

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı 17 nəfərin saxlanıldığını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə X-də məlumat verib.
“Baş vermiş yanğınlarla bağlı prokurorluq orqanları tərəfindən aparılan çoxistiqamətli və hərtərəfli istintaq çərçivəsində indiyədək 17 şübhəli saxlanılıb,” – deyə nazir qeyd edib. O, söhbətin 26–28 iyun tarixlərində respublikanın bir neçə vilayətində başlayan yanğınlardan getdiyini əlavə edib.
Tunç həmçinin bildirib ki, ehtiyat tədbiri olaraq Biləcik vilayətindəki cəzaçəkmə müəssisəsindən məhkumların təxliyəsi həyata keçirilib.
Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə son iki gün ərzində ölkədə ümumilikdə 150 meşə yanğınının qeydə alındığını, yalnız 28 iyun şənbə günü isə 83 yanğın baş verdiyini bildirib. Yanğınların əsasən Türkiyənin qərb və şimal-qərb bölgələrində yerləşən meşə və kənd təsərrüfatı ərazilərində baş verdiyi qeyd olunub.
Nazirin sözlərinə görə, yanğınların böyük əksəriyyəti dərhal söndürülüb, yalnız dörd rayonda söndürmə işləri gecəyə qədər davam edib. Hazırda bütün yanğınlar ya tamamilə söndürülüb, ya da nəzarət altındadır.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə bir oteldə baş vermiş yanğın işi üzrə təqsirləndirilən şəxslərə ümumilikdə 1998 il həbs cəzası tələb olunmuşdu.
Məryəm Quliyeva