də xəbərlər yayılır. ABŞ kəşfiyyat idarələri İranın Trampa qarşı belə bir sui-qəsd planları edəcəyi ilə əlaqəli kəşfiyyat xəbərlərinin olduğu bildirilir. Amma İran bunu qəti şəkildə rədd edir. İlk baxışda bu hadisədə ciddi təhlükəsizlik boşluqlarının olduğu görünür. Qatilin rahat şəkildə tikilinin damına çıxması, ordan atəş etməsi, bunu təhlükəsizlik xidmətinin görməməsi, ancaq atəşdən dərhal sonra qatiıin snayperlə öldürülməsi də bəzi suallar doğurur. Hesab etmək olar ki, bu sui-qəsdən xəbəri olan dairələr olub. Kimin bunu hazırlamasından asılı olmayaraq sui-qəsdin edilməsini gözləyib, sonra sui-qəsdçini məhv etmək istəyən qüvvələr də ola bilər. Amma bunların isbat edilməsi mümkün olsa da, bunda maraqlı olanların olması şübhə doğurur: “İstintaqın davam etdiyi deyilir. Əslində bu versiya ABŞ mediasında da qeyd edilir. "Məxfi Xidmətin snayperi atəş açanı görüb, amma yavaş reaksiya verib, o, yalnız Trampa atəş açandan sonra hərəkətə keçib. Ona görə də iddia oluna bilər ki, Məxfi Xidmət Trampın öldürülməsi cəhdində iştirak edə bilər. Lakin bunu sübut edən faktlarının olmadığı deyilir.
ABŞ Prezidenti Co Bayden respublikaçı rəqibi Donald Trampa sui-qəsd cəhdini pisləyərək xalqı birləşməyə çağırıb. Ağ Evdən verdiyi açıqlamada C.Bayden həmçinin qeyd edib ki, o, Pensilvaniyada baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılmasına göstəriş verib.
“ABŞ-də bu cür zorakılıq üçün yer yoxdur. Həyata qəsd millət olaraq müdafiə etdiyimiz hər bir şeyə ziddir. Biz kim olduğumuzu nümayiş etdirmək üçün bir araya gəlməliyik”, – deyə Bayden bildirib. O, əlavə edib ki, şənbə günü baş verən hadisədən sonra Trampla qısa, lakin yaxşı söhbət edib. Ağ Evin rəhbəri əlavə edib ki, hücumun motivi hələlik məlum deyil və tələsik nəticə çıxarmamağa çağırıb. Bayden vurğulayıb ki, o, Trampın davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resurslar, imkanlar və qoruyucu tədbirləri təmin etmək üçün Məxfi Xidmətə müraciət edib.
Bu arada, ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş lideri Donald Trampın atəşə tutulmasından sonra iyulun 15-nə planlaşdırılan Texas səfərini təxirə salıb.
Baydenin də vaxtında hadisələrə münasibət bildirməsi və verdiyi bəyanat onun reytinqinə təsirsiz ötüşməyib. Trampın vurulduqdan sonra artan reytinqini Baydenin verdiyi mesajlar neytrallaşdıra bilər. Məsələn, Tramp bu hadisə ilə çılğın görüntüsü yaradıbsa, Bayden çıxışı ilə vəziyyətə sahib olan, təmkinli, vəziyyəti idarə edən dövlət başçısı görüntüsü yaradıb, eyni zamanda, Trampa zəng etməklə Amerika demokratiyasının mövcudluğunu hər kəsə çatdıra bilib”.

Cavid