11:24
686
İran hələ də Vaşinqtondan danışıq təklifləri alır.
APA xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Əli Şamxani "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibədən yayınmaq imkanı mövcuddur.
“İslam Respublikası nüvə dosyesi üzrə yalnız ABŞ-la danışıqlara hazırdır, çünki Avropa danışıqlarda özünün etibarsız tərəf olduğunu sübut edib”, - Şamxani deyib.
Xameneinin müşaviri fevralın 6-da İstanbulda İran və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək görüş məsələsinə də toxunub.
Şamxani qeyd edib ki, “danışıqlar masasına ədalətli şəkildə əyləşib məntiqsiz, əsassız şərt və göstərişlərdən imtina edilsə, ABŞ-la birbaşa və dolayı görüşlərin keçirilməsi ehtimalı mövcuddur”.
Şamxani İranın nüvə ehtiyatlarının taleyi haqda da danışıb. O, hava zərbələrindən sonra onların taleyinin qeyri-müəyyən olduğunu vurğulayıb: “Zənginləşdirilmiş uran ehtiyatlarının həcmi hələ də məlum deyil, çünki ehtiyatlar dağıntılar altında qalıb. Yüksək təhlükə ilə əlaqəli olduğuna görə onların çıxarılması istiqamətində hələlik heç bir təşəbbüs göstərilmir. Bu baxımdan təhlükəsizliyin təmin olunması və hər hansı riskin qarşısının alınması şərti ilə ehtiyatlara çıxışın mümkünlüyü və miqdarının qiymətləndirilməsi məsələləri üzrə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqlar aparılır”.