10:04
1 288
ABŞ Prezidenti Donald Tramp həyata keçirilən hava zərbələrindən sonra İranın nüvə proqramını yenidən bərpa etməyə cəhd göstərdiyini iddia edib.
Xalqcebhesi.az xəbər verir ki, Donald Tramp bu barədə İranla cümə günü Omanın paytaxtı Maskatda keçirilməsi gözlənilən danışıqlar ərəfəsində "NBC News"a müsahibəsində danışıb.
Tramp bildirib ki, İran ABŞ ordusunun zərbə endirdiyi nüvə obyektlərinə geri qayıda bilmir, lakin ölkənin başqa bir bölgəsində yeni nüvə obyekti yaratmağı düşünür. “Bunu öyrəndik və dedim ki, ‘Əgər bunu etsəniz, çox ağır nəticələri olacaq’,” – deyə Tramp vurğulayıb.
ABŞ və onun müttəfiqi İsrail İranı nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir. İran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla, dinc məqsədlərə xidmət etdiyini bildirir.
AA müxbirinə açıqlama verən Ağ Ev rəsmisi İranla danışıqların 6 fevral, cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə mövzu ilə bağlı açıqlamasında İranla aparılacaq danışıqlarda bəzi məsələlərin mütləq müzakirə olunmalı olduğunu deyərək qeyd edib:
“Danışıqların həqiqətən mənalı nəticə verməsi üçün müəyyən mövzular gündəmdə olmalıdır. Bunlara ballistik raketlərin uçuş məsafəsi, regiondakı terror təşkilatlarına verilən dəstək, nüvə proqramı və öz xalqına münasibət daxildir.”
Məryəm Quliyeva