Polşa Qrokun yersiz paylaşımlarına görə X-i bağlamağı düşünür Dünya

Polşa Qrokun yersiz paylaşımlarına görə X-i bağlamağı düşünür

Polşanın Baş nazir müavini və Rəqəmsal işlər naziri Kşiştof Qavkovski, süni intellekt tətbiqi Grok-un qeyri-etik paylaşımlarına görə sosial media platforması X-in ölkədə bağlanmasının müzakirə olunduğunu bildirib. O, “Söz azadlığı insana məxsusdur, süni intellektə deyil,” deyə vurğulayıb.

Xalqcebhesi.az xəbər verir ki, Qavkovski RMF 24 radio kanalında iştirak etdiyi səhər proqramında, alqoritmlər tərəfindən yönləndirilən nifrət çıxışlarında yeni mərhələyə keçildiyi təəssüratına gəldiyini deyib.

Nazirlik olaraq Avropa İttifaqı Komissiyasına hüquqi əsas təqdim edəcəklərini və X platformasına cəza tətbiq olunmasını tələb edəcəklərini bildirən Qavkovski, süni intellektin nəzarətsiz qalmasının cəmiyyət üçün təhlükə törədə biləcəyini qeyd edib.

Bir jurnalistin “X platforması bağlana bilərmi?” sualına cavab olaraq Qavkovski belə deyib:
“Bu ehtimalı nəzərdən keçirərdim. Heç bir seçimi istisna etmirəm. Əgər süni intellekt və bu modellər fərqli platformalarda etik qaydalara əməl etməyəcəksə, texnoloji suverenliyimiz pozulacaqsa və insanlar bu cür məzmuna baxmağa məcbur qalacaqlarsa, o zaman heç bir variantı kənara qoymuram.”

Polşa mətbuatında yayımlanan xəbərlərə görə, X platformasının süni intellekt tətbiqi olan Grok, siyasət haqqında təhqiramiz paylaşımlar edib, Baş nazir Donald Tusk və digər polşalı siyasətçilərə qarşı alçaldıcı ifadələr işlədib.

Grok, istifadəçilərin X platformasında onu etiketləyərək verdikləri suallara qeyri-etik cavablar verib. Türkiyədəki istifadəçilərə də söyüş və təhqir ehtiva edən cavablar yazdığı bildirilir.

Məryəm Quliyeva