

Alimlər kainatın uzaq bir guşəsində baş verən iki nəhəng qara dəliyin güclü toqquşması nəticəsində yaranan məkan-zaman dalğalarını qeydə alıblar. Bu hadisə, indiyədək cazibə dalğaları ilə müşahidə olunan ən böyük qara dəlik birləşməsi kimi tarixə keçib.
Xalqcebhesi.az xəbər verir ki, hər biri Günəşin kütləsindən 100 dəfə daha böyük olan iki qara dəlik, milyardlarla il əvvəl bir-birinin orbitinə daxil olaraq dövr etməyə başlayıb və nəhayət toqquşaraq Günəşin təxminən 265 qatı kütləyə sahib yeni bir qara dəlik formalaşdırıb. Bu toqquşma Yerdən təxminən 10 milyard işıq ili uzaqlıqda baş verib.
Ən güclü, amma ən zəif siqnal müşahidə edilib
Cazibə dalğaları 23 noyabr 2023-cü il tarixində, saat 15:00 radələrində ABŞ-ın Vaşinqton və Luiziana ştatlarında yerləşən Lazer İnterferometri Cazibə Dalğası Rəsədxanası (LIGO) stansiyalarında eyni anda qeydə alınıb.
Siqnal cəmi bir saniyənin mində bir hissəsi qədər davam edib və birləşmiş qara dəliklərin "çınlama" (sönmə) mərhələsi zamanı müşahidə olunub.
Cardiff Universitetinin Cazibə Tədqiqatları İnstitutunun rəhbəri professor Mark Hannam deyib:
“Bunlar kainatda müşahidə edə biləcəyimiz ən güclü hadisələrdir, lakin Yerə çatdıqları zaman ölçə bildiyimiz ən zəif siqnallara çevrilirlər.”
Məryəm Quliyeva