14:20
560
Yunanıstan Hərbi Hava Qüvvələrinin “X” hesabında Türkiyənin qəzaya uğrayan təyyarəsi barədə paylaşım edənlər məsuliyyətə cəlb olunmalıdır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
O bildirib ki, C-130 yük təyyarəsi ilə bağlı paylaşım şəhidlərin ruhuna hörmətsizlikdir.
Ömər Çelik Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarəsinin fotosunu paylaşmasını pislədiklərini bildirib.
AKP sözçüsü Yunanıstan tərəfinin sonradan paylaşımı silməsini düzgün addım kimi dəyərləndirib və əlavə edib ki, zəlzələlər və fəlakətlər zamanı ölkələr bir-birinin köməyinə gəlir və ağrıları bölüşürlər.
O, Türkiyə tərəfindən bu paylaşımın səbəblərinin araşdırılmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb etdiklərini qeyd edib: “Həmin iyrənc mesajı yayanlara qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların verilməsini gözləyirik”.
Xatırladaq ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 yük təyyarəsinin fotosu “günün fotosu” adı altında paylaşılıb. Türkiyənin etirazından sonra paylaşım silinib. Daha sonra Yunanıstan Hərbi Hava Qüvvələri “X” hesabında general Dimosthenis Grigoriadisin imzası ilə başsağlığı mesajı yayımlayıb. Mesajda Türkiyə Hərbi Hava Qüvvələrinə və şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.