Dünyanın ən böyük Mars qayası hərraca çıxarılıb Dünya

Dünyanın ən böyük Mars qayası hərraca çıxarılıb

2023-cü ilin noyabrında Nigerin Agadez bölgəsində tapılan və Marsdan gələn ən böyük meteorit hesab olunan NWA 16788, 16 iyulda Nyu-Yorkda Sotheby’s hərrac evində satışa çıxarılacaq.

Xalqcebhesi.az xəbər verir ki, 24,5 kiloqramlıq bu göydaşı, indiyədək Yer üzərində tapılmış ən böyük Mars mənşəli meteorit kimi qeydə alınıb. Mütəxəssislər, bu nadir parça üçün 4 milyon dollara qədər təklif gələ biləcəyini bildirirlər.

Sotheby’s açıqlamasında qeyd edir ki, NWA 16788, növbəti ən böyük Mars meteoritindən təxminən 70% daha böyükdür. Qeyd edək ki, Marsdan Yerə düşə bilmiş meteoritlərin sayı cəmi 400-ə yaxındır.

Ulduzlararası səfərin izləri

Alimlər hesab edir ki, bu daş Mars səthindən asteroid toqquşması nəticəsində kosmosa atılıb. Yüksək təzyiq və temperatur səbəbilə bəzi hissələri şüşəyə çevrilib. Yer atmosferinə daxil olarkən əmələ gələn şüşəvari xarici təbəqə, daşın keçdiyi ulduzlararası yolun izlərini bu gün də saxlayır.

Sotheby’s-in elmi və təbiət tarixi şöbəsinin sədr müavini Kassandra Hatton bu tapıntını belə təsvir edib:

“Bu daş nəsillər boyu bir dəfə rast gəlinə biləcək bir nümunədir. Qırmızımtıl rəngi, ölçüsü və zamanın ona verdiyi forma ilə bu daş, Marsla qurulan nadir və birbaşa fiziki əlaqənin sübutudur.”

Məryəm Quliyeva